Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:20

Hindistan və Pakistan yenə münaqişə astanasında. Səbəblər...


Hindistan əsgərləri Pahalqamdakı hücumdan bir gün sonra axtarış əməliyyatından sonra geri çəkilirlər.
Hindistan əsgərləri Pahalqamdakı hücumdan bir gün sonra axtarış əməliyyatından sonra geri çəkilirlər.

Nüvə silahlarına malik iki rəqib ölkə düşünün. Bu mənzərəyə uzunmüddətli müharibə tarixi və onilliklərdir üsyan edən mübahisəli bir bölgəni əlavə edin. İndi isə mülki şəxslərə qarşı ölümcül silahlı hücumunu da bu tabloya qatın ki, mövcud gərginliyin partlama həddinə gəlib çatdığını görə biləsiniz.

Aprelin 22-də Hindistanın nəzarətində olan Cammu və Kəşmirdə 26 nəfərin ölümünə səbəb olan hücumdan sonra iki ölkə arasında gərginlik artıb. Hindistan Pakistanı transsərhəd terrorizmi dəstəkləməkdə ittiham edib, lakin Pakistan hökuməti bu hücumun arxasında olduğunu inkar edib.

Aprelin 26-da Pakistan hücumla bağlı "neytral" araşdırma aparılmasına çağırış edərək sülhə sadiq qaldığını və istənilən təhqiqatda əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Aprelin 24-ü və 25-də isə Hindistan və Pakistan qüvvələri mübahisəli Kəşmir bölgəsində iki ölkəni ayıran Nəzarət Xətti (LoC) boyunca bir-birinə atəş açıb.

Bu gərginliyin Hindistan və Pakistanı yenidən münaqişə astanasına gətirib çıxaracağı barədə qlobal narahatlıq yaranıb.

Özünü "Müqavimət Cəbhəsi" adlandıran bir qrup aprelin 22-dəki hücuma görə məsuliyyəti üzərinə götürüb. Hindistan rəsmiləri isə bu qrupun Pakistandakı "Laşkar-e-Tayba" radikal islamçı təşkilatının bir qolu olduğunu bildirir.

Hücumda iştirak edən üç şübhəli - bir Hindistan vətəndaşı və iki Pakistan vətəndaşı üçün axtarış aparılır. Hindistan Ordusu Kəşmir vadisində onları tapmaq üçün "axtarış və məhv" əməliyyatlarına başladığını bəyan edib.

Hücum Hindistan və Pakistan arasında gərginliyi necə artıra bilər?

1947-ci ildə Britaniya Hindistanı böldükdən sonra, o vaxtdan bəri Hindistan və Pakistan hər biri Kəşmirə iddia edir. Sərhəd toqquşmaları uzun illərdir Cənubi Asiyada sabitliyi pozur.

Bu iki əzəli rəqib Kəşmir uğrunda üç dəfə müharibə aparıb. On illərdir Hindistan hakimiyyətinə qarşı mübarizə aparan silahlı üsyançılar bölgədə fəaliyyət göstərir. Bir çox müsəlman kəşmirlilər isə üsyançıların ya Kəşmirin Pakistana birləşdirilməsi, ya da müstəqil dövlət yaradılması məqsədini dəstəkləyir.

Hindistan Pakistanı Kəşmirdə zorakılığı qızışdırmaqda ittiham edir, İslamabad isə bu ittihamı rədd edir. İllər ərzində münaqişə nəticəsində on minlərlə mülki şəxs, üsyançı və hökumət qüvvələri həlak olub.

Kəşmirin Hindistana məxsus hissəsində sonuncu böyük silahlı hücum 2019-cu ildə baş verib və həmin hücumda Hindistanın təhlükəsizlik xidmətinin onlarla əməkdaşı öldürülüb. Bu hücumdan sonra Hindistan hava zərbələri həyata keçirib və bu da tərəfləri tammiqyaslı müharibəyə çox yaxınlaşdırıb.

Hindistan əsgəri Nəzarət Xəttindən (LOC) 8 km aralıda, Sadna aşırımı keçidində keşik çəkir.
Hindistan əsgəri Nəzarət Xəttindən (LOC) 8 km aralıda, Sadna aşırımı keçidində keşik çəkir.

Aprelin 22-dəki hücumdan sonra Baş nazir Narendra Modi hökumətinə yaxın mövqedə olan Hindistan mediasında və ölkənin siyasi rəhbərliyində Pakistana qarşı hərbi zərbə endirilməsi ilə bağlı çağırışlar artıb.

"Biz yalnız bu hadisəni törədənlərə qarşı tədbir görməyəcəyik. Həm də səhnə arxasında oturaraq Hindistan torpağında belə alçaq əməlləri planlaşdıranlara da cavab verəcəyik", - Hindistanın müdafiə naziri Racnath Sinqh aprelin 23-də bildirib.

Aprelin 24-də isə Hindistan genişmiqyaslı hava və dəniz təlimlərinə başlayıb. Analitiklər bunun hərbi əməliyyatlara zəmin yarada biləcəyini bildirir.

