Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 05:06

Leon Aron: 'Tramp Avropanı oyatdı, amma...'


Leon Aron
Leon Aron

ABŞ administrasiyaları uzun illərdir Avropadakı müttəfiqlərini birgə müdafiə ilə bağlı yükün ədalətli şəkildə bölüşdürülməsinə çağırıb. ABŞ prezidenti Donald Tramp isə NATO-ya daha sərt, maliyyəyönümlü yanaşma sərgiləyərək ABŞ-nin varlı Avropa ölkələrinin müdafiəsini niyə maliyyələşdirməli olduğunu açıq şəkildə sorğulayıb.

Rusəsilli amerikalı alim Leon Aron hesab edir ki, bu sərt ritorika Avropanı onilliklər boyu milli təhlükəsizlik yuxusundan oyadıb. NATO-da ABŞ-dən sonra ikinci ən böyük iqtisadiyyata sahib olan Almaniya martda müdafiə xərclərini artırmaq üçün milyardlarla vəsaitin istiqamətləndirilməsinə imkan verən islahatlar qəbul edib.

"Tramp Avropanı oyatdı — istər bunu məqsədli etmiş olsun, istərsə də yox", – L.Aron AzadlıqRadiosuna bildirib. "Avropalıların bu xoşuna gəlmir, amma məncə, nəticə əslində müsbət oldu".

Vaşinqtonda yerləşən "American Enterprise Institute"un baş elmi işçisi olan Aronla bu müsahibə AzadlıqRadiosunun "Amerikanın xarici siyasətində dəyişikliklər" adlı silsilə layihəsi çərçivəsində aparılıb.

Aron bildirib ki, təkcə Tramp Avropanı müdafiə sahəsində xərcləri artırmağa vadar edə bilməzdi. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlamaq qərarı — son 80 ildə Avropada baş vermiş ən böyük müharibənin alovlandırılması — həlledici amil olub.

"Düşünürəm ki, Tramp və Ukrayna faktorlarının birləşməsi avropalıları milli müdafiələrindəki böyük laqeydliyi ciddi şəkildə nəzərdən keçirməyə vadar edib", –Aron müsahibəsində bildirib.

Əgər 10 il əvvəl NATO-ya üzv olan Avropa ölkələrindən yalnız üçü müdafiə sahəsinə ÜDM-in 2 faizini — razılaşdırılmış minimum həddi ayırırdısa, bu gün yalnız bir neçəsi bu göstəriciyə çatmır. Lakin L.Aronun sözlərinə görə, Soyuq müharibənin başa çatmasından sonrakı illər ərzində Avropanın öz müdafiəsinə kifayət qədər sərmayə qoymaması ciddi izlər buraxıb.

O əlavə edib ki, Tramp Avropa teatrındakı hərbi qüvvələrini Asiya-Sakit Okean regionuna yönəltməklə Çini çəkindirməyə çalışarkən, müttəfiqlər bu boşluğu doldurmaqda çətinlik çəkəcəklər: "ABŞ-nin buraxdığı boşluğu doldurmaq üçün avropalılara illər lazım olacaq. Onlar, şübhəsiz ki, ayılıblar, lakin müdafiə xərclərində bu qədər kəskin artımı texniki baxımdan necə həyata keçirəcəkləri hələ ki naməlumdur".

Moskvada anadan olmuş L.Aron ABŞ-Rusiya münasibətləri və Rusiyanın daxili siyasəti üzrə ixtisaslaşıb. O, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olarkən onun Rusiya üzrə müşaviri olub.

Russia Analyst: Trump Pushed Europe To Address ‘Delinquency’ In Defense
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00

Ukrayna müharibəsi

ABŞ-nin "Taliban" və "əl-Qaidə"yə qarşı apardığı müharibələr fonunda M.Romni 2012-ci ildə Rusiyanı — beynəlxalq terrorizmi deyil — Vaşinqtonun "bir nömrəli geosiyasi düşməni" adlandırıb. İki il sonra, 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqını əmr edərək Ukrayna ilə müharibəyə başlayıb. Bu münaqişə səkkiz il sonra, 2022-ci ildə genişmiqyaslı işğalla daha da böyüyüb.

