Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 00:23

'Kərimə dövləti' qurmağa cəhddə suçlanan altı nəfərə hökm oxundu: 'Belə çıxır ki, həmin gün yerə narkotik yağırmış'


"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunanların məhkəməsi
"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunanların məhkəməsi

Azərbaycanda "Kərimə dövləti" qurmaq cəhdində suçlanan altı nəfərdən dördünə 8 il, ikisinə də 17 il həbs cəzası kəsilib. Onlara mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Beşi Tərtər rayonunun, biri Bakının Hövsan qəsəbəsinin sakini olan bu altı nəfər iki ildən çoxdur həbsdədir. Arif Cümşüdov, Anar İsayev, Xaqani Məmmədov, İqbal Axundov, Sənan MəmmədovTərzan Qaraşova Cinayət Məcəlləsinin 278.2-ci (Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, dini radikalizm zəminində törədildikdə) maddəsiylə yanaşı, həm də narkotik ittihamı verilib. İddia olunur ki, adları çəkilən şəxslər saxlanılarkən ciblərindən narkotik çıxıb və hamısı da narkotiki yerdən tapdığını söyləyib.

"Belə çıxır ki, həmin gün göydən yerə narkotik yağırmış", - təqsirləndirilən A.İsayevin vəkili mayın 22-də məhkəmədəki çıxışında belə deyib.

"Bu adamların nə gücü var ki..."

Cinayət işinin materiallarında iddia olunur ki, İranda yaşayan, oranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov təqsirləndirilən A.Cümşüdovu şirnikləndirərək ələ alıb. Ona tapşırıq veriblər ki, şəriət qanunlarıyla yönəldilən "Kərimə dövləti" qurmaqdan ötrü "dirənişçi dəstə" yaratsın. O da yaşadığı Tərtər rayonunun sakinlərindən T.Qaraşovu, X.Məmmədovu, İ.Axundovu, S.Məmmədovu həmin məqsədlə cəlb edərək evində onlarla gizli görüşlər keçirib.

İddiaya görə, təqsirləndirilən şəxslərdən A.İsayevi R.Axundzadənin özü əməkdaşlığa cəlb edib və sonradan onu A.Cümşüdovla tanışdırıb.

"Onlar özlərini cəmiyyətdə "dindar" kimi qələmə verib, sosial şəbəkələrdə, insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparıblar. İrandan məqsədli şəkildə göndərilən narkotikin satışını təşkil edib, əldə olunan külli miqdarda pulu Azərbaycanda dini radikalizmin təbliğinə, başqa pozuculuq fəaliyyətlərini maliyyələşdirməyə xərcləyiblər", - Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun adları çəkilən şəxslərin həbsinə dair birgə məlumatında belə deyilir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, yazılanların uydurma olduğunu deyirlər. Onların həm özü, həm də vəkilləri də mayın 22-dəki məhkəmədə bəraət hökmü çıxarılmasını istəyiblər.

A.Cümşüdovun vəkili müvəkkilinə verilən işgəncələrdən danışaraq deyib ki, işgəncə üzündən onun həm qolu, həm də ayağı sınıb: "Bu adamların nə gücü var ki ölkənin konstitusiya quruluşunu dəyişsinlər? Bu adamlar mollalıq edib, gündəlik dolanışıqlarını çıxaran adamlardır".

"Bu adamların problemi onların cahil, savadsız olmasıdır"

Təqsirləndirilən S.Məmmədovun vəkili Zabil Qəhrəmanov vurğulayıb ki, insanların dini fanatizmə meyllənməsinin əsas səbəbi yaxşı təhsilin olmamasıdır: "Bu adamlar dövlətin konstitusion quruluşunu dəyişmək, dövlət çevrilişi etmək istəyirdisə, niyə evlərində axtarış aparmayıblar? Bəlkə, elə tank çıxacaqdı? Bizim dövlətimiz o qədər zəifdir ki Arif, Sənan onu çevirəcəkdi? Belə təbliğat bizim əleyhimizədir. Bu adamların problemi onların cahil, savadsız olmasıdır. Yaxşı təhsil verilsə, onlar gəlib bura düşməz, xaricdən əsən küləyə tərəf getməzlər".

Təqsirləndirilən şəxslər də son sözlərində vurğulayıblar ki, Azərbaycandakı indiki quruluşdan qətiyyən narazılıqları yoxdur və dövlət çevrilişinə cəhd barədə ittihamda yazılanlar yalandır.

"Konstitusiya quruluşu dəyişməyin nə demək olduğunu indi də anlamıram. Hər zaman sözümdə də, əməlimdə də prezidenti dəstəkləmişəm", - təqsirləndirilən S.Məmmədovun sözləridir.

Digər təqsirləndirilən şəxslər də son sözlərində Qarabağ döyüşlərində xidmətlərindən danışıb, prezident və yaxın ətrafını dəstəklədiklərini deyərək bəraət istəyiblər. Ancaq məhkəmə onları təqsirli sayaraq altı nəfərin hamısı haqqında ittiham hökmü çıxarıb.

XS
SM
MD
LG