ABŞ prezidenti Donald Tramp deyir ki, Rusiya lideri Vladimir Putinin atəşi dayandırmasını və Ukraynadakı müharibənin başa çatması üçün sülh sazişinə razılaşmasını istəyir. Tramp bu açıqlamadan bir gün öncə Papa Fransiskin dəfn mərasimi çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə üzbəüz görüşüb.
"İstəyirəm ki, o, atəşi dayandırsın, əyləşib saziş imzalasın", – Tramp aprelin 27-də Putindən hansı hərəkəti gözləməsi haqda jurnalistlərin sualını belə cavablandırıb.
O əlavə edib ki, Zelenski ilə aprelin 26-dakı görüşü yaxşı keçib, amma dediyinə görə, Zelenskinin güzəşt olaraq Krım vilayətini Rusiyaya verməyə hazır olduğunu düşünürmüş. Ukrayna lideri isə heç vaxt buna getməyəcəyini çoxdan açıqlayıb.
Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə işğal edərək qanunsuz ilhaq edib.
"Çox simvolik görüş idi"
Aprelin 26-da Vatikanda keçirilmiş görüş 15 dəqiqə çəkib. Bundan əvvəl isə fevralda Zelenski ilə Oval kabinetdəki görüşdə Trampla sülh danışıqları ilə bağlı açıq mübahisə düşmüş, Zelenski səfərini yarımçıq qoyaraq Ağ evi tərk etmişdi.
"İndi Zelenski daha sakit görünür. Məncə, o, mənzərəni anlayır, saziş əldə etmək istəyir", – Tramp söyləyib.
Zelenski isə bildirib ki, son danışıqlar "çox simvolik görüş idi, birgə nəticələr əldə edəriksə, tarixə çevrilmə potensialı var".
Tramp təxminən 100 gün öncə hakimiyyətə gələndən 38 aydır gedən müharibəni bitirməyi prioritet elan edib, ötən ay isə dərhal və tam atəşkəsə çağırıb.
Zelenski Trampın təklifinə razılaşsa da, Putin Vaşinqtonla atəşkəsin detallarını müzakirə etməkdədir.
Ekspertlərin fikrincə, Putin danışıqları ona görə uzadır ki, onun qüvvələri hazırda cəbhədə üstünlüyü saxlayır, mövcud təmas xəttində atəşkəs isə onun məqsədinin yarımçıq qalması demək olar. Putin 2022-ci ildə ilhaqını elan etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini tam ələ keçirməyə çalışır.
Ekspertlər Rusiyaya ərazi güzəştini Zelenski üçün siyasi və konstitusion baxımından mümkünsüz sayırlar. Ukrayna vətəndaşları, deputatları bu ideyaya qəti qarşı çıxırlar.
"Biz heç vaxt Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayacağıq", – Zelenskinin partiyasından deputat Oleksandr Merezxo AP-yə deyib.
"Onlar sazişə heç vaxt bu qədər yaxın olmayıblar"
ABŞ dövlət katibi Marko Rubio isə bazar günü bildirib ki, Rusiyanın Ukraynanı işğalına son qoyacaq saziş "daha yaxındır".
"Onlar (Rusiya və Ukrayna) son üç ildə sazişə heç vaxt bu qədər yaxın olmayıblar, amma hələ də əldə olunmayıb", – Rubio aprelin 27-də "NBC News"a müsahibəsində deyib.
Zelenski ilə görüşdən sonra Tramp Putini sərt tənqid edib, Rusiyanın Ukraynaya davamlı hücumlarını pisləyib. Amma bu tənqiddən az öncə də demişdi ki, sülh sazişindən ötrü Ukrayna Rusiyaya ərazi güzəştə getməlidir. "Krım Rusiyada qalmalıdır", – o, aprelin 25-də "Time" jurnalında dərc olunmuş müsahibəsində söyləyib.
Rusiya istəyir ki, sülh sazişi onun Ukrayna ərazisinin 20 faizi, o cümlədən Krım üzərində nəzarətini tanısın. O həmçinin Ukraynanın hərbsizləşdirilməsini, NATO-dan kənarda qalmasını istəyir. Moskva Kiyevin atəşkəs sazişinə nəzarət üçün Qərb sülhməramlıları ilə bağlı tələbini də rədd edib.
NBC-yə müsahibəsində Rubio deyib ki, Moskva da güzəştlərə getməlidir. Amma ABŞ administrasiyası indiyədək detallı açıqlama verməyib.
"Krım Ukraynadır"
Avropa rəsmiləri, ABŞ demokratları müharibəni bitirməkdən ötrü ABŞ-nin bəzi təkliflərini rədd ediblər.
Almaniyanın müdafiə naziri Boris Pistorius aprelin 27-də deyib ki, Kiyev Rusiyaya ərazi verməklə bağlı ABŞ-nin təkliflərinə razılaşmamalıdır.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın dediyinə görə, işğal olunmuş Krımın Rusiya ərazisi kimi tanınmasının sülh sazişinə salınmasının mümkünlüyü ABŞ üçün səhv olardı.
"Krım Ukraynadır", – Kallas deyib və əlavə edib ki, Aİ heç vaxt bu yarımadanı Rusiya ərazisi kimi tanımayacaq.
ABŞ Senatında demokratların lideri Çak Şumer bildirib ki, Trampın Putinə güzəştə gedəcəyindən narahatdır.
Aprelin 27-də Rusiya Ukraynaya havadan saysız zərbələr endirib, Ukrayna rəsmiləri azı dörd nəfərin öldürüldüyünü deyirlər.