İkinci prezidentlik müddətinə başladıqdan bəri D.Tramp Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün təşəbbüslər göstərir. Diplomatik səylər Putini 30 günlük atəşkəsə razı salmaqda uğursuz olduqdan sonra Tramp mayın 16-da deyib ki, münaqişəni bitirmək üçün Kreml rəhbəri ilə görüşməlidir.

"İstəsəz də, istəməsəz də, o (Putin) və mən bir araya gəlməyənə qədər, məncə, heç nə baş verməyəcək", –Tramp jurnalistlərə bildirib.

Yaxınlarda ABŞ prezidenti rusiyalı həmkarı Putinlə üçüncü telefon danışığını keçirib və bu danışıq Trampın Rusiya liderinin mövqeyinə yaxınlaşması ilə nəticələnib. Belə ki, atəşkəsin yalnız Moskva və Kiyev arasında ərazi nəzarəti, sülhməramlılar və digər məsələlər üzrə razılaşma əldə olunduqdan sonra mümkün ola biləcəyi yönündə fikir formalaşdırıb.

Rusiya və Ukrayna münaqişə ilə bağlı məsələlərdə bir-birindən o qədər uzaqdırlar ki, onların razılığa gəlməsi ən yaxşı halda aylar çəkə bilər. Bir çoxları Putinin vaxt qazanmağa çalışdığına inanır, çünki onun qüvvələri döyüş meydanında sürətlənir. Ancaq Putin Ukraynanın beş vilayətinə iddia irəli sürməsinə baxmayaraq, hələ də müharibə məqsədlərinə nail ola bilməyib.

Tramp keçən ayın sonunda etiraf edib ki, Putin vaxt udmaq üçün onunla oynaya bilər və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməklə hədələyib. Bununla belə, o, mayın 19-da keçirilmiş telefon danışığını uğur kimi təqdim edib. Baxmayaraq ki, görünən odur ki, Kreml rəhbəri onu öz mövqeyinə inandırmağa nail olub.

"Bu vəziyyətdə əsas məsələ, yəqin ki, Putinin Trampı nə qədər sürükləyə biləcəyidir", –Leon Aron bildirib.

Berlində etiraz aksiyasında Donald Tramp və Vladimir Putin maskaları taxan insanlar.
Berlində etiraz aksiyasında Donald Tramp və Vladimir Putin maskaları taxan insanlar.

Rusiyanı idarə etmək

Aron bildirib ki, demək olar ki, Franklin Ruzveltdən bəri, hər bir ABŞ prezidenti kimi, Tramp da Moskva ilə münasibətləri idarə etmək ideyasına cəlb olunub.

"Bu məsələdə, demək olar ki, dini bir məna var", –o qeyd edib. "Tramp da bu baxımdan digərlərindən fərqlənmir".

Bununla belə, sələflərindən fərqli olaraq Tramp Rusiya portfelini təcrübəli diplomatlara həvalə etmir, əksinə, daha fərdi yanaşmaya üstünlük verir. Tramp Rusiya ilə danışıqları aparmaq üçün dostu, heç bir hökumət təcrübəsi olmayan daşınmaz əmlak sahəsində işadamı Stiv Uitkoffu seçib. Lakin Aronun fikrincə, bu birbaşa və şəxsi yanaşma Putin strategiyasına xidmət edə bilər.

"Trampın düşündüyünün əksinə olaraq, məncə, Putin onunla istədiyi kimi oynaya biləcəyini hesab edir", –Aron bildirib. "Yeganə etməli olduğu şey vaxtaşırı onun eqosunu oxşamaq, ara-sıra Kreml pəncərəsindən ona əl etməkdir — və hər şey onun xeyrinə işləyəcək. Təəssüf ki, indiyə qədər bu, işləyir".

Aron deyib ki, Putinin müharibə məqsədləri daralmayıb. Müharibənin davam etdirilməsinin baha başa gəlməsinə baxmayaraq, Kreml lideri hələ də Ukraynanı fəth etmək niyyətindədir. Aron bildirib ki, indiki münaqişə xəttində atəşkəslə razılaşmaq onun populyarlığı üçün risklər daşıyır, hətta bir çox rusiyalılar müharibənin bitməsini istəsə belə.

"Hazırkı məqamda o, vəziyyətə nəzarət etdiyini hiss edir", - Aron bildirib. "Sülhə doğru irəliləmək Putin üçün çox ciddi risklər ehtiva edir".

