Keçid linkləri

2025, 01 May, Cümə axşamı, Bakı vaxtı 03:52

Çin, Hindistan və Rusiya Talibanla yaxınlaşmağa çalışır


Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşür
Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşür

2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban rəhbərliyi xarici hökumətlər tərəfindən təcrid olunsa da, son zamanlar beynəlxalq əlaqələr qurmaq istiqamətindəki diplomatik səylərində böyük uğurlar qazanıb.

Bu həftə Hindistanın xüsusi elçisi Anand Prakaş siyasi və ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı Talibanın yüksəksəviyyəli liderləri ilə danışıqlar aparmaq üçün Kabildə idi. Bu səfər Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun Daşkənddə Taliban nümayəndə heyətini qəbul etməsinin ardınca gəlib. Daşkənddəki görüşdə trans-Əfqanıstan dəmiryol əlaqəsi haqqında müzakirələr olub. Və ötən həftə, bütün bunların ən böyük uğuru olaraq, Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarıb, Kabilə və Moskvaya səfirlərin təyin edilməsi barədə razılığa gəlinib.

Hələlik, heç bir ölkə Taliban rejimini tanımayıb. Bu silahlı hökumət insan hüquqlarının, xüsusilə də qadınlar və qızların hüquqlarının ciddi şəkildə pozulmasına görə geniş tənqid olunur. Lakin hadisələr onların beynəlxalq aləmdə qəbul edilmə hədəfinə doğru irəliləyir.

"Böyük güclərin artıq terror təşkilatını tanımaq üçün bir-biriləri ilə rəqabətə girdiklərinə dair artan hiss var", - əfqan siyasi analitik Faxim Kuxdomani "Current Time"a bildirib.

Çin 2024-cü ilin yanvarında Talibanın təyin etdiyi səfiri qəbul edən ilk ölkə olub. Çin özünün "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində infrastruktur və sərmayə məsələləri üzrə danışıqları irəlilətməkdədir.

Rusiya Əfqanıstanda nə istəyir?

Rusiya da Əfqanıstanda iqtisadi maraqlarını inkişaf etdirməyə çalışır, xüsusilə də mədənçilik və enerji sahələrində. Taliban hakimiyyəti ələ keçirdikdən sonra Rusiya Kabildə öz səfirliyini açıq saxlayıb, yalnız rəsmi olaraq səfirliyin statusunu aşağı salıb.

"Rusiya kəşfiyyat xidmətləri heç vaxt Taliban komandirləri ilə əlaqələrini kəsməyib", - Kuxdomani qeyd edib.

Təhlükəsizlik məsələsində Rusiyanın əsas marağı "İslam Dövləti–Xorasan" qrupuna qarşı mübarizə aparmaqdır. Bu qrup 2024-cü ilin martında Moskvada "Crocus" konsert zalına ölümcül terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Dehlidə yerləşən "Observer Research Foundation" (OSR) analitik mərkəzinin əməkdaşı Aleksey Zaxarov isə bildirib ki, Rusiya Əfqanıstanda iqtisadi gündəmi izləyir.

O, aprelin 28-də yazıb: "Rusiya və Taliban nümayəndələrinin 2025-ci ilin mayında Kazan Forumunda 50 milyon kubmetr mayeləşdirilmiş neft qazı (LPG) ilə bağlı müqavilə imzalaması gözlənilir".

Bu, Cənub və Cənub-Şərqi Asiya bazarlarını hədəfləyəcək.

"Lakin Əfqanıstan vasitəsilə olan marşrutun tutumu və təhlükəsizlik məsələləri son nəticədə bu razılaşmanın icrasını məhdudlaşdıra bilər", - Zaxarov əlavə edib.

Rusiyadan Özbəkistan və Əfqanıstandan ərazisindən keçməklə Pakistana tranzit dəhliz yaratmağa çalışan dəmiryol layihəsi ilə də bağlı oxşar problemlər meydana çıxa bilər.

