"Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası kəsilib. Onun haqqında bu hökmü mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri çıxarıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddələriylə təqsirli bilinib.
Məhkəmə iclasına Bakıdan – saxlandığı Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasından onlayn şəkildə qoşulan İ.Əbilov hökmdən öncə son sözünü deyib. Tarixçi alim vurğulayıb ki, ona qarşı irəli sürülmüş ittihamların hamısı əsassızdır, ortaya heç bir sübut qoyulmadan uzun müddətdir həbsdə saxlanılır. O, talış dili və mədəniyyətini araşdırdığını bildirib və onu milli zəmində düşmənçilik salmaq cəhdində suçlamaları absurd adlandıraraq bəraət istəyib.
Tədqiqatçının vəkilləri AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyiblər.
İ.Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlik hərəkətlərdə, şəbəkə hesabında məqsədli materiallar paylaşmaqda suçlanır.
O, uşaq yaşlarından həbs olunanadək ailə üzvləriylə birlikdə Belarusda yaşayıb və arabir Azərbaycana gəlib-gedib. Qohumlarının sözlərinə görə, sonuncu dəfə ötən ilin iyulunda əmisi oğlunun toy məclisinə gəlibmiş, ancaq geri qayıdanda hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulub.
Xatırlatma
İqbal Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor örnəkləri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, araşdırmalar dərc edilib.
O, 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.