Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 12:30

Tramp Zelenskini sülh danışıqlarına mane olmaqda günahlandırır


V.Zelenski və D.Tramp Ağ evin Oval kabinetində mübahisə edirlər.
V.Zelenski və D.Tramp Ağ evin Oval kabinetində mübahisə edirlər.

ABŞ prezidenti Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenskini Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara mane olmaqda ittiham edib.

"Ukrayna prezidenti Volodimir Zelenski "The Wall Street Journal"ın ön səhifəsində lovğalanır ki, "Ukrayna heç vaxt Krımın işğalını tanımayacaq. Burada danışılası bir şey yoxdur". Belə bir bəyanat Rusiya ilə sülh danışıqlarına mane olur, çünki Krım illər əvvəl, prezident Barak Hüseyn Obamanın dövründə itirilib və artıq müzakirə olunmur. Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını xahiş etmir, amma o, Krımı bu qədər geri istəyirsə, niyə 11 il əvvəl Rusiya Krımı bir güllə atmadan tutanda Ukrayna onun üçün mübarizə aparmadı? Üstəlik, bu ərazidə çoxdan, hələ "Obama təslim etməzdən" əvvəlki vaxtdan Rusiya sualtı qayıqlarının iri bazaları yerləşir",– Tramp "Truth Social" hesabında yazıb.

Trampın fikrincə, "sülh sazişi artıq yaxındır" və "kozırları olmayan" Zelenski bunu anlamalıdır, əks halda, "ölkəni tamamilə itirmək" ilə risk edir. Tramp hesab edir ki, Zelenskinin açıqlamaları Ukraynada "qırğınları yalnız uzadır".

Birləşmiş Ştatların sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağı təklif etdiyi barədə aprelin 21-də "The Wall Street Journal" qəzeti xəbər verib.

"The Washington Post" yazır ki, Vaşinqton öz şərtlərini aprelin 23-də Londonda xarici işlər nazirlərinin görüşündə səsləndirməyi planlaşdırırdı.

Ukrayna prezidentinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtinasından sonra ABŞ dövlət katibi Marko Rubio Londona planlaşdırdığı səfərini ləğv edib. Onun ardınca Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirliklərinin rəhbərləri danışıqlarda iştirakdan imtina ediblər. Buna baxmayaraq, Londonda görüş baş tutub, lakin daha aşağı səviyyədə.

Xatırlatma

"Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanımır".

Bunu prezident Volodimir Zelenski aprelin 22-də brifinqdə bildirib.

"Burada danışılası heç nə yoxdur - bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir", – o vurğulayıb.

XS
SM
MD
LG