Keçid linkləri

2025, 08 May, Cümə axşamı, Bakı vaxtı 16:29

Hindistan-Pakistan müharibəsi: 'Daxili siyasət ölkə rəhbərlərindən millətçilik tələb edir'


Hindistanın Cammu bölgəsindəki Punç rayonuna artilleriya mərmisinin düşməsindən sonra tüstü yüksəlir.
Hindistanın Cammu bölgəsindəki Punç rayonuna artilleriya mərmisinin düşməsindən sonra tüstü yüksəlir.

Pakistan mayın 7-i səhər saatlarında Hindistan silahlı qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində səkkiz nəfərin öldüyünü bildirib və bu hücumu "açıq-aşkar müharibə aktı" adlandırıb.

Hindistan isə ona qarşı hücumların təşkil edildiyi "terror infrastrukturu" olan doqquz Pakistan obyektini vurduğunu bildirib.

Hindistan, eyni zamanda, mülki əhalisi arasında da itkilər verdiyini açıqlayıb. Ordunun məlumatına görə, Pakistan qoşunlarının nəzarət xətti boyunca həyata keçirdiyi artilleriya atəşi nəticəsində üç mülki şəxs həlak olub. Bu xətt Hindistan və Pakistan arasında de-fakto sərhəddir.

Qeyd olunub ki, Hindistan ordusu qarşı tərəfə "proporsional şəkildə cavab verir".

Pakistan Silahlı Qüvvələrinin İctimai Əlaqələr İdarəsinin (ISPR) baş direktoru, general-leytenant Əhməd Şərif mətbuat konfransında deyib ki, Hindistan tərəfindən altı yerə 24 zərbə endirilib və nəticədə səkkiz mülki şəxs həlak olub, 35 nəfər yaralanıb. Daha səkkiz nəfər isə itkin düşüb.

"Pakistan bu hücuma cavab verəcək", – deyə o, sual qəbul etmədən mətbuat konfransını yekunlaşdırıb.

Pakistan hərbi hava qüvvələrinin Hindistan təyyarələrini vurduğu da bildirilir. Pakistanın informasiya naziri Attaullah Tarar X platformasında bildirib ki, üç Hindistan təyyarəsi və bir Hindistan pilotsuz təyyarəsi Pakistan tərəfindən vurulub.

Pakistanın baş naziri Şahbaz Şərif mayın 7-də səhər saatlarına Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını təyin edib.

Hindistanla sərhəddə yerləşən Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz əyalətdə fövqəladə vəziyyət elan edib. Bütün məktəblər, kolleclər və universitetlər bağlanır. Polis və digər təhlükəsizlik orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib, məzuniyyətdə olan həkimlər isə xidmətə geri çağırılıb.

Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, hücum mülki hava nəqliyyatı üçün ciddi təhdid yaradır və bu səbəbdən Lahor və İslamabad hava limanlarında bütün uçuşlar və əməliyyatlar 48 saat müddətinə dayandırılıb.

Hindistan ordusunun bəyanatında hərbi əməliyyat "Sindur" adlandırılıb və doqquz obyektin vurulduğu bildirilib.

"Bir qədər əvvəl Hindistan Silahlı Qüvvələri "Sindur" əməliyyatını başladaraq Hindistana qarşı terror hücumlarının planlaşdırılıb idarə olunduğu Pakistan və Pakistanın işğal etdiyi Cammu və Kəşmirdəki terrorçu infrastruktur obyektlərinə zərbələr endirib", –bəyanatda bildirilib.

"Əməliyyatlarımız məqsədyönlü, ölçülü və gərginliyi artırmayan xarakter daşıyır. Pakistanın hərbi obyektləri hədəf alınmayıb", – deyə bəyanatda əlavə olunub.

Pakistan Silahlı Qüvvələrinin İctimai Əlaqələr İdarəsi (ISPR) bildirib ki, Hindistan üç yerə raket atıb — Pakistanın nəzarətində olan Kəşmirin əsas şəhəri olan Muzəffərabada, eləcə də Kotliyə (bu da Pakistanın idarə etdiyi Kəşmirdə yerləşir) və Pəncab əyalətindəki Bəhavalpur şəhərinə.

Bəhavalpur və Muridke bölgələri qadağan olunmuş "Caiş-e Məhəmməd" və "Laşkar-e Canqvi" silahlı qruplarının mərkəzləri kimi tanınır.

