Xəbərlər
Tehranda Azərbaycan səfirliyinə hücumda təqsirləndirilən şəxs edam edilib

İran mayın 21-də bildirib ki, 2023-cü ildə Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş ölümcül hücumda təqsirli bilinən şəxs edam edilib. Bu hücum iki qonşu ölkə arasında münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olmuşdu.
İran mətbuatı ölkənin ədliyyə sisteminə istinadən yazıb ki, Tehrandakı Azərbaycan səfirliyinə hücum edən şəxs bu səhər edam olunub.
Edam qərarı İran prezidenti Məsud Pəzeşkianın ötən ayın sonunda Bakıya etdiyi səfərdən sonra həyata keçirilib və bu addım iki ölkə arasında münasibətlərin yaxşılaşmasına dair bir işarə kimi qiymətləndirilir.
Xatırlatma
Yasin Hüseynzadə kimi təqdim edilən şəxs 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.
Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib. Yalnız ötən ilin yayında Azərbaycanın Tehrandakı səfirliyi öz işini tam olaraq bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində silahlı hücumu "təşkil olunmuş terror aktı" adlandırıb.
Avropa İttifaqı AzadlıqRadiosuna maliyyə yardımı ayırır

Avropa İttifaqı (Aİ) AzadlıqRadiosuna 5.5 milyon avro ayıracaq. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 20-də jurnalistlərə bildirib.
"Bu, müstəqil jurnalistikanı dəstəkləmək üçün nəzərdə tutulmuş qısamüddətli təcili maliyyə yardım paketidir", – Kallas qeyd edib.
AzadlıqRadiosuna Aİ tərəfindən ayrılan bu vəsait məqsədli şəkildə yönəldiləcək və Aİ-yə qonşu ölkələrdə, o cümlədən Qafqaz və Mərkəzi Asiyada yayım fəaliyyəti üçün istifadə olunacaq.
Çexiyanın xarici işlər naziri Yan Lipavski mayın 20-də Aİ XİN rəhbərlərinin görüşündən sonra "Reuters"ə deyib: "Məqsədimiz missiyanı qoruyub saxlamaqdır, bu missiya isə Rusiyada, Belarusda və İranda cəmiyyətlərə azad və ədalətli məlumat təqdim etməkdir".
İsveç isə bu ayın əvvəlində bildirib ki, ölkə AzadlıqRadiosuna 20 milyon kron (2.07 milyon ABŞ dolları) məbləğində ianə ayıracaq. İsveçin bəyanatına görə, ABŞ-nin maliyyələşdirmə ilə bağlı qərarı bir çox ölkədə insanların azad mediaya çıxışını itirməsi riskini artırır.
Prezident: "RFE/RL-in varlığı risk altındadır"
Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) prezidenti Stiven Kapus Aİ-nin ayırdığı yardımla bağlı deyib: "RFE/RL-i ayaqda saxlamaq üçün bu təcili maliyyə yardımının ayrılmasına görə minnətdarıq. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, Çexiyanın xarici işlər naziri Yan Lipavski və digərlərinin prinsipial liderliyi sayəsində RFE/RL-in fəaliyyətini bir az da uzada biləcəyik. Bu arada ABŞ məhkəmələrində Konqresin bizə ayırdığı vəsaitin verilməsini təmin etməyə çalışırıq. Bu vəsait ayrılmadıqca RFE/RL-in varlığı risk altındadır".
AzadlıqRadiosu Konqres tərəfindən ayrılmış vəsaitə çıxış hüququ əldə etmək üçün ABŞ Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verib.
Bu müddət ərzində "Настоящее Время" kanalının yayımı üç peykdən ikisi vasitəsilə dayandırılıb, AzadlıqRadiosunun Belarus və Ukrayna redaksiyalarının fəaliyyəti əhəmiyyətli dərəcədə azaldılıb, Rusiya xidməti tərəfindən orta dalğa (AM) üzərindən yayımlanan verilişlər dayandırılıb, "Votvot" adlı layihə bağlanıb.
Rusiya vətəndaşlığı alan 20 min miqrant 'cəbhə xəttindədir'

