Keçid linkləri

2025, 27 May, çərşənbə axşamı, Bakı vaxtı 22:55

Kreml Trampın 'Putin ağlını itirib' açıqlamasını emosional sayır


Donald Tramp Morristaunda təyyarəsinə minməzdən əvvəl mediaya danışır
Donald Tramp Morristaunda təyyarəsinə minməzdən əvvəl mediaya danışır

Kreml ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Putin haqqında o "ağlını itirib" fikrini emosional reaksiya kimi xarakterizə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 26-da ənənəvi mətbuat brifinqində Trampın tənqidinə münasibət bildirib.

Peskov prezident Trampın xəbərdarlığını "çox həlledici bir zamanda emosional yüklənmə" adlandırıb. Eyni zamanda, o deyib ki, Putin ölkəsinin təhlükəsizliyi üçün zəruri olan qərarları qəbul edir.

V.Putin və D.Tramp
V.Putin və D.Tramp

Tramp deyir ki, 'Putin ağlını itirib'

Ölümcül hücumların ardından ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin haqqında "tamamilə ağlını itirib" deyərək xəbərdarlıq edib ki, əgər o, bütün Ukraynanı fəth etməyə cəhd edərsə, bu, Rusiyanın "çöküşünə" səbəb olacaq. Bu, Trampın Kreml rəhbərinə qarşı indiyədək söylədiyi ən sərt ictimai açıqlamadır.

"Rusiya prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə AĞLINI İTİRİB!", – Tramp mayın 25-i axşam öz sosial media platformasında yazıb.

"O, lazımsız yerə çoxlu insanları öldürür və mən təkcə əsgərlərdən danışmıram. Raketlər və dronlar Ukraynadakı şəhərlərə heç bir səbəb olmadan atılır", – Tramp əlavə edib.

"Mən həmişə demişəm ki, o, yalnız Ukraynanın bir hissəsini yox, BÜTÜN Ukraynanı istəyir — və, bəlkə də, bu, doğru çıxır. Amma əgər o, buna cəhd etsə, bu, Rusiyanın çöküşünə gətirib çıxaracaq!", – Tramp yazıb.

Bu paylaşım "Truth Social" platformasında Trampın jurnalistlərə verdiyi bənzər açıqlamalardan dərhal sonra yayılıb.

"Mən Putinin etdiklərindən razı deyiləm. O, çoxlu insanları öldürür və bilmirəm ona nə olub", – Tramp Vaşinqtona geri uçmağa hazırlaşarkən Nyu-Cersidə jurnalistlərə deyib. Putin "şəhərlərə raketlər göndərir və insanları öldürür və bu, mənim heç xoşuma gəlmir", – Tramp Morristaun hava limanında hiddətlə bildirib.

Tramp bildirib ki, sülh danışıqlarında irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi "mütləq şəkildə" nəzərdən keçirəcək, lakin bu barədə konkret təfərrüat verməyib.

V.Zelenski və D.Tramp
V.Zelenski və D.Tramp

"Ağzından çıxan hər bir söz problem yaradır"

Lakin sonrakı sosial media paylaşımında Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı da sərt tənqidlər səsləndirib: "Zelenski danışıq tərzi ilə ölkəsinə heç bir xeyir vermir. Onun ağzından çıxan hər bir söz problem yaradır, bu mənim xoşuma gəlmir və bu, dayansa, yaxşı olar".

Bu şərhlər Zelenskinin nadir hallarda etdiyi, Kiyevin ən vacib müttəfiqi olan ABŞ-yə yönəlmiş açıq tənqidindən sonra gəlib. Zelenski həftəsonu baş verən Rusiya hücumları nəticəsində azı 13 nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını bildirib və Amerikanın susqunluğunu pisləyib.

"Amerikanın susması, dünyada digərlərinin səssizliyi yalnız Putini həvəsləndirir", – Zelenski mayın 25-də sosial mediada yazıb.

Ukrayna rəsmiləri mayın 26-da səhər saatlarında Rusiyanın yeni hücum dalğasının başladığını bildirib, lakin təfərrüatları, hələlik, açıqlanmayıb.

Ukraynanın avropalı müttəfiqləri də Rusiyanın son hücumlarını qınayıb və Kiyevə yardımın davam etdirilməsinin zərurətini vurğulayıblar.

Ukrayna və Avropa ölkələri Moskva Vaşinqtonun təklif etdiyi 30 günlük atəşkəsi qəbul etməsə, mövcud sanksiyalar rejimini əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb. Amma Tramp bunu etməyə istəkli olmadığını göstərib, Rusiya lideri ilə etdiyi son telefon danışığını tərifləyib. Həmin danışıq zamanı Putin döyüşlərin dayandırılmasına razılıq verməyib.

XS
SM
MD
LG