16 yaşında Vladislav Rudenko Rusiya qüvvələri tərəfindən əsir alınıb və doqquz ay Rusiya işğalı altında olan Krım və Xersonda yerləşən uşaq düşərgələrində saxlanılıb.
Təxminən digər 20 min ukraynalı gəncdən fərqli olaraq, Rudenko "Ukraynanı xilas et" QHT-si tərəfindən xilas edilib və doqquz ay əsirlikdə qaldıqdan sonra Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.
Prezident Volodimir Zelenski və digər ukraynalı rəsmilər bildirir ki, hazırda minlərlə belə uşağın taleyi əsas diqqət mərkəzindədir. Bu uşaqların çoxu hələ də Rusiyanın işğalı altındakı ərazilərdə, Moskvanın "reabilitasiya mərkəzləri" adlandırdığı yerlərdə saxlanılır.
"Bu cinayət hərtərəfli araşdırılmalı və məsuliyyət daşıyanlar cavab verməlidir", - Ukraynanın xarici işlər naziri Andriy Sibiqa həftəsonu "Uşaqlar danışıqlar predmeti deyil" (Children Are Non Negotiable) kampaniyasının başlanması çərçivəsində deyib.
"Ədalətli və davamlı sülh bütün bu ukraynalı uşaqların evlərinə qayıtmasını tələb edir", - nazir bildirib.
ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Ukrayna və Rusiya arasında gedən müharibəni sonlandırmağı xarici siyasətinin əsas prioriteti adlandırıb. Danışıqlar bir neçə mübahisəli mövzu üzərində davam etsə də, ukraynalı rəsmilər Ukraynadan aparılmış bütün vətəndaşların geri qaytarılmasını hər zaman əsas müzakirə mövzusu kimi saxlayıb.
Ukraynalı rəsmilər Moskvanı "sistemli deportasiya" adlandırılan prosesi təşkil etməkdə günahlandırır. Moskva uşaqları Ukraynadan oğurlayaraq Rusiya nəzarətində olan ərazilərə, hətta daha uzağa - Rusiyanın öz ərazisinə və müttəfiqi Belarusa köçürməkdə ittiham olunur.
"Yenidən tərbiyələndirmə"
Keçən il AzadlıqRadiosunun Belarus xidməti və Ukrayna xidmətinin araşdırma bölməsi olan "Sxema" tərəfindən toplanmış sübutlar göstərib ki, bu düşərgələrdən ukraynalı gənclərə həm Moskva, həm də Minskin ideyalarını təbliğ etmək üçün istifadə olunur. Bu, 2023-cü ilin noyabrında Yel Universitetinin nəzdində olan Humanitar Tədqiqat Laboratoriyasının yayımladığı araşdırmadan sonra ortaya çıxıb. Həmin araşdırma nəticəsində məlum olub ki, Minsk və Moskva ukraynalı məktəblilərin Belarusa səfərlərini təşkil edib. Bu səfərlər iki ölkə arasında qurulmuş "İttifaq Dövləti" çərçivəsində həyata keçirilib.
Yelin araşdırmasında bu proses "yenidən tərbiyələndirmə" kimi xarakterizə olunub. "Yenidən tərbiyələndirmə" isə belə izah olunur: "Hər iki rejimin siyasi maraqlarına xidmət edən mədəni, tarixi, ictimai və vətənpərvər mesajların və ideyaların təbliği".
Araşdırmaya görə, ən azı altı uşaq qrupuna Rusiya Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən hərbi təlimlər keçirilib.
Rudenko bu ayın əvvəlində AzadlıqRadiosunun Ukrayna xidmətinə verdiyi müsahibədə bildirib ki, Rusiya hakimiyyət orqanları tərəfindən saxlanıldığı dövrdə onun gündəlik rejimi açıq şəkildə müəyyən istiqamətə yönəldilmişdi.
"Oyananda Rusiya himnini oxuyurduq, bayraq qaldırırdıq, idman edirdik. Səhər yeməyindən sonra isə bizə Rusiyada gecə ərzində nə baş verdiyini danışırdılar. Sonra isə rus filmlərinə baxmağa aparırdılar",- o, düşərgələrdə saxlanıldığı vaxtdakı gündəlik rejimini xatırlayaraq bildirib.
Yel Universitetinin Humanitar Tədqiqat Laboratoriyasının məlumatına görə, Ukraynadan azı 8 min 400 uşaq sistemli şəkildə köçürülərək azı 57 müəssisəyə yerləşdirilib. Bunlardan 13-ü Belarusda, qalanları isə Rusiyada və Rusiyanın işğalı altındakı ərazilərdə yerləşir.
1300 uşaq qaytarılıb
Ukraynanın rəsmi hökumət portalı childrenofwar.gov.ua-nın məlumatına görə isə, aparılan uşaqların sayı təxminən 20 min nəfərdir və onlardan cəmi min 300 uşaq geri qaytarılıb.
Vaşinqton uşaqların repatriasiyası məsələsində Kiyevi dəstəklədiyini bildirib. Keçən ay ABŞ bəyan edib ki, hərbi əsirlərin mübadiləsini, mülki məhbusların azad edilməsini və zorla köçürülmüş ukraynalı uşaqların geri qaytarılmasını dəstəkləməyə sadiq qalır. Ancaq Ukrayna rəsmiləri narahatdır ki, Tramp administrasiyasının büdcənin azaldılması ilə bağlı son addımları uşaqların hara köçürüldüyü ilə bağlı araşdırmalara və onların geri qaytarılması səylərinə ciddi şəkildə mane ola bilər.
ABŞ-də fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (Institute for the Study of War) analitiki və qrup rəhbərinin müavini Karolina Hörd xəbərdarlıq edib ki, Rusiya vətəndaşlığı qəbul etməyə məcbur edilən ukraynalı yeniyetmələr Rusiya ordusuna çağırıla və öz xalqına qarşı döyüşməyə məcbur edilə bilərlər. Bu isə beynəlxalq hüququn pozulmasıdır.
"Deportasiya olunmuş uşaqlar nəzərə alınmadan aparılan danışıqlar və döyüşlərin dayandırılması Rusiyanı bu cinayətləri tam cəzasızlıq şəraitində davam etdirməyə təşviq edəcək", - o vurğulayıb.