Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 13:03

Fond prezidenti: Tramp 'Amerikanı yenidən böyük etmək' üçün qlobal arenada fəal olmalıdır


Klifford Mey
Klifford Mey

Donald Tramp prezidentliyinə birmənalı mesajla başladı: "Öncə Amerika". İndi isə onun ikinci prezidentlik müddətindən 100 gündən bir qədər çox vaxt keçmişkən Trampın müttəfiqlərə qarşı skeptisizm, qlobal institutlara hörmətsizlik və tranzaksiya diplomatiyasına üstünlük verən xarici siyasət doktrinası bir daha diqqət mərkəzindədir.

"Ən azı mənə elə gəlir ki, "Öncə Amerika" və "Amerikanı yenidən böyük edək" şüarları arasında bir gərginlik var", – Demokratiyaları Müdafiə Fondunun (FDD) təsisçisi Klifford Mey bildirib. "'Yenidən böyük olmaq" üçün Amerika liderlik etməlidir. Amma (Çin Xalq Respublikasının sədri) Si Cinpinin açıq şəkildə buna can atdığı kommunist Çin kimi rəqiblərə yer verərsə, liderlik edə bilməz".

AzadlıqRadiosu K.Mey ilə "Amerikanın xarici siyasətində dəyişikliklər" adlı müsahibələr silsiləsi çərçivəsində danışıb.

Ağ evə qayıdışından sonra Tramp Rusiyanın artan aqressiyasına baxmayaraq, NATO üzvlərinin müdafiə xərclərinin tarixən aşağı olmasına görə onları tənqid edib, qlobal ticarət sistemini Amerikanın maraqlarına qarşı qərəzli adlandırıb və Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib.

Ölkə daxilində Tramp həm qanuni, həm də qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görür, xarici yardımları kəskin şəkildə azaldır. Bütün bu addımlar tənqidçilər tərəfindən ABŞ-nin qlobal liderlikdən geri çəkilməsinin əlaməti kimi qiymətləndirilir. Prezidentin bəzi tərəfdarları Amerikada sənayeləşmənin azalması, artan bərabərsizlik və kütləvi miqrasiya ilə mübarizə aparmaq üçün hökumətin daxilə yönəlməli olduğunu iddia edir. Ancaq K.Mey hesab edir ki, dünyadan üz çevirmək prezidentin ABŞ-nin qlobal üstünlüyünü qorumaq məqsədinə zidd ola bilər.

2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra Demokratiyaları Müdafiə Fondunu (FDD) quran K.Mey uzun müddətdir ki, ABŞ-nin xaricdə güclü iştirakının tərəfdarıdır. Özünü "tərəfsiz" kimi təqdim edən analitik mərkəzi isə İsrail və Ukraynaya qəti dəstəyi ilə tanınır.

K.Mey karyerasına jurnalist kimi başlayıb və tez-tez xaricdən reportajlar hazırlayıb. Daha sonra o, 2000-ci il seçkiləri zamanı Respublikaçılar Partiyası Milli Komitəsinin kommunikasiya direktoru vəzifəsində çalışıb. 2008-ci ildə isə prezident Corc Uoker Buş tərəfindən ABŞ hökumətinə məxsus AzadlıqRadiosu və digər dövlət tərəfindən maliyyələşdirilən media qurumlarına nəzarət edən Yayım İdarəçiləri Şurasına (Broadcasting Board of Governors) təyin edilib.

AzadlıqRadiosu ilə söhbətində Mey iddia edib ki, bu gün dünya ABŞ və Sovet İttifaqının nüvə qarşıdurmasında qlobal nüfuz uğrunda mübarizə apardığı Soyuq müharibə dövründəndən daha təhlükəlidir. Onun sözlərinə görə, bu gün ABŞ təkcə Moskva ilə deyil, həm də Pekin, Pxenyan və Tehranın daxil olduğu "təcavüzkarlar oxu" ilə üz-üzədir. Mey hesab edir ki, onların ortaq ambisiyası ABŞ-nin rəhbərlik etdiyi liberal nizamı dağıtmaq və onu qeyri-liberal nizamla əvəz etməkdir.

