Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 11:38

Ukraynanın 'istəklilər koalisiyası'nın problemi: Sülh planı olmadan planlar qurmaq


"İstəklilər koalisiyası"nın liderləri Paris sammitində.
"İstəklilər koalisiyası"nın liderləri Paris sammitində.

Diplomatlar arasında Ukrayna üçün "istəklilər koalisiyası" zarafatla "gözləyənlər koalisiyası" adlandırılır.

Əsasən avropalı NATO ölkələri, eləcə də Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiyadan ibarət bu qeyri-rəsmi qrup martın əvvəlindən müzakirələrə başlasa da? hələlik, konkret nəyi planlaşdırdığı barədə məlumat azdır. Bu koalisiya Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını dayandırmaq məqsədilə sülh planını dəstəkləmək üçün Ukraynaya hərbi missiya göndərmək məqsədilə formalaşıb.

Bu ayın əvvəlində Fransa və Britaniyadan ibarət birgə texniki heyət Ukraynanın "təminat qüvvəsi"nə ehtiyacını qiymətləndirmək üçün Kiyevə səfər edib. Aprelin 10-da isə koalisiyaya daxil olan ölkələrin müdafiə nazirləri ilk dəfə olaraq Brüsseldə, NATO-nun qərargahında bir araya gəliblər.

Eyni koalisiyanın mayın 9-da Kiyevdə liderlər səviyyəsində görüş keçirməsi gözlənilir.

Bütün bu görüşlərə və göstərişə baxmayaraq, əslində çox az şey qərara alınıb. Bunun əsas səbəbi isə mövcud mərhələdə qeyri-müəyyənliyin çox olmasıdır.

Potensial atəşkəs necə olacaq? ABŞ bu prosesdə hansı rolu, əgər ümumiyyətlə olarsa, oynayacaq? Prosesdə iştirak qaydaları necə olacaq?

Adlarının gizli saxlanılması şərti ilə AzadlıqRadiosuna danışan Avropa diplomatları koalisiyanın ilk həftələrini "ehtiyatlı planlaşdırma", "bütün işləri qaydasına salmaq" və ya "əgər belə olarsa" ssenariləri hazırlamaq kimi təsvir ediblər.

"Bəlkə də, daha nikbin desək, "nə və nə zaman" ssenariləri", - bir diplomat əlavə edib.

Sorğular və cavablar

Bu prosesdə əsas rolu üzərinə götürən tərəflər Paris və London aprelin 11-də bütün üzv ölkələrə sorğu göndərərək soruşublar: ölkəniz hansı imkanları Ukraynaya göndərməyə hazırdır? Qısa müddət ərzində neçə təyyarə, gəmi, dron və ya hətta yerüstü qüvvə göndərilə bilər?

Cavablar aprelin 18-nə qədər təqdim olunmalı idi və cavablar toplandıqdan sonra nəzəri olaraq müəyyən konkret vaxt cədvəlləri və ssenarilər formalaşa bilərdi. Ədalət naminə qeyd etmək lazımdır ki, artıq bəzi ümumi konturlar müəyyənləşib.

Diplomatların sözlərinə görə, əsas fərziyyə hərbi yerləşdirmənin beş illik müddəti əhatə etməsindən ibarətdir. Bu, iddialı bir plandır, lakin məqsəd odur ki, tam atəşkəs elan olunduqdan 72 saat sonra ilk qoşunlar Ukraynada olsun.

Bununla belə, onlar münaqişə zonasına yaxınlaşmayacaqlar.

Bir diplomat AzadlıqRadiosuna bildirib ki, dondurulmuş təmas xəttinin ətrafında, yəqin ki, BMT-nin müşahidə etdiyi bufer zona olacaq, onun ardınca Ukrayna əsgərlərinin xətti gələcək və sonra isə cəbhədən uzaqda, "istəklilər koalisiyası"nın qüvvələri yerləşə bilər.

F-16
F-16

Səmanın təhlükəsizliyinin təmin edilməsi

Bu plan çərçivəsində nələrin edilə biləcəyi barədə müxtəlif fikirlər irəli sürülür. Masada olan variantlardan biri Ukraynanın qərbində mühüm infrastruktur obyektlərinin qorunmasıdır. Daha konkret desək, Lvov ətrafında təyyarələrin enə biləcəyi bir "təhlükəsiz zona" yaradılması nəzərdə tutulur. Bu mümkün hava komponenti üçün həm Fransa, həm də Britaniya kifayət qədər güclü hava qüvvələrinə malikdir. Eyni zamanda, Niderland da bu təşəbbüsə töhfə verə bilər.

"Nəqliyyatın təhlükəsizliyi məsələsindən danışırıqsa, aydındır ki, Ukraynanın mövcud imkanları ilə bunu təkbaşına etməsi mümkün deyil, buna görə də onların bu sahədə dəstəyə ehtiyacı var", - Niderlandın müdafiə naziri Ruben Brekelmans Brüsseldə keçirilən koalisiyanın son görüşü çərçivəsində AzadlıqRadiosuna bildirib.

"Ölkələrin nə qədər öhdəlik götürə biləcəyini müəyyən etmək nisbətən asandır. Məsələn, Niderlandda bizim F-35-lərimiz var və, əlbəttə ki, F-35-lərimizin hansı imkanlara malik olduğunu və neçə ədədini yerləşdirə biləcəyimizi bilirik. Yəni çətinlik burada deyil; əsas çətinlik bütün missiyanı təşkil etmək və hava komponentinin konkret olaraq nə edəcəyini aydınlaşdırmaqdır", - o əlavə edib.

Daha iddialı bir fikir isə koalisiyanın avropalı bir rəsmisinin "cinahlar" adlandırdığı yerlərdə — Belarus sərhədi yaxınlığında və ya Odessa ətrafında yerləşdirilməsi ideyasıdır. Bu ilin payızında Belarusda keçirilməsi gözlənilən genişmiqyaslı "Zapad" təlimlərini nəzərə alaraq müvafiq ideya məntiqli görünür, çünki orada çox sayda Rusiya qoşunlarının toplanması gözlənilir.

Odessada yerləşdirmə isə dəniz komponenti ilə əlaqələndirilə bilər. Planın bu aspekti hazırda ən çox irəliləyiş əldə etmiş sahə təsiri bağışlayır. Aprelin 10-da Brüsseldə keçirilən görüşdə Türkiyə bu sahədə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan edib. Ankara Ukrayna və beynəlxalq gəmilər üçün taxıl yollarını açıq saxlamağa davam edəcək, eyni zamanda Qara dənizdə minaları təmizləyəcək və gələcəkdə bölgədə yaradılacaq çoxmillətli dəniz qüvvəsinin əsas aparıcı ölkəsi rolunu üzərinə götürəcək.

Rumıniyada NATO təlimləri
Rumıniyada NATO təlimləri

Ukraynada nə qədər xarici qüvvə ola bilər?

AzadlıqRadiosunun danışdığı diplomatlar təxminən 30 min yerüstü qüvvədən söhbət getdiyini bildiriblər, lakin bunu "əldə edilməsi çətin olan ideal rəqəm" kimi qeyd ediblər. Bu say, əsasən, iki tam hərbi diviziyaya bərabərdir, amma ideal olaraq rotasiya ehtiyatını təmin etmək üçün əlavə 90 min hərbçiyə ehtiyac ola bilər.

Bəs koalisiya, həqiqətən, buna yaxın bir qüvvə toplaya biləcəkmi? Problem ondadır ki, Rusiyayla Ukrayna arasında hər hansı bir atəşkəs perspektivi ilə bağlı qeyri-müəyyənliklər səbəbindən əksər ölkələr hələ ki, konkret öhdəlik götürməkdən çəkinirlər.

Fransa və Britaniya bu təşəbbüsə liderlik edir, Estoniya, Latviya və Litva isə tam şəkildə dəstəkləyir. Belçika, Danimarka və Niderland kimi ölkələr də "irəliyə meylli" olaraq təsvir edilir. Almaniya isə hazırda öz hökumət koalisiyasını formalaşdırmaqla məşğuldur, lakin gözlənilir ki, Berlin, nəhayət, razılıq versə, digər ölkələr də ardınca gələcək.

Çexiya və Polşa kimi "Rusiyaya qarşı sərt xətt tərəfdarları" bu ilin sonuna planlaşdırılan seçkilərə fokuslanıb. Bəzi cəbhə xətti dövlətləri isə öz hərbi liderlərini şərqə göndərməkdənsə, ölkədə saxlamağı üstün tutduqlarını bildirirlər.

Brüssel sammitindən sonra bir diplomat AzadlıqRadiosuna açıqlayıb ki, əksər ölkələr hələ "kartlarını açmır."

"Onlar iclaslarda iştirak edirlər, amma, əsasən, dinləyici rolundadırlar və yalnız çox ümumi şəkildə təşəbbüsü dəstəklədiklərini əlavə edirlər", - diplomat bildirib.

Rusiya və ABŞ

Otaqdakı iki fil isə ABŞ və Rusiyadır. Diplomatların sözlərinə görə, Fransa qətiyyətlə bildirir ki, potensial missiya üçün heç bir "Amerika zəmanətinə" ehtiyac yoxdur. Lakin digərləri buna daha ehtiyatlı yanaşır. Onlar hesab edirlər ki, ABŞ-nin dəstəyi ən azı iki sahədə vacibdir: logistika və kəşfiyyat.

Qısaca desək, avropalılar Amerikanın yardımı olmadan genişmiqyaslı missiyaları həyata keçirə bilməzlər — məsələn, ən azı qoşunların daşınması və hərbi texnikanın sürətli nəqli üçün hava yük daşımaları sahəsində.

Bundan əlavə, Britaniya və Fransa yaxşı kəşfiyyat imkanlarına malik olsa da, inkişaf etmiş peyk görüntülərini paylaşmaq qabiliyyəti yalnız Vaşinqtona məxsusdur.

ABŞ prezidenti Donald Tramp isə indiyə qədər Avropanın təşəbbüslərinə dəstək verəcəyi ilə bağlı hər hansı təminat verməkdən imtina edib.

Eyni zamanda, Avropa diplomatları qeyd edirlər ki, avropalıların ortada müvafiq bir planı olmadığı halda, Amerikanın hansısa öhdəlik götürməsini gözləmək də çətindir.

Prezident Vladimir Putin və Baş Qərargah rəisi Valeri Qerasimov Rusiya ordusu və donanmasının təlimlərini izləyir.
Prezident Vladimir Putin və Baş Qərargah rəisi Valeri Qerasimov Rusiya ordusu və donanmasının təlimlərini izləyir.

Bəs NATO-nun 5-ci maddəsi?

Vaşinqtonun mümkün iştirakı sadəcə peyk görüntüləri və hava daşımaları ilə məhdudlaşmır. Estoniyanın müdafiə naziri Hanno Pevkurun aprelin 10-da AzadlıqRadiosuna verdiyi müsahibədən bu nəticə çıxır. "Biz zəmanətdən və dəstək elementlərindən danışırıqsa, söhbət qüvvələrin təhlükəsizliyini necə təmin etməkdən və nəsə baş verərsə, cavabın necə olacağından gedir", - o bildirib.

"Buna görə də çox dəqiq olmalıyıq: heç bir əsgər — istər ukraynalı olsun, istərsə də Avropadan gəlmiş əsgər —onlar nə edə biləcəklərini bilmirlərsə, döyüşə getməməlidir. Və əgər nəsə edirlərsə, arxalarında onları dəstəkləyəcək və ehtiyac olarsa, yardım edəcək bir "süvari qoşun" varmı, buna əmin olmalıdırlar" .

Bütün bunlar sonda Rusiyaya və iştirak qaydalarına dayanır. Belə ki, əgər Moskva Qərb missiyasına atəş açarsa, cavab veriləcəkmi, yoxsa geri çəkiləcəklər?

Bəziləri hesab edir ki, bu, NATO missiyası olmasa da, NATO ölkələrindən ibarət "təminat qüvvəsi" alyansın qarşılıqlı müdafiə maddəsi olan 5-ci maddə ilə qoruna bilər. Bu o deməkdir ki, onlara hücum olarsa, tammiqyaslı NATO-Rusiya müharibəsi başlayacaq? Bir diplomat AzadlıqRadiosuna bildirib ki, 5-ci maddənin işə düşməsi mütləq tammiqyaslı cavab demək deyil. Buna Ukraynanın işğal olunmuş hissəsindəki Rusiya mövqelərinə məhdudlaşdırılmış hücumla da cavab verilə bilər.

"Oxlu kirpi variantı"

Bir çoxları üçün bu, atəşlə oynamaq deməkdir. ABŞ-nin bu planların hər hansı birinə dəstək verəcəyinə dair heç bir qəti əminlik yoxdur. Bunun əvəzinə, rəsmilər ən azından hələlik Ukrayna üçün alternativ bir plan üzərində dayanırlar: "oxlu kirpi variantı". Bu yanaşma Ukraynanı silahla maksimum dərəcədə gücləndirməyi nəzərdə tutur. Məqsəd isə Ukraynanın gələcəkdə Rusiyanın hər hansı hücumuna qarşı özünü müdafiə etməsi və hətta Kremli tamamilə yeni hücumlardan çəkindirməsidir.

"İndi yeganə sual Ukraynada nə qədər Avropa qüvvələrinin olacağı deyil, hazırda Ukraynanı gələcək təcavüzdən qoruyacaq yüz minlərlə hərbçidən ibarət Ukrayna ordusuna hansı silahların və maliyyənin veriləcəyidir?", - bir Avropa hərbi planlayıcısı AzadlıqRadiosuna bildirib.

Danışıqlar barədə məlumatlı olan başqa bir diplomat da bənzər fikir səsləndirib: "Bir çox ölkələr Ukraynada öz əsgərlərini potensial riskə atmaq əvəzinə, getdikcə daha çox bunu (Ukraynanı silahlandırmağı) ən yaxşı variant kimi görürlər".

Yazı AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak tərəfindən hazırlanıb.

XS
SM
MD
LG