Keçid linkləri

2025, 02 May, Cümə, Bakı vaxtı 02:04

Fərid Mehralızadə həbsdən yazır: 'Telekanallar eyni mənbədən gələn tezislər əsasında işləyir'


Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə yazır ki, hakimiyyət qollarının (parlament və məhkəmə) icraedici orqanın nəzarətində olduğu Azərbaycan kimi ölkələrdə müstəqil media nəinki dördüncü, hətta ikinci hakimiyyət rolunu oynayır.

F.Mehralızadə 3 may- Dünya Mətbuat Azadlığı Günündə məhbəsdən AzadlıqRadiosuna məktub yazıb.

Son nəfəsliyin qapadılması...

"Azərbaycanda siyasi partiya və təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları uzun illərdir ki, ictimai müzakirələrdə aktiv rol almır. Belə bir şəraitdə müstəqil media qurumları uzun illərdir ki, ölkədə demokratik münasibətlərdə bir növ nəfəslik rolunu oynayır. Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb", – F.Mehralızadə yazır.

AzadlıqRadiosunun jurnalisti AbzasMedia korrupsiya araşdırmalı nəşrinə qarşı cinayət işi çərçivəsində saxlanılıb. Amma özü məhkəmədə deyib ki, məhz AzadlıqRadiosundakı yazılarına görə cəzalandırılıb. O və həmkarları qaçaqmalçılıq və digər maliyyə cinayətlərində ittiham olunurlar, özləri ittihamları peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

F.Mehralızadə məhkəmədə ifadəsində ötən il mayın 30-da işə gedərkən başına torba keçirilərək zorakılıqla saxlandığını, telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qalmasından danışmışdı. O, siyasi motivli həbslərin qısamüddətli perspektivdə kimlərəsə siyasi dividentlər qazandıra biləcəyini, son nəticədə isə cəmiyyət olaraq hamının ziyanına işlədiyini vurğulamışdı.

Mətbuat azadlığı və cəmiyyət

"Əlbəttə ki, həbs olunmaq, xüsusilə də əsassız və qurama ittihamlarla həbs edilmək bir o qədər də xoş hiss deyil. Ancaq düşünürəm ki, siyasi motivli həbslər sadəcə həbs olunan şəxsləri və vətəndaş cəmiyyətini deyil, bütün vətəndaşları narahat etməlidir. Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı olmayaraq, heç kəsə xeyir gətirməyəcək, bu, son nəticədə cəmiyyətin hər bir fərdinin rifahına mənfi təsir göstərir", – F.Mehralızadə məktubunda daha sonra yazır.

Jurnalist bir ölkənin inkişaf səviyyəsi qiymətləndirilərkən mətbuat azadlığının da nəzərə alındığını vurğulayır: "Mətbuat azadlığı hökumətin şəffaflıq və hesabatlığının artmasına, qərarların qəbul edilməsində iştirakçılığın təmin edilməsinə, problemlərin vaxtında işıqlandırılmasına xidmət edən bir anlayışdır. Təsadüfi deyil ki, hər hansı bir ölkənin dayanıqlı inkişaf səviyyəsi və ya hətta xarici investorlar üçün cəlbediciliyi qiymətləndirilərkən sadəcə iqtisadi göstəricilərə yox, həm də mətbuat azadlığı, məhkəmə-hüquq sisteminin müstəqilliyi, qərarların qəbulunda iştirakçılıq səviyyəsi kimi göstəricilərə də diqqət yetirilir. Ona görə də, mən həm arzu, həm də ümid edirəm ki, tezliklə Azərbaycanda müstəqil media orqanlarının fəaliyyət imkanlarını məhdudlaşdıran problemlər aradan qalxsın və media azadlığı günü faciəvi yox, optimist əhval ruhiyyədə qeyd edilsin".

Fərid Mehralızadə məhkəmədən aparılır.
Fərid Mehralızadə məhkəmədən aparılır.

İnformasiya blokadası

F.Mehralızadə yazır ki, həbs olunmağın ən mənfi tərəflərindən biri informasiya blokadasına düşməkdir. Axı, ölkədə çap mediası artıq uzun müddətdir ki, sıradan çıxarılıb. Həbs şəraitində internetə daxil olmaq imkanı da olmadığından yeganə informasiya mənbəyi telekanallardır: "Azərbaycanda televiziya kanallarının hansı səviyyədə olması hər kəsə məlumdur. Əminliklə deyə bilərəm ki, əsas fəaliyyət istiqamətlərindən iqtisadiyyat sahəsi başda olmaqla son bir ildə ölkədə baş verən proseslərlə bağlı, demək olar ki, heç bir ciddi informasiya əldə etməmişəm. Yerli telekanalların əksəriyyətinin yayımı sadəcə olaraq bayağı "şou" proqramlarından ibarətdir. Xəbər istiqaməti üzrə ixtisaslaşan telekanallar isə, əsasən, xarici ölkələrlə bağlı xəbərlərə üstünlük verir. Sırf daxili siyasi məsələlərlə bağlı xəbərlər isə birtərəfli xarakter daşıyır və iqtidar partiyasının rəsmi yayım orqanının ritorikası ilə hazırlanır".

Ölkənin kommunal problemlərdən başqa dərdi yoxdur?

Jurnalist son iki ildə telekanallarda həm siyasi məhbusların, həm də əməkdaşları həbs edilən media orqanlarının əleyhinə mütəmadi olaraq yayımlanan reportajlara diqqət çəkir. İndiyədək bir dəfə də olsun, hansısa müstəqil media ekspertindən və ya insan haqları müdafiəçilərindən bu mövzu ilə bağlı bir açıqlama alınmadığını, ancaq birtərəfli ittihamlar səsləndirildiyini vurğulayır: "Bu, hər şeydən öncə peşəkar media prinsiplərinə ziddir. Həbs edilmiş şəxslərlə bağlı hər hansı qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, həmin şəxslər haqqında "cinayətkar", "casus", "agent" kimi absurd və gülməli xitabların işlədilməsi hökumətin nəzarətində olan media orqanlarında peşə etikası ilə bağlı məlumatlılığın aşağı olmasının göstəricisidr. Bu telekanalları izlədikdə onların öz fəaliyyətini eyni mənbədən daxil olan tezislər əsasında təşkil etmələri aşkar görünür. Demək olar ki, hər gün müxtəlif telekanallarda eyni siyasi mövzulara dair eyni sualların, yanaşmaların və hətta bəzən eyni mətnin istifadə edilməsi ilə reportaj və proqramlar hazırlanır. Televiziya kanallarında kommunal problemlər istisna olmaqla, cəmiyyəti narahat edən hansısa mövzuda araşdırma görmək mümkün deyil. Yəni, bu təbliğat və manipulyasiyalar çox bəsit formada aparılır".

Hakimiyyət təmsilçiləri ölkədə siyasi plüralizmin, mətbuat azadlığının tam təmin olunduğunu deyirlər. Onlar jurnalistlərin də peşə fəaliyyətinə görə deyil, konkret cinayətlərə görə cəzalandırıldıqlarını bildirirlər. Ancaq əksər beynəlxalq insan haqları və media qurumları hökuməti haqsız tutulanları buraxmağa, mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırır.

XS
SM
MD
LG