Kəşmirdə vurulan təyyarənin qalıqları
Kəşmirdə vurulan təyyarənin qalıqları

"Hindistan-Pakistan gərginliyi süni vətənpərvərliyi alovlandırır'

Hücum Vaşinqtonda həyəcana səbəb olub. ABŞ prezidenti Donald Tramp hücum barədə məlumatlandırıldığını və döyüşlərin çox tez bir zamanda başa çatacağına ümid etdiyini deyib.

BMT baş katibi Antonio Quterreş hücumla bağlı narahatlığını ifadə edib və hər iki ölkəni maksimum təmkin göstərməyə çağırıb. "Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanı qaldıra bilməz", – Quterreşin sözçüsü ona istinadən sitat gətirib.

ABŞ dövlət katibi Marko Rubio vəziyyəti müzakirə etmək üçün Pakistanın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda Pakistanın baş kəşfiyyat orqanı – Hərbi Kəşfiyyat Xidmətinin (ISI) rəhbəri general-leytenant Asim Maliklə əlaqə saxlayıb.

Dövlət katibi Rubio həmçinin hindistanlı həmkarı ilə də danışıb və bildirib ki, münaqişənin həlli üçün Hindistan və Pakistanla dialoqu davam etdirəcək.

"O, Hindistan və Pakistan rəhbərlikləri arasında birbaşa əlaqə kanalının yenidən açılmasını təşviq edir ki, vəziyyəti yumşaltmaq və daha da gərginləşməsinin qarşısını almaq mümkün olsun", –ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz bəyanatında bildirib.

Yaxın Şərqi Cənub Asiya Strateji Araşdırmalar Mərkəzinin beynəlxalq əlaqələr üzrə tanınmış professoru Həsən Abbas AzadlıqRadiosuna deyib ki, terror həmişə pislənməlidir. Onun sözlərinə görə, lakin Pakistanın araşdırma aparmadan bu hadisəni Hindistanın "saxta bayraq" əməliyyatı olaraq tələsik qələmə verməsi məsuliyyətsizdir. O əlavə edib ki, eyni şəkildə, Hindistanın Pakistanı etibarlı dəlil olmadan ittiham etməsi yalnız etibarın azaldılmasına və gərginliyin artma riskinin yüksəlməsinə səbəb olur.

"Bizə indi fərqli bir cəsarət lazımdır - əməkdaşlığı təsəvvür etmək üçün cəsarət... qarşıdurmanı yox. Yoxsulluq və iqlim həssaslığının ikiqat böhranı ilə üzləşən regionda müharibə heç kimin ödəyə bilməyəcəyi bir qiymətdir", - o vurğulayıb.

Pakistanın ABŞ-dəki keçmiş səfiri, Ənvər Qarqaş Diplomatik Akademiyasının və Hudzon Fondunun baş elmi işçisi Hüseyn Haqqani AzadlıqRadiosuna deyib ki, hər iki tərəfin daxili siyasəti iki ölkənin rəhbərliyindən millətçi mövqe tutmağı tələb edir.

"Bu vəziyyətdə Hindistan üçün yeganə sağlam yanaşma zərbə nümayiş etdirmək və Pakistanın vəziyyətin alovlanmaması üçün cavab verməsidir", - Haqqani deyib.

"Ancaq bir tərəf vurarsa, digəri cavab verirsə, sonra digəri yenidən zərbə endirsə və bu davam edərsə, o zaman vəziyyət nəzarətdən çıxa bilər", - o əlavə edib.

Onun sözlərinə görə, hazırda iki ölkənin xalqları bu hücumları alqışlasa da, ən çox zərbə insanlara dəyəcək, çünki iki ölkənin iqtisadiyyatı zərər görəcək.

Kəraçi Federal Urdu Universitetinin Kütləvi Kommunikasiyalar Departamentinin keçmiş rəhbəri Tausif Əhməd Xan isə bildirib ki, Hindistan-Pakistan gərginliyi süni vətənpərvərliyi alovlandırır

"Regionun 1.5 milyard əhalisi - çoxu yoxsulluq içində yaşayır - bu münaqişənin əsl qurbanlarıdır", - Xan deyib.

Xan həmçinin iddia edib ki, Hindistan baş naziri Narendra Modinin "Bharatiya Canata" partiyası dünyəvi Hindistanı hindu dövlətinə çevirməyi hədəfləyir, Pakistan mediasından isə uzun müddətdir "dərin dövlət” tərəfindən anti-demokratik hekayələri təbliğ etmək üçün istifadə olunur.

Xan AzadlıqRadiosuna bildirib ki, Hindistan mediası baş nazir Modinin Hindutva ideologiyasının təsiri altındadır, Pakistan mediası isə onun "dərin dövlət" adlandırdığı qurumun ciddi nəzarətindədir.

XS
SM
MD
LG