Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 08:52

'Bloomberg': Rusiya ilə atəşkəs danışıqları dalana dirənib


Kremldə görüş
Kremldə görüş

Putin təkid edir ki, Ukrayna ilə sülh sazişinə əsasən, dörd region – Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri bütünlüklə Moskvanın nəzarətinə keçsin. Bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.

"Bloomberg"in adlarını çəkməmələrini xahiş edən iki həmsöhbətinin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftə Kremldə uzun sürən görüş zamanı Putini hazırkı cəbhə xətti boyunca döyüşləri dayandıracaq atəşkəsə razı salmağa çalışıb. Rusiya lideri isə ilhaq edilmiş ərazilərlə bağlı maksimalist mövqeyində qalıb.

Agentliyin mənbələrindən biri bildirib ki, danışıqlar hazırda dalana dirənib və onları irəli aparmaq üçün Putin ilə Tramp arasında birbaşa təmas lazımdır.

2022-ci ilin qışında Ukraynaya tammiqyaslı hərbi müdaxilənin başlamasından bir neçə ay sonra Putin Ukraynanın şərq və cənub hissəsindəki dörd vilayəti Rusiyanın bir hissəsi elan edib. Lakin Rusiya bu dörd regionun ərazilərinə tam nəzarət etmir.

Kiyev ilhaq olunmuş torpaqları Rusiya ərazisi kimi tanımadığını dəfələrlə bəyan edib.

25 aprel

Putin və Uitkoff Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar təkcə Ukrayna deyil, bir sıra digər beynəlxalq məsələlərdə də mövqeləri yaxınlaşdırmağa imkan verib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Kremldəki görüş üç saata yaxın davam edib. Uşakovun sözlərinə görə, Moskva ilə Kiyev arasında birbaşa danışıqların bərpası mümkünlüyü də müzakirə olunub.

Uşakov vurğulayıb ki, Moskva ilə Vaşinqton arasında dialoq bundan sonra da müxtəlif səviyyələrdə davam etdiriləcək.

Uitkoffun Rusiyaya bugünkü səfəri son iki ay yarımda dördüncüdür. O, fevralın 11-də və martın 13-də danışıqlar üçün Moskvaya iki dəfə səfər edib, aprelin 11-də isə Sankt-Peterburqda olub.

Tramp: "Əsas məqamların çoxu razılaşdırılıb"

Ukrayna ilə bağlı sövdələşmənin əksər bəndləri razılaşdırılıb; tərəflər "çox yüksək səviyyədə" görüş təşkil etməlidir. Bunu ABŞ prezidenti Donald Tramp "Truth Sosial" hesabında bildirib.

"İndicə Romaya endim. Rusiya və Ukrayna ilə danışıqlar, görüşlər üçün yaxşı gün oldu. Onlar razılığa çox yaxındırlar və indi hər iki tərəf "işi bitirmək" üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas məqamların çoxu razılaşdırılıb", - ABŞ prezidenti yazıb.

Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin yazında dayandırılıb. Nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü həmən il martın 29-da İstanbulda baş tutub. Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri Rusiyaya birləşdirildikdən sonra Ukrayna prezidenti Volodimir Zelenski Putin prezident olduğu müddətdə Moskva ilə danışıqların mümkünsüzlüyü haqda fərman imzalayıb.

Putin dəfələrlə bildirib ki, Rusiya Ukrayna nümayəndələri ilə danışıqlara hazırdır, lakin sazişlər yalnız "legitim" hakimiyyətlə imzalana bilər.

2024-cü il mayın 20-də Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti rəsmən başa çatıb. Seçki martın 31-də keçirilməli idi, lakin Rusiya təcavüzü başlayandan ölkədə hərbi vəziyyət tətbiq olunduğu üçün ləğv edilib.

Stiven Uitkoff Paris görüşündə
Stiven Uitkoff Paris görüşündə

'Reuters' Vaşinqtonun Moskva və Kiyevə "yekun" təklifini dərc edib

"Reuters" agentliyi ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun aprelin 17-də Paris görüşündə Avropa nümayəndə heyətlərinin üzvlərinə təqdim etdiyi iddia olunan sənədin mətnini yayıb. Onun həqiqiliyi rəsmi olaraq təsdiqlənməyib. Sənəddə vurğulanır ki, təqdim olunan nizamlama parametrləri Tramp administrasiyasının "yekun" təklifidir.

Əsas müddəalar

Daimi atəşkəs:

Hər iki tərəf dərhal atəşkəsin texniki icrası ilə bağlı danışıqlara başlayır.

Ukraynaya təhlükəsizlik zəmanətləri:

Ukrayna "Avropa dövlətləri qrupundan və istəkli qeyri-Avropa ölkələrindən" təhlükəsizlik zəmanəti alır.

Ukrayna NATO-ya qoşulmaq niyyətindən imtina edir.

Ukrayna Aİ-yə üzvlük üçün müraciət edə bilər.

Ərazi:

ABŞ de-yure Rusiyanın Krım üzərində nəzarətini tanıyır.

ABŞ de-fakto Luqansk vilayəti üzərində Rusiyanın nəzarətini tanıyır.

ABŞ de-fakto Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsi üzərində Rusiyanın nəzarətini tanıyır.

Rusiya öz qoşunlarını Xarkov vilayətindən çıxarır.

Zaporojye AES-ə nəzarət Ukraynaya qaytarılır, lakin onu ABŞ idarə edir.

İqtisadiyyat:

Ukrayna tam bərpa olunur və maddi təzminat alır.

Münaqişə nəticəsində 2014-cü ildən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılır.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna güzəştlərə açıq olsa da, ərazilərdən, o cümlədən Krımdan de-yure imtina etməyə hazır deyil. Zelenskinin Krımla bağlı açıqlaması ABŞ prezidenti Donald Trampın narazılığına səbəb olub, o, Krımın Ukraynanın nəzarətinə qaytarılmasını mümkün hesab etmədiyini açıqlayıb.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.

XS
SM
MD
LG