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyir ki, hərbi uçota durmayan yeni Rusiya vətəndaşlarını aşkara çıxarmaq üçün komitənin müstəntiqlərinə miqrantların toplaşdığı yerlərdə reydlərdə Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə birgə iştirak etməyi tapşırıb.
Sankt-Peterburq hüquq forumunda çıxış edən Bastrıkinin sözlərinə görə, 80 min "belə Rusiya vətəndaşı" artıq "tutulub" və "20 min nədənsə Özbəkistan, Tacikistan, Qırğızıstanda yaşamağı sevməyən gənc Rusiya vətəndaşı cəbhə xəttindədir".
İstintaq Komitəsinin rəhbəri həmçinin bildirib ki, miqrant adı altında "gələcək cinayətkarlar" Rusiyaya gəlirlər və onların da tutularaq vətənlərinə qaytarılması lazımdır ki, "cinayətləri Rusiyada deyil, orada törətsinlər".
Rusiya hüquq-mühafizə orqanları mütəmadi olaraq reydlər keçirir və bu reydlər zamanı Rusiya vətəndaşlığı olan miqrantlara çağırış vərəqəsi verilir və ya hərbi komissarlığa aparılır. Bəzi hallarda onları Rusiya vətəndaşlığından çıxarmaqla, deportasiya ilə hədələyərək Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edirlər.
Bir il əvvəl Bastrikin demişdi ki, güc qurumları yaxınlarda Rusiya vətəndaşlığı almış, lakin hərbi qeydiyyatdan keçməmiş 30 mindən çox miqrantı "yaxalayıb". Onlardan təxminən 10 mini "səngərlər qazmaq və istehkam düzəltmək üçün" arxa cəbhə bölmələrinə göndərilib.
İranın müdafiə naziri Ermənistana gedib

İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə Ermənistana səfər edib.
Ermənistan müdafiə naziri Suren Papikyan bildirib ki, iranlı həmkarı onun dəvəti ilə bu ölkədə səfərdədir.
19 may
Zakir Həsənov İsraildədir
İranla birgə təlim keçirildiyi bir gündə, mayın 19-da Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəhbərliyi İsraildə səfərdə olub. Rəsmi məlumata görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin müdafiə naziri İsrael Kats və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb. "Görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanıb.
Hərbi ekspertlər İsrailin Azərbaycanın silah aldığı ölkələr içərisində başlıca yerlərdən birini tutduğunu deyirlər. Zaman-zaman İsrail Azərbaycan əməkdaşlığı rəsmi Tehranın narazılıq dolu açıqlamaları ilə də müşahidə edilib.
Azərbaycan İranla birgə hərbi təlim keçirir
Azərbaycan işğaldan azad edilmiş ərazilərində İranla birgə hərbi təlim keçirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasına görə, bu gün, mayın 19-da açılışı olan "Araz-2025" birgə təlimi işğaldan azad olunmuş ərazilərdə mayın 21-dək davam edəcək.
Birgə təlimə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçıları artıq bir neçə gündür Azərbaycandadırlar.
Halbuki, 2024-cü ilə qədər iki ölkə arasında münasibətləri gərginləşdirən bir çox olaylar yaşanmışdı. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Üstəlik, Azərbaycanda hakimiyyətə yaxın media qurumlarında İranda bəzi dairələr ölkənin işğal altında olan ərazilərində separatçı qurumları himayə etməkdə günahlandırılırdı. İran belə iddiaları təkzib edirdi.
2023-cü il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da olmuşdu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media qurumlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.
Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib. İki ölkə arasında birgə təlimlərin keçirilməsinə başlanıb.
Ermənistanla Qarabağ münaqişəsi üzündən Azərbaycan bir neçə on il ərazilərinin 20 faizinə nəzarəti itirib. 2020-ci ildə 44 günlük savaş, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatlarla Azərbaycan işğala son qoyub, bütün ərazilərində suverenliyini bərpa edib.
Sumqayıtda partlayış olub, beş nəfər xəsarət alıb