"Narendra Modi qarşısında bir çox qeyri-müəyyənliklər var, o cümlədən Pakistan Ordusunun əhəmiyyətli imkanları", - hindistanlı siyasi analitik Raca Mohan "Indian Express" qəzetində yazıb. "Lakin hücumun dəhşətli xarakteri və bütün ölkəni sarsıdan qəzəb dalğası baş nazirə böyük risklərə əl atmaqdan başqa seçim qoymaya bilər", - analitik qeyd edib.

İslamabaddakı Kayde-Əzəm Universitetinin siyasi elmlər üzrə mütəxəssisi Himayət Ullah isə AzadlıqRadiosuna bildirib ki, həm Yeni Dehli, həm də İslamabad eskalasiyanın doğura biləcəyi risklərin fərqindədir və tammiqyaslı müharibədən qaçmağa çalışacaqlar. Lakin o əlavə edib ki, "xalq qarşısında güc nümayiş etdirmək üçün Hindistan və Modi hökuməti müəyyən məhdud hərbi addımlar ata bilər".

Hindistanın su müqaviləsini dayandırması niyə əhəmiyyətlidir?

Hücumdan bir gün sonra Hindistan iki ölkə arasında su paylaşımını tənzimləyən və Hind çayları haqqında 60 ildir qüvvədə olan müqavilənin dayandırıldığını elan edib. Buna cavab olaraq Pakistan bəyan edib ki, Hindistanın suyun axınını dayandırmaq və ya istiqamətini dəyişdirmək cəhdi "müharibə aktı" kimi qiymətləndiriləcək.

1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanan Hind çayları müqaviləsi hər iki ölkə üçün həyat mənbəyi olan bir çay sistemi üzərində su paylaşımını təmin edir. Pakistan bu müqaviləni "vacib milli maraq" olaraq təsvir edib və bu müqavilə 240 milyon insanın yaşadığı ölkədə kənd təsərrüfatı və hidroelektrik gücünün dəstəklənməsi üçün vacibdir.

Bu müqavilə 1965 və 1971-ci illərdə iki ölkə arasında baş vermiş müharibələrə və 1999-cu ildəki böyük sərhəd toqquşmasına baxmayaraq davam edib. Onun indi dayandırılması simvolikdir və strateji əhəmiyyətə malik bir qırılma nöqtəsini işarə edir.

İslamabad isə 1971-ci il Hindistan-Pakistan müharibəsindən sonra imzalanmış və Banqladeşin Pakistandan ayrılıb müstəqil dövlət olmasına səbəb olan sülh müqaviləsi - Simla razılaşmasını dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu razılaşma çərçivəsində Hindistan və Pakistan Nəzarət Xətti (LoC) kimi tanınan, Kəşmiri iki ölkə arasında bölən yüksək dərəcədə hərbiləşdirilmiş de-fakto sərhədi təsis ediblər.

Pakistan əsgərləri bunkerdə durbinlə Hindistan qoşunlarının hərəkətlərini izləyirlər.
Pakistan əsgərləri bunkerdə durbinlə Hindistan qoşunlarının hərəkətlərini izləyirlər.

Növbəti mərhələdə nə baş verə bilər?

Hökumətlər və analitiklər nüvə silahına sahib qonşular arasındakı proqnozlaşdırıla bilməyən vəziyyəti diqqətlə izləyirlər.

Kəşmirdə kiçikçaplı silahlarla atəş açıldıqdan sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) iki ölkəni "maksimum təmkinli" olmağa çağırıb.

BMT-nin sözçüsü Stefan Düjarrik aprelin 24-də deyib: "Biz hər iki hökuməti maksimum təmkin nümayiş etdirməyə və vəziyyətin və gördüyümüz hadisələrin daha da pisləşməməsini təmin etməyə çağırırıq".

Hindistanın xarici işlər naziri Vikram Misri 25 ölkənin - G20-nin əsas tərəfdaşları, Körfəz ölkələri, həmçinin Pakistanın yaxın tərəfdaşı olan və son illərdə Yeni Dehli ilə gərgin əlaqələrə malik Çinin diplomatlarını vəziyyətlə bağlı məlumatlandırıb.

İslamabad Universitetinin professoru Xalid Sultan AzadlıqRadiosuna bildirib ki, eskalasiyanın riskləri realdır və gərgin vəziyyət o qədər dəhşətli ola bilər ki, hadisələr qeyri-iradi şəkildə daha da pisləşə bilər.

Lakin o, əlavə edib ki, "beynəlxalq təzyiq" keçmişdə Hindistan və Pakistan arasında açıq müharibənin qarşısını almağa kömək edib və Yeni Dehlinin aktiv diplomatiyası Hindistanın daha məhdud reaksiyasına işarə edir.

Hindistanın gündəlik "The Print" qəzetinin milli təhlükəsizlik üzrə redaktoru Pravin Svami AzadlıqRadiosuna deyib ki, Yeni Dehlinin cavabı digər hökumətlər və ictimaiyyətlə bölüşə biləcəyi sübutlar əsasında müəyyən ediləcək: "Əgər Hindistan "Laşkar-e-Tayba"nın iştirakı ilə bağlı sübut tapsa, o zaman müəyyən reaksiya olacaq. Amma bunsuz hətta zərbə və ya məhdud müharibə ehtimalı azdır".

Yazı AzadlıqRadiosunun müxbiri Rid Stendiş və radionun "Maşaal" xidmətinin baş redaktoru Daud Xattak tərəfindən hazırlanıb.

XS
SM
MD
LG