Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin hər il Moskvada keçirilən faşizm üzərində Qələbə günü tədbirləri ilə əlaqədar bu iki ölkə arasında müharibəyə üç günlük atəşkəs elanını tənqid edib.
Zelenski bildirib ki, atəşkəs üçün o vaxta qədər gözləməyə ehtiyac yoxdur.
"Nədənsə hamı atəşi dayandırmazdan əvvəl mayın 8-dək gözləməlidir - sadəcə Putinə paradı üçün sakitliyi təmin etmək üçün. Biz paradlara yox, insan həyatına dəyər veririk", - Zelenski gecə videomüraciətində deyib.
"Atəş bir neçə gün dayanmamalıdır ki, onlar daha sonra yenidən öldürə bilsinlər. Atəşkəs dərhal, tam və qeyd-şərtsiz olmalıdır- davamlı və etibarlılığı üçün azı 30 günlüyə. Yalnız bu şəkildə həqiqi diplomatik səylərin təməli qoyula bilər", - o vurğulayıb.
Kreml Zelenskinin 30 günlük atəşkəs çağırışını rədd edir
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, 30 günlük atəşkəs yalnız Putinin daha əvvəl qeyd etdiyi "nüanslar" nəzərə alınarsa, mümkündür. "Bu suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə getmək çətindir",- o bildirib.
Putinin mətbuat katibinin fikrincə, prezident Zelenski "manipulyasiyalar" ilə məşğuldur, çünki o, Putinin üçgünlük sülh təklifinə birbaşa cavab vermir.
Ağ ev: Tramp Ukraynada müvəqqəti deyil, daimi atəşkəs istəyir
ABŞ prezidenti Donald Tramp Ukraynada müvəqqəti deyil, daimi atəşkəs görmək istəyir.
Bunu Ağ evin mətbuat katibi Kerolayn Levitt Kremlin mayın 8-dən 11-dək Ukraynada atəşi dayandırmaq planlarına dair açıqlamasını şərh edərkən deyib.
Levittin sözlərinə görə, Trampın Rusiya və Ukrayna liderlərindən məyusluğu artır: "O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir".
Bazar günü Tramp Putini sülhə sadiqliyini nümayiş etdirməyə və Ukraynada döyüşləri dayandırmağa çağırıb. "İstəyirəm ki, o, atəş aşmağı dayandırsın, otursun və sazişi imzalasın", – Tramp jurnalistlərə deyib. Trampın sözlərinə görə, yaxın iki həftə ərzində o, Putinin həqiqətən sülh istəyib-istəmədiyi barədə yekun nəticəyə gələ bilər.
Putindən yeni atəşkəs elanı
Rusiya prezidenti Vladimir Putin mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyatları dayandırması barədə göstəriş verib.
Rusiyada Qələbə Gününün qeyd olunduğu 9 mayda Moskvada Putinin iştirakı ilə hərbi parad keçiriləcək. Əsasən MDB ölkələrindən olan 20-yə yaxın dövlət başçısı tədbirə gəlməyə söz verib. Çin prezidenti Si Cinpinin də səfəri gözlənilir.
Kremlin məlumatında atəşkəs "humanitar" mülahizələrlə əsaslandırılır. "Ukrayna tərəfi atəşkəsi pozarsa, Rusiya Federasiyasının Silahlı Qüvvələri adekvat və effektiv cavab verəcək", - məlumatda bildirilir.
Putin Pasxa günlərində 30 saatlıq atəşkəs elan edəndə Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin eyni şəkildə cavab verəcəklərini - birinci atəş açmayacaqlarını söyləmişdi. Sonra hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırsa da, Zelenski bu müddət ərzində Ukraynada hava hücumu həyəcanı elan olunmadığını vurğulamışdı.
Putinin Ukraynada atəşi üç gün dayandırmaq qərarını şərh edən Ukrayna xarici işlər naziri Andriy Sibiqa deyib ki, Moskva Ukraynada uzunmüddətli sülhə sadiqliyini göstərməlidir. "Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. Mayın 8-nə qədər gözləmək nəyə lazım?.. Ukrayna davamlı, uzunmüddətli və tam atəşkəsi dəstəkləməyə hazırdır. Ən azı 30 günlüyə - bizim davamlı olaraq təklif etdiyimiz budur", - Sibiqa X sosial şəbəkəsində yazıb.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.