Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 15:21

Rubio: Ukrayna danışıqlarında irəliləyiş lazımdır, yoxsa ABŞ geri çəkiləcək


Marko Rubio
Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio aprelin 29-da xəbərdarlıq edib ki, əgər Moskva və Kiyev Ukraynada müharibəyə son qoymaq üçün "konkret təkliflər" irəli sürməsələr, Birləşmiş Ştatlar vasitəçi kimi geri çəkiləcək.

Dövlət Departamentinin sözçüsü Temmi Brüs Rubionun sözlərinə istinad edərək jurnalistlərə bildirib ki, artıq "tərəflərin bu münaqişəyə necə son qoyulacağına dair konkret təkliflər təqdim etməsinin vaxtı çatıb".

Əgər irəliləyiş olmazsa, Birləşmiş Ştatlar "bu prosesdə vasitəçi rolundan geri çəkiləcək", –Brüs vurğulayıb.

Aprelin 29-da BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ diplomatı Con Kelli qan tökülməsinin davam etməsinə görə Rusiyanı günahlandırıb. O bildirib ki, bu ölkə “təəssüf ki", irimiqyaslı hücumlar həyata keçirib və bu hücumlar "günahsız mülki şəxslər də daxil olmaqla, lüzumsuz insan tələfatına səbəb olub".

"Hazırda Rusiya davamlı sülhə nail olmaq üçün böyük bir imkana sahibdir", –Kelli vurğulayıb və əlavə edib ki, müharibəyə son qoymaqda məsuliyyət həm Rusiya, həm də Ukraynanın üzərinə düşür.

Prezident Donald Tramp aprelin 29-da ABC telekanalında yayımlanan müsahibəsində bildirib ki, onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni dayandırmaq istəyir. Müsahibə zamanı ondan Putinin sülh istəyib-istəmədiyi soruşulduqda Tramp "Fikrimcə, istəyir" cavabını verib.

Tramp və onun nümayəndələri Ukraynaya atəşkəsə razılıq verməsi üçün təzyiq edirlər. Eyni zamanda Tramp Rusiyanı Ukraynaya hücumu dayandırmağa çağırır. ABC-yə verdiyi müsahibədə Tramp bildirib: "Putinin bir neçə şəhər və qəsəbəyə raket atdığını görəndə mən məmnun olmadım".

Məlumatlara görə, ABŞ prezidenti Rusiyanın Krımı ilhaq etməsini — demək olar ki, bütün dünya tərəfindən rədd edilən bu addımı — rəsmi şəkildə tanımağı və ərazi mübadiləsini təklif edib.

BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

"Kiyev nəyin bahasına olursa-olsun sülhü qəbul edə bilməz"

Prezident Volodimir Zelenski isə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinin beynəlxalq səviyyədə rəsmi tanınmasına qəti şəkildə qarşı çıxır.

"Hamımız bu müharibənin ədalətli şəkildə başa çatmasını istəyirik — Putinə heç bir mükafat, xüsusilə də heç bir ərazi verilmədən", –Zelenski aprelin 29-da Polşa tərəfindən təşkil olunan sammitdə videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

Təhlükəsizlik Şurasında Fransa və Böyük Britaniya isə ABŞ-nin vasitəçilik səylərini alqışlayaraq Rusiyanı tənqid ediblər. Rusiya aprelin 29-da gecə saatlarında dron hücumları həyata keçirərək Dnepr və Xarkov şəhərlərini hədəfə alıb.

Fransanın xarici işlər və Avropa üzrə naziri Jan-Noel Barro bildirib ki, Kiyev xoş niyyət nümayiş etdirib. O deyib ki, atəşkəsə yeganə maneə Ukraynanın "kapitulyasiyasını" tələb edən Putindir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Rusiya qüvvələrinin mülki şəxsləri hədəfə aldığına dair ittihamları rədd edib. O, Ukraynanı hava hücumundan müdafiə sistemlərini sıx məskunlaşmış ərazilərdə yerləşdirməklə mülki şəxslərdən "canlı sipər" kimi istifadə etməkdə günahlandırıb.

O, Kiyevi ABŞ-nin balanslı sülh təkliflərini məsuliyyətsiz şəkildə rədd etməkdə və Rusiya mülki əhalisini hədəf almaqda ittiham edib. Nebenzya bildirib ki, Zelenskinin hökumətinə dəstək verən Qərb üçün onun "qəddar, insanlıqdan uzaq və nasist" mahiyyətini gizlətmək getdikcə daha çətinləşir.

Ukraynanın xarici işlər nazirinin müavini Mariana Betsa isə BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, Rusiya Ukraynanın təslim olmasını istəyir və Kiyev heç bir halda "hər hansı qiymətə" sülhü qəbul edə bilməz. O vurğulayıb ki, Ukrayna 2014-cü ildən Rusiyanın ələ keçirdiyi Krım da daxil olmaqla, özünün müvəqqəti işğal olunmuş heç bir ərazisini Rusiya ərazisi kimi tanımayacaq.

XS
SM
MD
LG