Keçid linkləri

2025, 28 May, çərşənbə, Bakı vaxtı 00:34

Azərbaycan XİN Paşinyana cavab verdi


Baş nazir Nikol Paşinyan "Yerevan Dialoqu" Beynəlxalq Konfransında çıxış edir
Baş nazir Nikol Paşinyan "Yerevan Dialoqu" Beynəlxalq Konfransında çıxış edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, Nikol Paşinyanın "Yerevan Dialoqu" beynəlxalq forumunda mövqeyi Ermənistanın sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını göstərməklə yanaşı, onun sülhə sadiqliyi ilə bağlı suallar doğurur.

"Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir", - XİN sözçüsü Ayxan Hacızadə deyib.

Onun vurğulamasına görə, bu məsələ insan hüquqları mövzusudur: "Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır".

Paşinyan: Ermənistan ərazisində 'Qərbi Azərbaycan' ola bilməz

Ermənistan baş naziri Nikol Paşinyan "Yerevan Dialoqu" beynəlxalq forumunda çıxışında deyib ki, onun ölkəsinin suveren ərazisində "Qərbi Azərbaycan" yoxdur və ola bilməz.

Paşinyanın sözlərinə görə, Yerevan üçün bu məsələnin müzakirəsindən söhbət gedə bilməz və bu onun qanuni mövqeyidir.

Azərbaycan prezidenti daha əvvəl dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması çərçivəsində rəsmi Yerevan 1980-ci illərin sonu "Qərbi Azərbaycan"dan qaçan azərbaycanlıların təhlükəsiz dönüşünü təmin etməlidir.

Bakının digər tələbi - Konstitusiyanın dəyişdirilməsi barədə danışan baş nazir qeyd edib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi sülh müqaviləsinin Konstitusiyaya uyğun olmadığına qərar verərsə, o zaman o, Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacaq.

"Biz sülh müqaviləsini imzalamağı və paralel olaraq ATƏT-in Minsk qrupunun strukturlarını ləğv etmək üçün ATƏT-ə müraciət etməyi təklif edirik. Hesab edirəm ki, iki sənədin masa üzərində olması və onların eyni vaxtda, eyni yerdə imzalanması konstruktiv təklifdir", - Paşinyan əlavə edib.

Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini və ATƏT-in Minsk qrupunun ləğvini tələb edir.

Əliyev Ermənistana daha bir şərt qoyur? – 'Bunu etməsələr, daha ağır olacaq'
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG