ABŞ bu həftəsonu Londonda keçiriləcək ABŞ, Ukrayna və Avropa rəsmilərinin görüşündə Vaşinqtonun müharibənin dayandırılmasına dair planına Kiyevin cavabını gözləyir. "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən yazır ki, bütün tərəflərin mövqeyi üst-üstə düşərsə, təkliflər Moskvaya təqdim oluna bilər.
Aprelin 17-də Parisdə keçirilən görüşdə müharibənin dayandırılması ilə bağlı Ukrayna və Avropa rəsmilərinə təqdim olunan plan ABŞ-nin Krımın ilhaqını tanımasını, həmçinin Ukraynanın NATO-ya üzvlüyünün müzakirəsindən imtinanı nəzərdə tutur.
WSJ-nin mənbələrinin məlumatına görə, plandakı bəzi ideyalar Rusiyanın tələblərinə uyğun gəlmir. Məsələn, ABŞ Rusiyanın Ukraynanın şərqindəki dörd vilayətə - Zaporojye, Xerson, Luqansk və Donetskə qanuni nəzarət hüququnu tanımır. Bununla belə, ABŞ-nin təkliflərində Rusiya hərbçilərinin bu əraziləri tərk etməsi tələbi də yer almır.
Sənəddə Ukrayna ordusunun sayının məhdudlaşdırılması təklif edilmir və Qərbin Kiyevə hərbi dəstəyi, yaxud orada Avropa hərbçilərinin yerləşdirilməsi ehtimalı istisna olunmur.
Mənbələrinin sözlərinə görə, planın daha bir ideyası Zaporojye AES-in ətrafındakı ərazinin neytral zona elan olunması və bu ərazinin ABŞ-nin nəzarətinə verilməsi təklifidir. 2022-ci ilin martından stansiya Rusiya hərbçilərinin nəzarəti altındadır.
ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi bu ideyaların Kiyevin nəzərdən keçirməli olduğu variantlar kimi xarakterizə edib. Rəsmi deyib ki, bu, ultimatum xarakterli təklif deyil. Onun sözlərinə görə, siyahı müzakirə və rəy almaq məqsədilə təqdim olunub.
WSJ-nin mənbələri bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Kit Kelloq Londonda keçiriləcək görüşdə iştirak etməyi planlaşdırır. Bundan sonra Uitkoff yenidən Rusiyaya səfər edə bilər.
Trampın 100 günü
Ukrayna aprelin 21-də Rusiyanın raket və dron hücumunu bərpa etdiyini bildirib. Kiyev və Ukraynanın digər şəhərlərinə zərbələr qeydə alınıb.
Ukrayna dronlarının da Rusiyanın Belqorod vilayətinə zərbələr endirdiyi barədə məlumatlar var.
Diplomatik cəbhədə də hərəkətlilik var. Aprelin 18-də Parisdə baş tutan müzakirələrdən sonra bu həftə Londonda Avropa, Ukrayna və ABŞ rəsmiləri növbəti dəfə bir araya gələcək.
"Trampın daha məntiqli yanaşması, avropalıları danışıqlara cəlb etməsi vacib addımdır", - Stenfordun nəznindəki Huver İnstitutunun tədqiqatçısı Sergey Sanoviç AzadlıqRadiosunun "Current Time" xidmətində deyib.
"Bu, Putini güzəştə getməyə məcbur edə bilər, çünki Putin sanksiyaların götürülməsində maraqlıdır", - o bildirib və əlavə edib ki, müttəfiqlər Uitkoffun Rusiyaya təqdim edəcəyi birgə planı razılaşdıra bilərlər.
Tramp administrasiyası bildirib ki, tezliklə razılaşma əldə olunmasa, o, danışıqlardan tamamilə uzaqlaşa bilər.
"Tramp keçmişdə daşınmaz əmlakla məşğul olan adamdır. Onlar belə işləyirlər: çox yaxşı bir fürsət var, amma bu, yalnız bu gün mövcuddur", - Sanoviç qeyd edib.
Siyasi analitik Dmitri Oreşkin "Current Time"a müsahibəsində deyib ki, Tramp aprelin 30-da vəzifəsinin 100-cü günü yaxınlaşdığı üçün razılaşma əldə etməyə tələsir. Onun sözlərinə görə, bu, həm də Putinə təzyiq göstərmək deməkdir.
"Əsas məsələ budur ki, Putinin mümkün olan sərhədlərini başa düşmək lazımdır. Əgər o, razılaşmanı rədd edərsə, bu nə deməkdir? Bu, Trampın əleyhinə getmək deməkdir. Bu isə, zəif də olsa, ən azından nisbətən dostyana olan bir münasibəti zəiflətmək deməkdir. Bu ciddi bir riskdir", - analitik qeyd edib.
Analitiklər bildiriblər ki, razılaşmanın əsas xətləri aydınlaşır: Ukrayna hərbi cəhətdən silahsızlaşdırılmayacaq (bu, Kremlin tələbi idi) və mövcud cəbhə xətləri böyük ehtimalla dondurulacaq.
Onların sözlərinə görə, Vaşinqtonun Krımın Rusiyanın tərkib hissəsi kimi tanıması ehtimalı ola bilər, amma bu, Moskvanın nəzarətində olan digər Ukrayna ərazilərinə şamil olunmayacaq.