"Bu, əvvəlkindən daha çətin Soyuq müharibədir", – Mey bildirib. Çin və Şimali Koreyanın kommunizm modelləri, İranın islam teokratiyası və Rusiyanın neoimperializm kimi ideoloji fərqlərinə baxmayaraq, o, bu ölkələrin əməkdaşlığının sırf fürsətçilikdən ibarət olduğu fikrini rədd edir.

Çin, Şimali Koreya və İran Rusiyanın Ukraynadakı müharibəsinə raketlər, dronlar və digər silah sistemləri ilə maddi cəhətdən dəstək verir. ABŞ Hind-Sakit Okean Komandanlığının admiralı Semüel Paparonun sözlərinə görə, Pxenyan hətta yardım üçün 11 mindən çox əsgər göndərib, Rusiya isə bunun müqabilində Çin və Şimali Koreyaya həssas sualtı texnologiya təklif edə bilər.

Bu arada adıçəkilən dörd ölkə – Çin, Rusiya, Şimali Koreya və İran – xüsusilə raket istehsalı sahəsində hərbi güclərini sürətlə artırır. Bu isə ABŞ-nin artıq hücumlardan tam təhlükəsiz bir yer olmadığını göstərən xəbərdarlıqlara səbəb olub. K.Meyin fikrincə, əgər Vaşinqton və onun avropalı müttəfiqləri müdafiə xərclərini artırmasalar, strateji zəifləmə riski ilə üzləşə bilərlər.

"Avropalılar mesajı alır"

Keçən həftə Tramp növbəti maliyyə ili üçün 892 milyard dollarlıq müdafiə büdcəsini və Pentaqonun 2028-ci ilə qədər istifadə edə biləcəyi təxminən 120 milyard dollarlıq birdəfəlik əlavə vəsaiti açıqlayıb. Büdcəyə "Qızıl qübbə" adı verilən, kosmosda yerləşən raket qalxanı üçün maliyyə də daxildir.

Senatda və Nümayəndələr Palatasında olan bəzi respublikaçılar isə birdəfəlik əlavə vəsaitin kifayət etmədiyini və müdafiə büdcəsinin ümumi məbləğinin bugünkü təhlükələrə cavab vermək üçün artırılmalı olduğunu bildirirlər.

Ağ evin təzyiqi altında və yaxınlıqda gedən müharibə şəraitində NATO-nun avropalı üzvləri də müdafiə büdcələrini artırmağa başlayıblar. Bununla belə, Trampın ortaq müdafiə öhdəlikləri barədə Avropa ilə davamlı mübahisələri ticarət məsələlərində yaranan gərginlik fonunda baş verir. Bu isə rəqiblər daha da yaxınlaşdığı halda, transatlantik münasibətlərdə qırılma qorxusunu artırır.

"Tramp NATO-nun hər bir üzvünün alyansın kollektiv təhlükəsizliyinə əhəmiyyətli töhfə verməsini istəməkdə haqlıdır. Amerika sizi qoruyur, siz isə istədiyinizi edin – bu, bir gözlənti ola bilməz. Məncə, avropalılar bu mesajı alırlar və anlayırlar", –Mey bildirib.

Trampın qarşıdurma tonu strateji ola bilər.

K.Meyin sözlərinə görə, Tramp avropalıları qorxudaraq özünün bu məsələdə nə qədər ciddi olduğuna onları əmin etmək istəyir. "Əks halda, onlar bunu etməzlər", - o əlavə edib. O, həmçinin qeyd edib ki, Tramp administrasiyasının ABŞ-nin Avropadan müdafiəsini geri çəkəcəyinə inanmır.

Donald Tramp və Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi ərəfəsində Vatikanda görüşüb.
Donald Tramp və Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi ərəfəsində Vatikanda görüşüb.

ABŞ-nin Ukraynaya hərbi yardımı

Transatlantik mübahisənin başqa bir nöqtəsi də Ukraynadır. Tramp müharibənin sona çatmasını ən vacib prioritet kimi irəli sürüb, 30 günlük atəşkəs üçün təzyiq göstərir və nəticədə yüksək payı olmasına baxmayaraq, Avropa liderlərini prosesdən kənarda qoyur.

Onun həm Kiyevin, həm də Moskvanın güzəştə getməsində israr etməsi Ukrayna və Brüssel rəsmilərini təşvişə salıb. Onlar Trampın Ukraynaya əraziləri təslim etməsi üçün təzyiq göstərə biləcəyindən qorxurlar.

