Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 01:35

'Kərimə dövləti' araşdırması: Misir Mərdanov məhkəməyə gəlmir


"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunanların məhkəməsi
"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunanların məhkəməsi

Azərbaycanda dini qaydalarla yönəldilən "Kərimə dövləti" qurmağa cəhddə suçlanan 13 nəfərlə bağlı ilyarımdır sürən məhkəmə istintaqı tamamlanıb. Prokuror təqsirləndirilən şəxslərdən ikisinə - İlham ŞıxaliyevFaiq Zeynalova 20 il, biri istisna olmaqla, qalanlarına isə 18-19 il həbs cəzası verilməsini istəyib. Yalnız bir nəfər – Mirvasid Əliyevə 10 il cəza təklif edib. Bunun da səbəbi onun həbs edilərkən məktəbli olması, 18 yaşının həbsdə qaldığı zaman tamamlanmasıdır.

Azərbaycanın cinayət qanunvericiliyinə görə, suçlandığı cinayət törədilərkən yetkinlik yaşına çatmayan şəxsə 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası kəsilə bilməz.

Təqsirləndirilən şəxslər arasında Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi də var.

Prokuror iddia edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş dövlətə xəyanət, ölkənin konstitusion quruluşunu zorla dəyişmək cəhdi və digər ittihamlar məhkəmədə təsdiqini tapıb.

Bu cinayət işində keçmiş təhsil naziri Misir Mərdanov və RealTV-nin rəhbəri Mir Şahin Ağayev zərərçəkmiş qismində tanınıblar. İddia olunur ki, təqsirləndirilən şəxslər Azərbaycanda dini dövlət yaratmaqla yanaşı, həm də bu adamları cəzalandırmaq istəyib və bu məqsədlə sui-qəsd planı hazırlayıblar. Niyə məhz Mərdanov və Ağayevin cəzalandırılmasına gəlincə, iddia edilir ki, səbəb birinin nazir olduğu dövrdə məktəblərdə hicabı yasaqlayan qərar verməsi, digərininsə rəhbərlik etdiyi telekanalın efirində "İmam Hüseynova bacıları" ifadəsini işlətməsi olub.

Axundzadələr barədə qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa veriliblər

İttihama görə, İranda yaşayan azərbaycanlı Rufulla Axundzadə və oğlu Əlimürsəl Axundzadə bu ölkənin xüsusi xidmət orqanlarının tapşırığıyla müxtəlif şəxsləri cəlb edib, "Whatsapp", "Telegram" kimi ani mesajlaşma sistemlərində qruplar yaradılıb. İddia olunur ki, təqsirləndirilən şəxslərlə "Qisas 313" və başqa qruplarda "Kərimə dövləti" qurmaq haqda və başqa müzakirələr aparılıb, tapşırıqlar verilib.

Ata və oğul Axundzadələr haqqında da qiyabi həbs qərarı çıxarılıb, onlar axtarışa veriliblər.

Təqsirləndirilən şəxslər xarici xüsusi xidmət orqanlarının tapşırığıyla Azərbaycanda "Kərimə dövləti" qurmaq, sui-qəsd hazırlamaq kimi ittihamları qəbul etmirlər. Onlar qapalı keçirilən məhkəmədə dindirilərkən özlərini təqsirli bilmədiklərini, istintaq vaxtı həm özlərinin, həm də bir-birinin əleyhinə ifadə verməkdən ötrü işgəncələrə məruz qaldıqlarını deyiblər.

AzadlıqRadiosunun bilgisinə görə, zərərçəkmiş kimi tanınan iki nəfərdən biri - M.Ş.Ağayev məhkəməyə gəlib, ancaq şikayətçi olmayaraq deyib ki, ona sui-qəsd hazırlanmasından hüquq-mühafizə orqanları məlumat verəndən sonra xəbər tutub, özü heç nə hiss etməyib.

Keçmiş nazirsə məhkəməyə gəlməkdən imtina edib. Vəkillər M.Mərdanovun məcburi gətirilməsi barədə vəsatət versələr də, məhkəmə təmin etməyib. Bu üzdən, müdafiəçilər daha bir vəsatət qaldırıblar ki, məhkəməyə gəlmirsə, onu dindirmək mümkün deyilsə, adı zərərçəkənlər siyahısından çıxarılsın. Məhkəmə bu məsələdə də vəkillərin vəsatətini rədd edib.

İyunun 11-də vəkillər müdafiə çıxış edəcək, ardından təqsirləndirilən şəxslər son sözlərini deyəcək və hökm oxunacaq.

Xatırlatma

Azərbaycanda "Kərimə dövləti" qurmaq cəhdində suçlanan şəxslərin həbsi 2023-cü ilin fevralından başlanıb. Təqsirləndirilən şəxslərdən altı nəfərə dövlətə xəyanət ittihamı da verilib. Bir neçəsinin üzərində isə dövlət çevrilişinə cəhd, ictimai xadimin həyatına sui-qəsd kimi ittihamlarla yanaşı, narkotik ittihamı da var.

XS
SM
MD
LG