Hindistan-Pakistan gərginliyi

Talibanın cənubdakı qonşusu Pakistanla münasibətləri gərginləşib, çünki İslamabad Talibanı "Təhrik-e Taliban Pakistan" (TTP) döyüşçülərinə sığınacaq verməkdə ittiham edir. Pakistan ordusu aprelin 27-də açıqlayıb ki, sərhədi keçməyə çalışan 54 silahlı öldürülüb.

Pakistan son həftələrdə 100 minə yaxın əfqan qaçqını terrorizm və narkotik qaçaqmalçılığında ittiham edərək deportasiya edib.

Viskonsin Universitetinin qlobal məsələlər üzrə müəllimi Nəcib Azar aprelin 29-da AzadlıqRadiosuna deyib: "Hindistan Taliban və Pakistan arasında dəyişən münasibətləri diqqətlə izləyir".

Talibandan əvvəlki Əfqanıstan hökumətinin sözçüsü olan Azar əlavə edib ki, Hindistan "Bu boşluğu doldurmağa və Pakistanın Taliban daxilində yaratdığı anti-Hind əhval-ruhiyyəsini yumşaltmağa çalışır".

Qərb Talibanla danışırmı?

Qərb gücləri 2021-ci ildə öz qoşunlarını Əfqanıstandan geri çəkdikdən sonra Talibanla məsafə saxlamaqda israrlı olublar. Onlar həmçinin insan hüquqları pozuntularına görə Talibanı çox açıq şəkildə tənqid ediblər.

Amma burada da bir hərəkətlilik var. Martda Britaniya hökumətinin hesabatında bildirilib ki, London Qətərdəki səfirliyi vasitəsilə Taliban rəsmiləri ilə "məhdud və praqmatik" əlaqə siyasəti yürüdür.

Almaniyanın yeni kansleri Fridrix Merts əfqanların deportasiyası üçün Taliban rəhbərliyi ilə birbaşa danışıqlara çağırış edib. Xristian demokratların xarici siyasət sözçüsü Yurqen Hardt fevralda AzadlıqRadiosuna deyib: "Həqiqət budur ki, onlar hakimiyyətdədirlər".

"Tanınma məsələsi də var. Düşünürəm ki, Avropa İttifaqının bununla necə məşğul olacağına dair ortaq mövqe olmalıdır. Hələ yox, amma çox güman ki, xüsusi şəraitdə", - o deyib.

ABŞ rəsmiləri isə Talibanla artıq birbaşa danışıqlar aparıb. Keçən ay onlar amerikalıların azad olunması üçün Kabildə danışıqlar keçiriblər. Bunun müqabilində Vaşinqton, Talibanın daxili işlər naziri də daxil olmaqla, "Haqqani şəbəkəsi"nin üç üzvünün başına qoyulan mükafatları ləğv edib.

"Mənə elə gəlir ki, Moskvanın Talibanı terror təşkilatları siyahısından çıxarmaq barədə yekun qərarı Vaşinqtonun onların liderlərinin başına qoyulan mükafatları silməsindən sonra verilib", - əfqan politoloq F.Kuxdomani bildirib.

İki amerikalı azad edilib ancaq bir neçəsi hələ də Talibanın nəzarətində saxlanılır və qarşıda gediləcək yol var. ABŞ hələ də həm Taliban, həm də "Haqqani şəbəkəsi"ni terror təşkilatı kimi tanıyır.

Taliban üçün təhlükələr

Talibandan öncəki Əfqanıstan hökumətinin keçmiş sözçüsü N.Azar bildirib ki, Taliban bir neçə ölkə ilə daha yaxşı münasibətlər qurmağa çalışarkən, onun üçün risklər də mövcuddur.

"Risk, son 50 ildə olduğu kimi, qlobal və regional güclərin Əfqanıstanı öz rəqabətləri üçün döyüş meydanı kimi istismar etməsinə icazə verməkdədir", - o qeyd edib. "Talibanın bu güclərlə bağlı balanslaşdırılmış siyasi mövqeyini qoruyub saxlaya bilmədiyini nəzərə alsaq, onlar yenidən regionda qeyri-sabitliyin katalizatoruna çevrilmək riski ilə üzləşirlər".

Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və "Current Time" xidməti tərəfindən hazırlanıb.

XS
SM
MD
LG