"Time" jurnalına bu yaxınlarda verdiyi müsahibəsində prezident Tramp 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni şəkildə ilhaq edilmiş Krımın istənilən sülh sazişi çərçivəsində Rusiyada qalacağını deyib. Lakin o, ABŞ-nin Krımı və ya digər işğal olunmuş torpaqları rəsmi olaraq Rusiyanın ərazisi kimi tanıyıb-tanımayacağına dair heç nə deməyib.

Mey hesab edir ki, ABŞ Ukraynanı silahlandırmağa davam etməlidir. Tramp Kiyevə göndərilən 177 milyard dollarlıq ABŞ yardımını tənqid etsə də, K.Mey gələcək dəstəyin Avropa tərəfindən, Ukraynanın özü tərəfindən və ya dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilə biləcəyini bildirir: "Əgər biz Ukraynaya sursat satırıqsa, bu, bizim üçün yaxşıdır. Bu, bizim zavodlarımızı dəstəkləyir, müdafiə sənaye bazamızı gücləndirir və Putinin sadəcə toparlanıb bir neçə ildən sonra yenidən hücum etməsinin qarşısını alır".

"Biz heç bir azad, demokratik xalqın hərbi güclə fəth edildiyini və diktaturaya sürükləndiyini görmək istəməməliyik. Mən düşünmürəm ki, bu, Amerikanın maraqlarına uyğundur. Və əlbəttə ki, bunun Amerikanın dəyərlərinə də uyğun olduğunu düşünmürəm", - o əlavə edib.

Meyin sözlərinə görə, Putinin ambisiyaları Ukrayna ilə məhdudlaşmır. O, NATO üzvləri olan Polşa və Litva arasında yerləşən Rusiyanın anklavı Kalininqrada quru dəhlizi əldə etməyə cəhd göstərə bilər, necə ki vaxtilə bunu Krıma doğru etmişdi.

Demokratiyaları Müdafiə Fondunun qurucusu və prezidenti bildirib ki, belə bir ssenari NATO üçün ekzistensial (mövcudluq) sınaq olardı.

"Biz Litvanın cənubundan keçən yol üçün döyüşərikmi? Əgər yox, bu, NATO-nun çöküşüdür", - o qeyd edib.

Mey inanır ki, müharibə hərtərəfli sülh razılaşması ilə deyil, Koreya modeli əsasında atəşkəslə də başa çata bilər –yekun həll, bəlkə də, yalnız Putin hakimiyyətdən getdikdən sonra mümkün olacaq. Şimali Koreya ilə Cənubi Koreya arasındakı döyüşlər 1953-cü ildə üçillik müharibədən sonra sülh sazişi olmadan dayandırılıb və bu iki ölkə texniki baxımdan hələ də müharibə vəziyyətindədir.

Rusiya prezidenti artıq iki aydır ki, Trampın atəşkəs təklifinə məhəl qoymur. Tramp isə ümumilikdə Putinə qarşı birbaşa tənqiddən yayınsa da, irəliləyişin olmamasından məyus olduğuna işarə edib.

"Mən düşünürəm ki, prezident Tramp Putinin niyyətləri ilə bağlı daha realist olub", - Mey deyib. "Ümid edirəm ki, o, (Ukrayna prezidenti Volodimir) Zelenskinin problem olmadığını başa düşür".

Putin mayın 15-də Türkiyədə keçirilən sülh danışıqlarında iştirak etməyib. O, Zelenskinin üz-üzə görüş çağırışını faktiki olaraq rədd edərək bunun əvəzinə tərkibi onun müharibədə maksimalist məqsədlərini açıq şəkildə göstərən aşağı səviyyəli nümayəndə heyəti göndərib. Bu fakt isə Trampı kimə təzyiq göstərməli olduğuna inandırmaq üçün lazım olan son dəlil ola bilər.

Bu, Amerikanın xarici siyasətindəki dəyişikliklərə dair üç hissədən ibarət müsahibə seriyasının ikincisidir. Növbəti müsahibə mayın 23-də "American Enterprise" İnstitutunun aparıcı tədqiqatçısı və Rusiya üzrə tədqiqatlar proqramının direktoru Leon Aron ilə olacaq. O, Rusiyanın daxili və xarici siyasəti, ABŞ-Rusiya münasibətləri üzrə ixtisaslaşıb.

XS
SM
MD
LG