ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən qısa müddət sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu deyib.
Tramp mayın 13-dən 16-dək Yaxın Şərqə səfər etməyi planlaşdırır.
CNN bildirib ki, ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə görüşmək ehtimalının az olduğunu əlavə edib.
"Bu mümkündür, amma çox güman ki, yox. Düşünürəm ki, biz onunla bundan qısa müddət sonra görüşəcəyik", –Tramp bildirib.
Yaxın Şərq səfəri Trampın ikinci prezidentlik müddətində xaricə ikinci rəsmi səfəri olacaq. Bu, onun bu həftəsonu Romaya – Papa Fransiskin dəfn mərasiminə qatılmaq üçün planlaşdırılan səfərindən sonra baş tutacaq.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət katibi Marko Rubio London görüşünə qatılmayacaqlar
23 aprel
Ukrayna danışıqları yüksəkvəzifəli rəsmilərin qatılmaması üzündən arxa plana keçdi
Londonda ABŞ, Ukrayna və Avropa İttifaqı (Aİ) nümayəndələrinin Ukraynada mümkün atəşkəslə bağlı şərtlərin müzakirəsinə həsr olunmuş görüşü ABŞ, Britaniya və Fransanın xarici işlər nazirlərinin iştirakı olmadan baş tutacaq. Bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Daha sonra Britaniya Xarici İşlər Nazirliyi (XİN) də Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri səviyyəsində görüşünün təxirə salındığını təsdiqləyib. "The Guardian" Britaniya XİN-ə istinadən yazıb ki, Londonda danışıqlar daha aşağı səviyyədə baş tutacaq və mətbuata qapalı olacaq.
"Axios" saytı isə məlumatlı mənbələrə istinadən yazıb ki, bu gün, aprelin 23-də Londonda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti bütövlükdə sülh planını deyil, 30 günlük atəşkəsi müzakirə etmək istəyir.
ABŞ prezidenti Donald Trampın vəzifəyə başlayandan 24 saat sonra müharibəni bitirəcəyi ilə bağlı verdiyi vədə baxmayaraq, Ukrayna müharibəsi tam sürətlə davam edir və sülhün yaxınlaşdığına dair əlamət çox azdır. Çox az sayda ekspert Londonda hər hansı irəliləyişin olacağına ümid bəsləyir.
"Elə görünür ki, müharibə çıxılmaz vəziyyətə düşüb", – rusiyalı siyasi şərhçi Dmitri Oreşkin "Current Time"a bildirib. "Aydındır ki, Rusiyanın irəliləmə tempi aybaay azalır və bunun qəfil artacağını gözləmək üçün heç bir əsas yoxdur. Beləliklə, biz bir şəkildə razılaşmaya gəlmək məcburiyyətində qalacağıq".
Krım Ukraynadır?
Keçən həftə Parisdə M.Rubionun da iştirak etdiyi görüşlərdən sonra ABŞ rəsmilərinin danışıqlarda iştirak edən ukraynalı heyətə təklif təqdim etdikləri iddia olunur. Bu təklif Vaşinqtonun Rusiyanın 2014-cü ildə Krımı ilhaqını tanımasını nəzərdə tutur.
"The Wall Street Journal", "Bloomberg" və CNN-nin xəbərlədiyi bu ideyaya Ağ evin nə dərəcədə sadiq olduğu isə, hələlik, qeyri-müəyyəndir. Əgər bu plan qəbul olunarsa, bu, ABŞ-nin uzun müddətdir davam edən siyasətindən kəskin bir uzaqlaşma olacaq və Konqreslə ziddiyyətə səbəb ola bilər. Çünki Konqres Rusiyanın Krımı ilhaqını rədd edən qanunvericilik qəbul edib.
Bu, Ukrayna prezidenti Volodimir Zelenski üçün də olduqca çətin vəziyyət yarada bilər. Çünki ukraynalıların böyük əksəriyyəti hələ də Qara dəniz sahilində yerləşən Krım yarımadasını öz torpaqları hesab edir və çox az sayda ölkə Moskvaya bu məsələdə dəstək verib.
Krım
Mümkün seçkilərin yaxınlaşdığı bir vaxtda Zelenskinin Rusiyanın iddiasını qəbul etməsi siyasi intihar ola bilər.
Krımdan əlavə olaraq, Rusiya qismən işğal etdiyi daha dörd bölgəni də ilhaq edib. Bu, Xerson, Zaporojye, Donetsk və Luqanskdır.
Vaşinqtonun təşəbbüsü ilə Moskva və Kiyev arasında razılaşdırıldığı deyilən 30 günlük atəşkəsi isə hər iki tərəf dəfələrlə pozub.
