ABŞ Konqresinin üzvü Ceyms Makqovern mayın 20-də Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb. O, AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həbsdə qalmasından dərin narahatlığını bildirib.
Konqresmen yazır ki, mayın 30-da Fəridin haqsız həbsinin bir ili tamam olur. Bu müddət ərzində Fəridin qızı dünyaya gəlib, o isə qızını cəmi bir dəfə görə bilib. "Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, onun həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram", – Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri Makqovern yazır.
Konqresmen qeyd edir ki, F.Mehralızadə "AbzasMedia" araşdırmaçı nəşrinə qarşı cinayət işi çərçivəsində saxlansa da, onlar işgüzar bağlılıqları olmadığını aydın şəkildə bildiriblər və Azərbaycan hakimiyyəti onun bu nəşrə bağlılığına dair hər hansı dəlil ortaya qoya bilməyib. Konqresmen məktubunda Fəridin zorakılığa, məhkəmədə aşağılanmaya məruz qaldığını, fevralın 11-də onun və digər altı təqsirləndirilənin pis rəftarla bağlı şikayətləri araşdırılmadığı üçün məhkəməyə qatılmaqdan imtina etdiklərini yazır: "Bu etiraza cavab olaraq, hakimiyyət onu məhkəməyə zorla gətirib ki, bu da həbsdə pis rəftarın daha bir formasıdır".
C.Makqovern 2025-ci il aprelin 29-da prokurorun Fəridi məhkəmədə təhqir etdiyini, hakimin bununla bağlı heç bir tədbir görmədiyini vurğulayıb. "Bu qeyri-peşəkarlıq və sayqısızlıq nümayişi Fəridin işində qərəzsizliyin olmadığını göstərir, onun ədalətli məhkəməyə çıxışı sarıdan ciddi narahatlıq yaradır", – məktubda deyilir.
"Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq", – konqresmen Makqovern yazır.
Xatırlatma
F.Mehralızadə "AbzasMedia" nəşrinin əməkdaşları kimi qaçaqmalçılıq, vergidən yayınma və digər maddələrlə ittiham olunub. Mayın 20-də prokuror ona və bu iş üzrə digər təqsirləndirilənlərə cəza istəyib. Dövlət ittihamçısı F.Mehralızadəyə 12 il həbs, avtomobilinin müsadirəsini istəyib.
F.Mehralızadə məhkəmədə "AbzasMedia" ilə hər hansı işgüzar əlaqəsi olmadığını, məhz AzadlıqRadiosundakı yazılarına görə cəzalandırıldığını deyib.
Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını söyləyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.