Almaniyanın yeni kansleri Fridrix Merts vəzifəyə başladıqdan sonra zəngin gündəmlə dolu ilk bir neçə günün ardından Avropa İttifaqı (Aİ) və NATO-da görüşlər keçirmək üçün bu gün, mayın 9-da Brüsselə səfər edir.
Bu həftə qlobal səhnəyə çıxan və Almaniyanın və Avropanın xarici siyasətinə yeni bir dinamika gətirəcəyinə söz verən F.Mertsdən gözləntilər böyükdür.
Deyə bilərik ki, Almaniyanın yeni kansleri vəzifəyə kifayət qədər utandırıcı bir başlanğıcla gəlib. İlk dəfə olaraq Almaniya parlamenti - Bundestaq onu təsdiqləmək üçün iki dəfə səsvermə keçirməli olub, çünki ilk turda altı deputatın səsi çatışmayıb. Bu isə Aİ-nin ən mühüm ölkəsinin lideri üçün ehtiyac olan güclü dəstək deyildi.
Merts ABŞ ilə münasibətləri necə tənzimləyəcək?
Şübhəsiz ki, yeni kansler Mertsin qarşısında duran ən təcili məsələ, demək olar, liberal dünya nizamının bütün əsaslarını sorğulayan ABŞ administrasiyası ilə gərgin münasibətlərdir. Halbuki bu dünya nizamı Almaniyanın müharibədən sonrakı bütün siyasi qüvvələrinin onilliklərdir sadiq qaldığı bir sistemdir.
Merts, əsasən, Avropa ölkələrindən ibarət "istəklilər koalisiyası"nı bir araya gətirməli və bu koalisiya həm Ukraynanın arxasında durmalı, həm də ən önəmlisi Rusiya prezidenti Vladimir Putinə qarşı dayanmalıdır.
O, həm də daxili problemlərlə üzləşir: həm 2023, həm də 2024-cü illərdə kiçilmiş Almaniya iqtisadiyyatını yenidən canlandırmaq –bu ilin də zəif keçəcəyi proqnozlaşdırılır – və fevralda keçirilmiş ümumi seçkilərdə rekord səs qazanaraq ikinci yeri tutan, hazırda isə Mertsin mərkəz-sağ xristian demokratları ilə başabaş gedən sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyasına cavab tapmaq.
Merts artıq ölkənin sərt borc qaydalarında dəyişikliklərə nail olub ki, bu da müdafiə xərclərinin artırılmasına və 500 milyard avroluq infrastruktur xərcləri paketinin yaradılmasına imkan verir. O ümid edir ki, bu tədbirlər iqtisadiyyatı yenidən canlandıracaq və, beləliklə, dörd ildən sonra keçiriləcək növbəti seçkilərdə AfD-nin daha da populyarlaşmasına səbəb ola biləcək narazılığı önləyəcək.
Aİ liderləri ilə güclü başlanğıca yönəlmək
Görünür ki, yeni seçilmiş kansler ilk və ən güclü təəssüratını xarici siyasət sahəsində yaratmağa çalışacaq.
Bu həftənin cədvəlində Paris, Varşava, Brüssel və London səfərləri yer alır – məqsəd isə Avropanın birliyini möhkəmləndirməkdir. Mertsin bu istiqamətdə erkən mərhələdə bəzi simvolik uğurlar qazanacağı ehtimal olunur.
Yeni kansler Almaniya-Fransa-Polşa "Veymar üçbucağı"nı yenidən canlandırmaqda israrlıdır. O, bu istiqamətdə xarici siyasətin əksər məsələlərində eyni mövqedə olan həmkarları - Fransa prezidenti Emmanuel Makron və Polşa baş naziri Donald Tusk ilə çalışır. Onlar Avropada müdafiə xərclərinin artırılmasını, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini, Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının başlanmasını və Kiyevə hərbi dəstəyin gücləndirilməsini təşviq edəcəklər. Hərbi dəstəyin gücləndirilməsinə Almaniyanın "Taurus" qanadlı raketlərinin Ukraynaya verilməsi də daxildir ki, bu da əvvəlki Almaniya hökuməti dövründə siyasi cəhətdən mümkün deyildi.
Britaniya məsələsində onu ruhlandıran amil "Brexit"dən sonra mayın 19-da Londonda keçiriləcək ilk Aİ-Böyük Britaniya sammitində imzalanacaq siyasi və hərbi əməkdaşlığın gücləndirilməsinə dair razılaşma olacaq.
Mertsin təcrübəli Yohann Vadefulu xarici işlər naziri təyin etməsi və populyar sosial demokrat Boris Pistoriusun müdafiə naziri vəzifəsinə yenidən təsdiqləməsi isə Almaniyanın qlobal tərəfdaşlarına inam aşılayıb.
Lakin qarşıda çətin tərəfdaşlar da var.
Mərkəzi Avropanın populistləri ilə mübarizə
Merts Mərkəzi Avropanın populistləri – Macarıstan baş naziri Viktor Orban və Slovakiya baş naziri Robert Fitso ilə uğraşmaq məcburiyyətində qalacaq. Onlar Ukraynaya siyasi və maliyyə dəstəyi vermək üçün Aİ-nin reaksiyalarını əngəlləyib və Kremlə qarşı daha sərt cəzaların tətbiqinin qarşını alıblar.
Lakin yeni kansler üçün ən böyük sınaq ABŞ prezidenti Donald Tramp olacaq. Hər iki lider - həm Tramp, həm də Merts ən yüksək vəzifəyə gəlməzdən əvvəl minimal siyasi təcrübəsi olan və daha çox şirkət idarəetmələri və ya lüks qolf sahələri ilə tanınan "kənar" şəxsiyyətlər kimi qiymətləndirilib.
Kansler Merts hələ yaxın vaxtlara qədər ardıcıl bir atlantikçi idi. Amma o, da bir çox alman kimi, fevralda Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Avropaya qarşı sərt tənqidindən və Ağ evdə Ukrayna prezidenti Volodimir Zelenskiyə göstərilən münasibətdən incimişdi.
Seçki qələbəsindən dərhal sonra Merts Avropanın ABŞ-dən müstəqil olmasını tələb edib. Daha yaxın zamanlarda isə o, ABŞ nazirlər kabinetini sərt tənqid edərək onları Almaniyanın daxili siyasətinə qarışmamaları barədə xəbərdar edib. Bu, Almaniyanın daxili kəşfiyyat agentliyinin AfD-ni "ekstremist təşkilat" olaraq təsnif etməsi qərarına Vaşinqtondan gələn tənqidlərdən sonra baş verib.
Lakin əhəmiyyətli olan praktiki məsələlərdir. Və burada, o, bir müddət daha Vaşinqtonu öz tərəfində saxlamağa ehtiyac duyur. O, iyunun ortalarında Kanadada keçiriləcək G7 sammitində və eyni ayın sonunda Haaqada NATO sammitində Trampla görüşəcək.
Mertsin təmin etmək istədiyi iki əsas məsələ Amerikanın hərbi alyansa öhdəliyi, o cümlədən Almaniyada ABŞ hərbi qüvvələrinin mövcudluğunun davam etməsidir. O, həmçinin Almaniyanın ixracyönümlü iqtisadiyyatının ABŞ-nin yüksək gömrük tarifləri ilə üzləşməməsini təmin etmək istəyir. Hazırda tariflərin qüvvəyə minməsi iyulun 8-dək təxirə salınıb, Brüssel və Vaşinqton arasında mümkün ticarət sazişi üzrə müzakirələr davam edir.
Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.