Keçən həftə Parisdə keçirilən görüşdən sonra M.Rubio danışıqların ləng irəliləməsindən narazılıq ifadə edib. O, Vaşinqtonun bu səylərdən tamamilə çəkilə biləcəyini bildirib.
"Biz indi, burada bir neçə gün ərzində müəyyən etməliyik ki, bu, qısa müddətdə mümkün olacaq, ya yox", – Rubio aprelin 18-də deyib. "Əgər mümkün deyilsə, onda düşünürəm ki, sadəcə, yolumuza davam edəcəyik".
Rubionun Londonda keçiriləcək görüşə qatılacağı gözlənilirdi. Lakin aprelin 22-də Dövlət Departamentinin sözçüsü Temmi Brüs bildirib ki, o, bu görüşə qatılmayacaq.
"Bu, görüşlərlə bağlı bəyanat deyil. Bu, onun cədvəlindəki logistik məsələlərlə bağlı bəyanatdır", – Brüs qeyd edib.
"The Financial Times" isə yazıb ki, S.Uitkoff da Londondakı görüşdə iştirak etməyəcək.
"Bir qarış da yox"
Kreml 2022-ci ilin fevralında müharibəyə başlamağın əsas səbəblərindən biri olaraq Ukraynanın NATO-ya qoşulmaq istəyini göstərib.
Prezident Zelenski və onun hökuməti NATO üzvlüyünü onun sərhədlərindəki Rusiya təhlükəsinə qarşı əhəmiyyətli bir əks-tarazlıq kimi görür və bu yolda irəliləməyə sadiq olduğunu bildirib.
Bununla belə, Krım məsələsinə əlavə olaraq, Tramp administrasiyası sülh razılaşması çərçivəsində Ukraynanın NATO üzvlüyü perspektivindən də imtina etməyi təklif edib.
"NATO mövzusu masada deyil", – ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloq aprelin 20-də "Fox News"a bildirib.
Nəzərə alsaq ki, Ukraynanın NATO-ya tezliklə üzv olması yaxın perspektivdə reallaşacaq məsələ kimi qiymətləndirilməyib və alyansın bir çox üzvü tərəfindən tam dəstəklənməyib, bu perspektivin tamamilə ləğv olunması Moskva üçün böyük güzəşt kimi görünə bilər.
Zelenski üçün bu məsələ problemlidir, çünki Ukraynanın NATO-ya üzvlük məqsədi 2019-cu ildən bəri ölkə Konstitusiyasında rəsmi şəkildə təsbit olunub. Krım məsələsində olduğu kimi, o, NATO-ya üzvlüklə bağlı istənilən qərarı Ukrayna seçiciləri qarşısında müdafiə etməli olacaq.
London danışıqlarından bir gün sonra isə NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
Volodimir Zelenski
Atəşin dayandırılması, atəşkəs, sülh sazişi
Fevral ayından bəri Tramp administrasiyası Kreml ilə birbaşa danışıqlara başlayıb. Bu isə ukraynalıları və eyni zamanda hər hansı bir razılaşmadan kənarda qalmaqdan qorxan avropalıları narahat edir
Uitkoff Rusiya prezidenti Vladimir Putinlə üç dəfə görüşüb və ən sonuncu görüş aprelin 11-də Sankt-Peterburqda baş tutub. Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Uitkoff London danışıqlarından sonra Moskvaya qayıtmağı planlaşdırır. Sonradan bu xəbəri Dövlət Departamentinin sözçüsü Brüs də təsdiqləyib.
"London danışıqlarının ilkin məqsədi qeyd-şərtsiz atəşkəsə nail olmaqdır. Bu, başlanğıc nöqtəsi olmalıdır",- Zelenski Britaniyanın baş naziri Kir Starmerlə danışdıqdan sonrakı bəyanatında bildirib. "Biz əvvəllər olduğu kimi, qeyd-şərtsiz atəşkəsə və ardınca real və davamlı sülhün qurulmasına nail olmaq üçün mümkün qədər konstruktiv şəkildə irəliləməyə hazırıq".
Müvəqqəti atəşkəs və ya döyüşlərin daha uzunmüddətli dayandırılması daha çox Moskvanın mövqeyindən asılı ola bilər. Çünki Moskvanın döyüş meydanında üstünlüyü və "maksimalist" tələblərindən geri çəkilmək üçün daha az həvəsi var.
Aprelin 19-da Putin 30 saatlıq Pasxa atəşkəsi elan edib və bunu xoş niyyət jesti kimi təqdim edib. Lakin bu atəşkəsi hər iki tərəf dəfələrlə pozub.
İki gün sonra isə Putin Zelenski ilə birbaşa danışıqlar aparmağa açıq olduğunu bildirib. Belə bir danışıqlar 2022-ci ilin fevral işğalından bəri baş verməyib.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.