Beş nəfərin xəsarət aldığı olayın "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verdiyi açıqlanıb.
Yerli saytların məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeçiliyində olan bu zavoddan bildirilib ki, saat 12:00 radələrində istehsalatın sintez sahəsində, "B" texnoloji xəttində aşağı təzyiq ayırıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Əlavə edilib ki, hadisənin səbəbi araşdırılır.
Əsası ötən əsrin ortalarında qoyulan həmin müəssisədə sonradan modernizasiya işlərinin aparıldığı açıqlanıb.
+++
Bu gün, mayın 20-də Sumqayıt şəhərində yanğınla müşahidə edilən partlayış baş verdiyi və xəsarət alanların olduğu bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, partlayış səbəbi ilə saat 12:20 radələrində beş nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda bildirilir.
Yerli saytlarda hadisənin Sumqayıt şəhərindəki müəssisələrdən birində baş verdiyi vurğulanır. Amma hadisənin səbəb və detalları açıqlanmır.
Məsələ ilə bağlı, hələlik, zərərçəkənlərin yaxınları və Fövqəladə Hallar Nazirliyi ilə danışmaq mümkün olmayıb.
Fransa Rumıniya seçkilərinə müdaxilə ilə bağlı Durovun ittihamlarını rədd edir

"Telegram" sosial media şəbəkəsinin yaradıcısı Pavel Durov bildirib ki, Fransa kəşfiyyatı ondan Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turu ərəfəsində mesajlaşma tətbiqində rumın sağçılarının şərhlərini silməsini istəyib. Lakin Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) bu ittihamı rədd edib.
Durov mayın 18-i axşam – Rumıniyada səsvermə günü – sosial şəbəkədə paylaşım edərək bildirib ki, Fransa kəşfiyyatının rəhbəri Nikolya Lerner ondan Rumıniyada seçkilər ərəfəsində mühafizəkar səsləri qadağan etməyi xahiş edib. Durov bu tələbi yerinə yetirməkdən imtina etdiyini deyib.
Səsvermə 54 faiz səslə Danın gözlənilməz qələbəsi ilə nəticələnib. Bu seçki noyabrda keçirilmiş ilkin seçkinin ləğv edilməsindən sonra baş tutub. Həmin seçki sosial şəbəkələr vasitəsilə Rusiyanın müdaxiləsi iddiaları səbəbiylə ləğv olunmuşdu.
DGSE mayın 19-da yaydığı bəyanatda bildirib: "DGSE seçki prosesi ilə əlaqəli hesabların qadağan olunması ilə bağlı hər hansı bir tələb irəli sürüldüyü iddialarını qəti şəkildə rədd edir".
40 yaşlı Durov əvvəlcə bu tələbin "Qərbi Avropa hökuməti" irəli sürüldüyünü iddia etmişdi. Həmin paylaşımda o, həmçinin fransız baqetinin emojisi də işlətdiyindən söhbətin Fransadan getdiyi ehtimal olunurdu.
Durov daha sonra paylaşım edərək Fransanın kəşfiyyat rəhbəri Lernerin adını birbaşa qeyd edib.
DGSE isə açıqlamasında bildirib ki, son illərdə bir neçə dəfə Durovu "şirkətinin və şəxsən özünün terror və uşaq pornoqrafiyası ilə bağlı təhlükələrin qarşısının alınması baxımından daşıdığı məsuliyyətlər" barədə qəti şəkildə xəbərdar etməyə məcbur olub.
Durov ötən ilin avqustunda Paris yaxınlığındakı hava limanında saxlanıldıqdan sonra beynəlxalq manşetlərə çıxmışdı. O, avqustun 28-də "Telegram" mesajlaşma tətbiqində iddia edilən qanunsuz fəaliyyətlərlə bağlı bir neçə cinayət maddəsi üzrə ittiham olunmuşdu. Lakin 5.5 milyon dollar girov ödəməklə həbsdən yayına bilmiş və Fransanı tərk etməmək, həmçinin həftədə iki dəfə polis bölməsinə müraciət etmək şərtiylə azadlığa buraxılmışdı.
Fransız prokurorlar Durovu "Telegram" tətbiqində narkotik alverinə və uşaqlara aid seksual xarakterli görüntülərin paylaşılmasına göz yummaqda, həmçinin tətbiqdəki qanunsuz fəaliyyətlərlə bağlı aparılan istintaqda tələb olunan sənədləri təqdim etməkdən imtina etməkdə günahlandırıblar.
Durov bu həbsi "əsassız" adlandırsa da, o vaxtdan bəri "Telegram" bu ittihamlarla bağlı qaldırılan məsələləri birbaşa hədəf alan müəyyən tədbirlər görüb.
'Amnesty International' Rusiyada 'arzuolunmaz təşkilat' elan edilib

Rusiya Baş Prokurorluğu 'Amnesty International' beynəlxalq insan haqları təşkilatını "arzuolunmaz" təşkilat elan edib.
Dövlət qurumu iddia edir ki, təşkilatın Londondakı mənzil-qərargahı Ukraynanın "himayədarları tərəfindən maliyyələşdirilən qlobal rusofob layihələrin hazırlanma mərkəzi"dir. Baş Prokurorluq hesab edir ki, 'Amnesty International'ın üzvləri "ekstremist" təşkilatları dəstəkləyir və "xarici agentlərin" fəaliyyətini maliyyələşdirir.
2025-ci ilin martında 'Amnesty International' illik hesabatını dərc edib. Həmin hesabatda bildirilib ki, Rusiya hakimiyyəti ukraynalı hərbi əsirləri və girov mülki şəxsləri işgəncələrə, xarici aləmlə əlaqəsiz şəkildə uzun müddət həbsdə saxlamağa, zorla yoxa çıxarma hallarına və digər qeyri-insani rəftarlara məruz qoyub. Hüquq müdafiəçiləri bildirirlər ki, belə rəftar hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabərdir.
'Amnesty International' 1961-ci ildə Böyük Britaniyada yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun işi, internet səhifəsində qeyd edildiyi kimi, insan hüquqları problemlərinin yerlərdə araşdırılması və təhlili, beynəlxalq həmrəylik kampaniyaları və insan hüquqlarının inkişafı üçün hökumətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıqdan ibarətdir.
"Amnesty"nin Rusiyaya cavabı: Səylərimizi ikiqat artıracağıq
"Amnesty International" Moskvanın təşkilatı "arzuolunmaz" elan etməsindən sonra Rusiyada insan haqları pozuntularını ifşa etmək üçün səylərini ikiqat artıracağına söz verib.
"Əgər hakimiyyət orqanları bizim təşkilatımızı "arzuolunmaz" elan etməklə insan haqları pozuntularını sənədləşdirmək və ifşa etmək işimizi dayandıracağımızı düşünürlərsə, dərindən yanılırlar – əksinə", - "Amnesty International"ın baş katibi Anyes Kallamar açıqlamasında bildirib.
"Biz təhdidlərə boyun əyməyəcəyik və Rusiyada insanların ayrıseçkilik olmadan insan haqlarından istifadə edə bilmələrini təmin etmək üçün əzmkar şəkildə fəaliyyətimizi davam etdirəcəyik. Ukraynada Rusiya tərəfindən törədilən müharibə cinayətlərini sənədləşdirməyə və dünya miqyasında bunu açıqlamağa davam edəcəyik. Həm ölkə daxilində, həm də xaricdə Rusiyanın açıq-aydın insan haqları pozuntularını ifşa etmək üçün səylərimizi ikiqat artıracağıq".
"Arzuolunmaz təşkilat" qanunu Rusiyada 2015-ci ildə qəbul olunub və xarici mənbələrdən maliyyə dəstəyi alan təşkilatları hədəf alır.
Rusiya siyahıdakı təşkilatların ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu iddia edir. Bununla belə, ekspertlər bunun sadəcə Rusiya hakimiyyətinin Kremlin fikirlərinə uyğun gəlməyən səsləri boğmaq cəhdi olduğunu deyir.
2024-cü ildə AzadlıqRadiosu da Rusiyada "arzuolunmaz"lar siyahısına salınıb.
Rusiya vətəndaşlarını "arzuolunmaz" təşkilatlarla əməkdaşlıq etdiklərinə və ya onların Rusiya daxilində maliyyələşdirilməsinə kömək etdiklərinə görə 5 ilə qədər həbs cəzası gözləyir.
Rusiya artıq üç ildir "Amnesty International"ın saytlarına girişi bloklayıb və Moskva ofisini qeydiyyatdan çıxarıb.
Lavrov Yerevana gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Ermənistanda işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, o, ermənistanlı həmkarı Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vahaqn Xaçaturyanla görüşlər keçirəcək.
"Tərəflər regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlanması üzrə ətraflı fikir mübadiləsi aparacaqlar", - Rusiya XİN-in məlumatında bildirilib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.
Bakı və Yerevan sülh sazişi imzalamayıb. Danışıqlar Vaşinqton, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə davam etdirilib.
Britaniya diplomatı İran Xarici İşlər Nazirliyinə çağrılıb

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım Londonun üç iranlını xarici casus agentliyinə Britaniya ərazisində fəaliyyət göstərməyə yardım etməkdə ittiham etməsindən sonra atılıb. Hadisə iki ölkə arasında münasibətlərin daha da pisləşdiyi bir vaxta təsadüf edir.
London sakinləri olan bu üç nəfər mayın 3-də həbs edilib və mayın 17-də onlara qarşı ittiham irəli sürülüb.
İran mediası mayın 19-da bildirib ki, Böyük Britaniya diplomatı həbslər və İran İslam Respublikasına qarşı irəli sürülən "əsassız" ittihamlarla bağlı izahat vermək üçün çağırılıb.
Britaniyanın terrorla mübarizə xidməti ötən həftəsonu 39 yaşlı Mustafa Sepahvənd, 44 yaşlı Fərhad Cavadi Maneş və 55 yaşlı Şapur Qalehali Xani Nurini 2024-cü ilin avqustun 14-dən 2025-ci ilin fevralın 16-na qədər "xarici kəşfiyyat xidmətinə kömək edə biləcək" davranışlarda ittiham edib.
Britaniya polisi sözügedən xarici kəşfiyyat xidmətinin İrana məxsus olduğunu bildirib.
İlkin məhkəmə zamanı prokurorlar iddia ediblər ki, bu üç şəxs İran hökumətini tənqid edən "Iran International" yayım şirkətinin Britaniyada yaşayan jurnalistlərini hədəf alıb.
Bu ittihamlar polisin mayın əvvəlində yeddi iranlı da daxil olmaqla səkkiz nəfəri iki ayrı əməliyyatda həbs etməsindən sonra gəlir.
Polis həmin əməliyyat çərçivəsində saxlanılanların sərbəst buraxıldığını, lakin istintaqın hələ da açıq qaldığını bəyan edib.
İrana səyahət edən britaniyalı cütlüyün fevral ayında casusluqda ittiham olunmasından sonra Tehran və London arasında münasibətlər pisləşib. Kreyq və Lindsi Foreman cütlüyünün İranda həbs olunduqları zaman motosikletlə dünya səyahətinə çıxdıqları bildirilir.
Britaniya mediası yazır ki, onlar dekabrın 30-da Ermənistandan İrana daxil olub və beş gündən sonra Pakistan sərhədi ilə ölkəni tərk etmək niyyətində olublar. Onlar Təbriz, Tehran və İsfahanda qalıblar.
Britaniya hazırda öz vətəndaşlarına heç bir halda İrana səfər etməməyi tövsiyə edir və həbs, sorğu-sual və ya saxlanma riskini əsas gətirir.
Beynəlxalq insan haqları qrupları İranı "girov diplomatiyası"nda, xarici və ikili vətəndaşları Qərblə münasibətlərdə təsir rıçaqları kimi istifadə etməkdə ittiham edir.
Polşa Rusiyaya gedən 'Boeing' təkərlərini müsadirə edib - alıcısı Azərbaycan şirkətidir

Polşanın Milli Gəlir İdarəsi (NRA) mayın 19-da bildirib ki, gömrük xidmətinin əməkdaşları Belarus vasitəsilə Rusiyaya gedən mülki "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş beş tonluq şin partiyasını ələ keçirib.
"Koroşində bir yük maşınına baxış zamanı əməkdaşlar müəyyən ediblər ki, sürücü bəyan edilmiş minik və avtobus şinləri əvəzinə "Boeing" mülki təyyarələrində istifadə olunan şinləri daşıyırmış", - NRA-nın açıqlamasında bildirilib.
Koroşin Polşanın şərq sərhədində yerləşir və Belarusun Brest şəhəri ilə qonşudur.
"Malların göndəricisi İspaniya şirkəti, alıcısı isə Azərbaycan şirkəti olub. Gömrük saxtakarlığı ilə bağlı cinayət işi başlanılıb. Sanksiyaya məruz qalmış mallar saxlanılıb", - idarə əlavə edib.
Prezident Vladimir Putinin Ukraynaya qarşı genişmiqyaslı işğal əmri verdiyi vaxtdan bəri Qərb ölkələri Rusiya əleyhinə bir neçə mərhələdə sanksiyalar tətbiq ediblər. Eləcə də, onlarla xarici şirkət Rusiya bazarını tərk edib.
Mediada yayılan məlumatlara görə, məhdudiyyətlərə baxmayaraq, Moskva bəzən hərbi məqsədlər üçün kritik əhəmiyyətli mallar və texnologiyalar əldə etməyə davam edir.
Anar Məmmədlinin məhkəməsi başlayır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə istintaq yekunlaşıb, iş baxılıması üçün məhkəməyə göndərilib.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 26-na təyin olunub.
A.Məmmədli ötən il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar. Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Qaçaqmalçılıq…
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Rusiya Estoniya limanından çıxan tankeri saxlayıb

Rusiya Baltik dənizindəki ərazi sularında "Green Admire" neft tankerini saxlayıb. Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, həmin gəmi Estoniyanın Sillаmyaye limanını tərk edərək razılaşdırılmış marşrut üzrə hərəkət edirmiş.
Liberiya bayrağı altında üzən tanker Yunanıstanın "Aegean Shipping" şirkətinə məxsusdur. O, mayın 17-də axşam Sillаmyayeni tərk edib və gecə yarısından sonra rusiyalılar tərəfindən dayandırılıb. Bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.
Daha sonra gəmi Qoqland adasına doğru hərəkət edib və orada lövbər salıb. Şist yağı daşıyan tankerin son təyinat məntəqəsi — Rotterdamdır. Gəmilərin hərəkətini monitorinq edən "Marinetraffic" xidməti sözügedən tankerin hazırda Hoqland yaxınlığında olduğunu təsdiqləyir.
Estoniya Xarici İşlər Nazirliyi bəyan edib ki, tankerin marşrutu təhlükəsizlik məqsədlərinə uyğun seçilmiş və Rusiya, Estoniya və Finlandiya arasında olan razılaşma çərçivəsində təsdiqlənmişdi. Belə halların qarşısını almaq üçün Estoniya Sillаmyaye limanına hərəkəti yalnız öz ərazi suları vasitəsilə yönəltmək niyyətindədir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna mayın 18-də X hesabında bildirib ki, "Rusiya özünü hələ də proqnozlaşdırıla bilməyən şəkildə aparır".
Mayın 14-də Estoniya Hərbi Dəniz Qüvvələri Rusiyanın "kölgə donanması" ilə əlaqədə şübhəli bilinən "Jaguar" tankerini Baltik dənizinin beynəlxalq sularda dayandırmağa cəhd edib. Gəmi əmrə tabe olmayıb. Estoniya tankeri saxlamaq üçün helikopter, təyyarə və dəniz patrul katerindən istifadə edib. Buna cavab olaraq Rusiya qırıcısını göndərib, o, NATO hava məkanına daxil olub və tankeri Leninqrad vilayətindəki Primorsk limanına müşayiət edib.
Baydenə prostat xərçəngi diaqnozu qoyulub