Rusiya üzrə ekspert hesab edir ki, Tramp mövqeyini dəyişməli və mümkün sülh razılaşmasının icrasına nəzarət üçün Avropanın liderlik edəcəyi sülhməramlı qüvvəni dəstəkləməlidir. Əgər Putin vaxt udmağa davam edərsə, Tramp ölkənin neft tankerləri donanmasını hədəfə alaraq Rusiyanın neft sənayesinə qarşı sanksiyaları gücləndirməlidir.

"Bu, Putinə çox konkret bir zərbə olar", –Aron vurğulayıb. "Bu, onu, heç olmasa, sülhü ciddi şəkildə düşünməyə məcbur edə bilər".

Vladimir Putin və Si Cinpin
Vladimir Putin və Si Cinpin

Çin izləyir

Lakin Aronun sözlərinə görə, Ukraynada uzun sürən müharibə yalnız Avropa ilə məhdudlaşmayan, daha geniş strateji nəticələrə malikdir — xüsusən də Trampın ABŞ siyasətini Çinə yönəltmək kimi ümumi məqsədi baxımından.

"Tramp administrasiyası Tayvan uğrunda Çinlə müharibədən yayınmaq istəyir, Putinə təzyiq göstərilməlidir ki, o, Ukraynanın tam məğlubiyyəti ilə nəticələnməyən bir razılaşma ilə kifayətlənsin", –Aron qeyd edib.

O, Rusiyanın təcavüzünün mükafatlandırılmasının Pekini cəsarətləndirə biləcəyini söyləyib və Çinin müharibənin davam etdirilməsindəki roluna işarə edib: "Çin olmasaydı, bu müharibə olmazdı. Çin Rusiya neftini almaqla Rusiyanın döyüş bölgəsi xərclərinin ən azı yarısını maliyyələşdirir. Si Cinpin bu önəmli xətti qorumağa davam edir".

Aronun fikrincə, Trampın proteksionist ticarət siyasəti Çinlə qarşıdurma üçün ehtiyac olan ittifaqları sarsıda bilər. Tramp həm müttəfiqləri, həm də rəqibləri ədalətsiz ticarət praktikaları vasitəsilə ABŞ-dən sui-istifadə etməkdə günahlandırıb və əksər ölkələrə qarşı 10 faiz gömrük rüsumu tətbiq edib.

"Əgər ABŞ bazarı tariflərlə məhdudlaşdırılarsa, Avropa — xüsusilə Almaniya yenidən Çinə üz tuta bilər", –Aron bildirib. "Almaniya son 30 il ərzində, əsasən, avtomobillər və digər lüks məhsullar ixrac etməklə Çinə satışdan varlanıb. Si Cinpinin siyasətini gördükdən sonra onlar geri çəkiliblər, lakin geri dönməyə məcbur qala bilərlər".

ABŞ, Çin və Rusiyanın nüfuz uğrunda mübarizə apardığı Qlobal Cənubda da oxşar vəziyyətdir. Onun sözlərinə görə, Vyetnam, Konqo və Zimbabve kimi ölkələr də ABŞ bazarına çıxışı itirsələr, Çinə üz tuta bilərlər.

Tramp həmçinin ABŞ-nin xaricdəki iştirakını azaltmağa çalışır, beynəlxalq yardımları kəsir. Bildirilir ki, o, ABŞ-nin Afrikadakı diplomatik mövcudluğunu azaltmağı planlaşdırır. Trampın bəzi tərəfdarları Afrikanı strateji baxımdan əhəmiyyətsiz hesab etsə də, Aron qitədən geri çəkilməyin səhv olacağını deyib.

Aron əlavə edib ki, bu boşluqdan yalnız Rusiya və Çin fürsət qazanmayacaq — beynəlxalq terror qrupları da bundan istifadə edəcək. O, xüsusilə Nigeriya və Malidə fəal olan silahlı islamçı qrupları misal göstərib.

"Fiziki mövcudluq özü belə simvolik baxımdan çox böyük əhəmiyyət daşıyır", –o vurğulayıb.

Tramp administrasiyası isə bu siyasəti müdafiə edərək bildirib ki, məqsəd ABŞ-nin xarici yardımlarını və investisiyalarını ölkənin xarici siyasət prioritetləri ilə uyğunlaşdırmaqdır.

XS
SM
MD
LG