2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon ABŞ dollarına bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olmuşdu.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
DGK-nın vurğulamasına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7.5 faiz artım), idxal isə 8 milyard 132.9 milyon dollar (48.8 faiz artım) təşkil edib.
Amma xarici ticarət dövriyyəsində 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.1 dəfə azdır.
Müstəqil iqtisadçılar idxal-ixrac əməliyyatlarında müsbət saldonun azalmasını ümumən neft hasilatının və qiymətinin azalması, qeyri neft-qaz ixracının lazımı səviyyədə artmaması ilə izah edirlər. Onlar hesab edirlər ki, Azərbaycanın idxaldan asılılığı getdikcə artır.
Hökumət 2025-ci ildə Ümumi Daxili Məhsulda (ÜDM) cüzi – 0.9 faiz artım olduğunu bildirsə də, müstəqil iqtisadçılar hətta bu rəqəmə belə şübhə ilə yanaşırlar.
DGK-dan izah...
Dövlət Gömrük Komitəsi (DGK) isə ötən ilin eyni dövrü ilə müqayisədə idxalın 2 milyard 667.9 milyon ABŞ dolları və ya 48.8 faiz artımını qeyri-monetar qızılın həcmi ilə bağlayıb: "Bu ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.6 dəfə artaraq 2 milyard 527.3 milyon ABŞ dolları təşkil edib. Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 milyard 605.6 milyon ABŞ dolları təşkil etməklə 8.4 faiz artıb. Xarici ticarətdə 3 milyard 179.1 milyon ABŞ dolları müsbət saldo yaranıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1 faiz artımdır".
İqtisadçı: "...Ətdən tutmuş, kibritə qədər"
Amma iqtisadçı Zöhrab İsmayıl xarici ticarətdə müsbət saldonun azalmasını bir yox, bir neçə səbəblə izah edir.
İqtisadçıya görə, burada birinci səbəb neft ixracının azalmasıdır: "Bu ilin əvvəlindən neftin qiyməti də azalıb. Aprel ayında 70 dolardan da aşağı düşüb, hansı ki, 2025-cü ilin dövlət büdcəsində neftin bir bareli 70 dollar götürülüb. Qaldı ki, qeyri-monetar qızılın idxalına, bu da bir qədər mübahisəli məslədir".
Z.İsmayıl hesab edir ki, qızılın alınma səbəbi aydınlaşdırılmalıdır: "İndi bunun açıqlamasını tam verməyiblər. Amma hesabatdan da görünür ki, qeyri-monetar qızılın idxalı da nəzərə alınmasa, idxalda artım var. Bu da ölkənin tələbatının tam ödənilməməsi ilə bağlıdır".
O vurğulayır ki, məsələn, Qarabağın bərpası ilə bağlı bir sıra tikinti materiallarına tələbat çoxalıb, amma ölkədə istehsal lazımi səviyyədə artmayıb: "Demək olar, hər şey idxal olunur - ətdən tutmuş, kibritə qədər".
Ekspertin fikrincə, müsbət saldonun azalmasını müəyyən qədər qızıl idxalı ilə izah etmək olar, amma əsas məsələ neft gəlirlərinin azalmasıdır.