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və o, ailəsi ilə müalicə variantlarını nəzərdən keçirir. Mayın 18-də eks-prezidentin ofisi bu barədə məlumat yayıb.
Ofisin yaydığı açıqlamada bildirilib ki, mayın 16-da Baydenə bu diaqnoz qoyulub.
"Keçən həftə prezident Co Bayden sidik ifrazında artan simptomlarla üzləşdikdən sonra prostat vəzində yenidən aşkarlanan düyünlə bağlı müayinədən keçib. Cümə günü ona prostat xərçəngi diaqnozu qoyulub – Qlison şkalasına görə 9 bal ilə qiymətləndirilən və sümüyə metastaz verən bir forma", – açıqlamada deyilir.
"Bu, xəstəliyin daha aqressiv bir formasını təmsil etsə də, xərçəngin hormonlara həssas olduğu görünür ki, bu da onun effektiv idarə olunmasına imkan verir", – prezidentin ofisi əlavə edib.
Prezident Barak Obamanın dövründə səkkiz il vitse-prezident vəzifəsində çalışmış və 2020-ci ildə prezident seçkilərində Donald Trampı məğlub edən Bayden seçki kampaniyası zamanı Trampa qarşı zəif müzakirələr - yaddaş itkisi ilə bağlı tənqidlərə görə yenidən seçilməkdən imtina edib və namizədliyini geri götürüb.
Onun prezidentlik müddəti yanvarın 20-də başa çatıb, Tramp Kamala Harris üzərində qələbə qazandıqdan sonra vəzifəyə başlayıb. Harris prezident Baydenin vitse-prezidenti olub.
Baydenə qarşı tez-tez şəxsi təhqirlər səsləndirən Tramp mayın 18-də bildirib ki, o və Birinci xanım Melaniya "Co Baydenin son tibbi diaqnozu ilə bağlı xəbərdən kədərləniblər".
"Co döyüşçüdür və onun bu çətinliklə həmişəki gücü, dözümlülüyü və nikbinliyi ilə üzləşəcəyini bilirəm. Bunlar onun həyatını və liderliyini daim səciyyələndirən xüsusiyyətlər olub", - Harris yazıb.
Obama isə yazıb: "Mişel və mən Bayden ailəsini düşünürük… Əminəm ki, Co bu çətinliyə özünəməxsus qətiyyət və ləyaqətlə sinə gərəcək".
AP-nin məlumatına görə, prostat xərçənginə Qlison şkalası verilir – bu şkala xərçəng hüceyrələrinin normal hüceyrələrlə müqayisədə necə göründüyünü ölçür və 1-dən 10-a qədər qiymətləndirilir. Baydenin 9 ballıq göstəricisi onun xərçənginin ən aqressiv formaya yaxın olduğunu göstərir.
Metastaz vermiş xərçəng müalicəsi daha çətin olan növdür, çünki dərmanların bütün şiş ocaqlarına çatması və xəstəliyi tamamilə aradan qaldırması çətin olur.
Bununla belə, Baydenin diaqnozunda olan xərçəng növü hormonların təsiri ilə böyüyür, bu da şişləri həmin hormonlardan məhrum edən müalicə üsullarına qarşı həssas ola biləcəyini göstərir.
Papa XIV Leo vəzifəsinin icrasına başladı

Mayın 18-də Vatikanda Papa XIV Leonun taxta çıxma mərasimi keçirilib və o, rəsmən pontifik vəzifəsinin icrasına başlayıb.
267-ci Roma Papasının taxta çıxma mərasimində 150-dən çox ölkədən nümayəndə iştirak edib. Qonaqlar arasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, ABŞ dövlət katibi Marko Rubio, Ukrayna prezidenti Volodimir Zelenski və Peru prezidenti Dina Boluarte də olub. Yeni pontifik bir neçə onilliklər ərzində Peruda missioner və yepiskop kimi fəaliyyət göstərib.
Papa Fransiskin vəfatından sonra mayın 8-də 69 yaşlı amerikalı kardinal Robert Frensis Prevo yeni Papa seçilib. O, XIV Leo adını alıb. Bazar günü, mayın 11-də Müqəddəs Pyotr meydanında ilk dəfə çıxış edən Papa XIV Leo Ukraynada " həqiqi və davamlı" sülhə çağırış edib.
Mərasimdən sonra yeni Roma Papası Ukrayna prezidenti V.Zelenski ilə təkbətək görüşüb. Zelenski Rusiyanın Ukraynaya qarşı təxminən 39 aydır davam edən müharibəsində döyüşləri dayandırmağa kömək etmək üçün Roma Katolik Kilsəsinin rəhbərinə müraciət edib.
"Şəhid Ukrayna, nəhayət ki, ədalətli və davamlı sülh üçün danışıqların baş tutmasını gözləyir", - Leo mərasimdən sonra duada deyib.
"Biz Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə Vatikana təşəkkür edirik. Real nəticələr naminə istənilən formatda dialoqa hazırıq", - Zelenski görüşdən sonra bildirib.
Əfv Komissiyasının iclası keçirilib

Bu gün, mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üzrə yeddinci iclası keçirilib.
Komissiyadan ölkənin yerli saytlarına verilən məlumata görə, bu, 2025-ci il üzrə sonuncu iclas olub. Vurğulanıb ki, üç aydan çox davam edən toplantılarda ümumilikdə 800-dən çox müraciətə baxılıb. Amma müraciətlərin detalları açıqlanmır.
Baxılan müraciətlər yaxın zamanlarda prezidentə təqdim olunmalıdır. Mayın 28-i qeyd ediləcək Müstəqillik Günü ərəfəsində prezidentin növbəti əfv sərəncamı imzalayacağı gözlənir.
Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı.
Hüquq müdafiəçiləri isə bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 civarında siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Beynəlxalq insan haqları qurumları isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.