2024-cü ildə dünyada hərbi xərclər 2 trilyon 718 milyard dollara çatıb. Bu, bir il öncəkindən 9.4 faiz çox, Soyuq müharibə bitəndən bəri ən kəskin artımdır.
Aprelin 28-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni bilgilər açıqlayıb.
Hərbi xərclərin dünyanın bütün regionlarında artdığı bildirilir. Ən sürətli artım isə Avropa və Yaxın Şərqdə baş verib.
Hərbiyə ən çox pul xərcləyən ilk beşlikdə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan dayanır. Onlar qlobal hərbi xərclərin 60 faizini - 1 trilyon 635 milyard xərcləyiblər.
Ümumilikdə isə qlobal hərbi xərclərin 10 ildir davamlı artdığı bildirilir.
Qlobal hərbi yük, yəni hərbi xərclərin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 2024-cü ildə 2.5 faizə yüksəlib.
"2024-cü ildə dünyada 100-dən çox ölkə hərbi xərcləri artırıb. Hökumətlər getdikcə hərbi təhlükəsizliyə daha çox öncəlik verirlər, çox vaxt da bunu büdcənin digər sahələrinin hesabına edirlər. Bunun iqtisadi və sosial müsbət-mənfiləri cəmiyyətə uzun illər təsir göstərə bilər", – SIPRI Hərbi Xərclər və Silah İstehsalı Proqramının tədqiqatçısı Syao Lyan deyib.
Rusiya daxil olmaqla Avropada hərbi xərclər 17 faiz artaraq 693 milyard dollara çatıb. Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsi üç ildən çoxdur gedir və qitədə hərbi xərclər də yüksəlməkdədir. Maltanı çıxmaqla Avropanın bütün ölkələri ötən il hərbi xərcləri artırıblar.
Rusiyada hərbi xərclər ötən il 149 milyard dollara, Ukraynada 64.7 dollara çatıb, yəni Rusiyadakının 43 faizi qədər. Ukraynada ötən il hərbi yük ÜDM-in 34 faizinə bərabər olub ki, bu da istənilən ölkədən böyükdür.
NATO-nun bütün üzvləri ötən il hərbi xərcləri artırıblar, ümumilikdə 1 trilyon 506 milyard dollar xərcləyiblər. 32 NATO üzvündən 18-i ÜDM-in azı 2 faizini orduya xərcləyib.
ABŞ-nin hərbi xərcləri 5.7 faiz artaraq 997 milyard dollara çatıb.
Yaxın Şərqdə hərbi xərclər 2024-cü ildə 243 milyard dollara yüksəlib. Bu, 2023-cü ildəkindən 15 faiz, 2015-ci ildən 19 faiz çoxdur.
SIPRI-nin bilgisinə görə, ötən il Azərbaycan ÜDM-in 5, Ermənistan 5.5 faizini hərbiyə xərcləyib.