Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:14

'Prokuror təhqirə görə məndən üzr istəsin...'


Fərid Mehralızadə
Fərid Mehralızadə

AzadlıqRadiosunun həbsdə olan əməkdaşı Fərid Mehralızadə məhkəmədə prokurorun onun ünvanına səsləndirdiyi "kloun" ifadəsinə görə üzr istəməsini tələb edib. O, aprelin 29-da məhkəmədə deyib ki, hakimlər prokurorun belə davranışına göz yumsa, təhqirə görə üzr istənilməsə, buna uyğun cavabı olacaq: "Mən çıxışlarımda bənzətmə xarakterli ifadələrdən istifadə edə bilərəm, amma heç kimin şəxsiyyətini təhqir etmirəm. Sözümün arxasında da dayanıram. Buna baxmayaraq, prokuror Malışov məni təhqir edib. Tələb edirəm ki, buna görə məndən üzr istəsin. İstəməsə, məhkəmə də göz yumsa, mən də onun ünvanına gen-bol istifadə edəcəyəm".

F.Mehralızadə də daxil, "AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə bir neçə nəfər şahid dindirilib. Onların arasında öncəki məhkəmə iclaslarından birində dindirilmiş Ənvər Cəfərov da olub. Vaxtilə "AbzasMedia" ilə əməkdaşlıq etmiş Ə.Cəfərov deyib ki, onu istintaq zamanı şahid kimi dindirməkdən ötrü normal şəkildə çağırmayıblar. İş yerində günorta fasiləsinə çıxarkən, küçədəcə tutub aparıblar. Şahidin sözlərinə görə, saxlanılarkən təzyiqə məruz qalıb, telefonu dərhal əlindən alınıb. Şifrəsini soruşub telefonunda olanlara baxıblar. O, istintaqda 5 saatdan çox dindirildiyini söyləyib.

Məhkəmədə şahidlərdən Şəmistan Həziyev də ifadə verib. İstintaq vaxtı dindirilən və məhkəməyə çağrılan şahidlərdən bəzilərinin (İsmayıl Tağıyevlə Ayşən Muradova) hazırda ölkədə olmadığı da bilinib. Vəkillər onların istintaqdakı ifadələrini yetərli saymadıqlarından özəlliklə Sosial Hüquqlar Mərkəzinin əməkdaşı A.Muradovanın, onlayn qaydada da olsa, məhkəmədə dindirilməsini tələb ediblər. Onlar deyiblər ki, istintaqdakı ifadə ilə bağlı həmin şəxsə veriləcək sualları var.

Hafiz Babalı
Hafiz Babalı

Təqsirləndirilən jurnalistlərdən F.Mehralızadənin və "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının vəkilləri onların ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Vəkillər vurğulayıblar ki, ittiham tərəfi onların həbsdə qalmasına əsas arqument kimi azadlıqda qalarlarsa, şahidlərə təsir göstərmək ehtimalından danışıb, ancaq artıq şahidlərin dindirilməsi bitib.

F.Mehralızadənin vəkili Xalid Hüseynov heç bir təqsirləndirilənin və ya şahidin ifadəsində onun müvəkkilinin adının çəkilmədiyini bildirib: "Yenə də ittiham tərəfi israr edir ki, bu adam həbsdə qalmalıdır".

F.Mehralızadə özü də yada salıb ki, onun ev dustaqlığına buraxılmasından ötrü Xətai rayon Məhkəməsinə səkkiz dəfə vəsatət verilsə də, heç biri təmin edilməyib. Bu qərarların hamısından apellyasiya şikayəti verildiyinə görə məsələyə səkkiz dəfə də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Onun sözlərinə görə, həmin məhkəmələrin heç birində müstəntiqlər onun həbsdən buraxılmaması üçün normal hüquqi əsas göstərə bilməyiblər.

F.Mehralızadə və H.Babalının həbsdən buraxılmasına prokuror yenə etiraz etdiyindən məhkəmə onların haqqında vəsatətləri təmin etməyib.

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Ardından təqsirləndirilən şəxslərdən "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) 28 gündür həbsdə aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqubluya dəstəklərini dilə gətirib: "Biz "AbzasMedia" olaraq, Tofiq Yaqublunun azadlığını tələb edirik. Tofiq Yaqublu elə bu məhkəmədə 9 il azadlıqdan məhrum edilib. O, hazırda qanunsuz həbsinə etiraz olaraq ölüm aclığı keçirir. Hökumət onun ölümünə göz yummamalıdır. Azadlıq həm Tofiq Yaqublunun, həm də bütün siyasi məhbusların haqqıdır".

Daha sonra F.Mehralızadə prokurorun ötən məhkəmə iclasında onun ünvanına səsləndirdiyi ifadəyə görə üzr istəməsini, yaxud məhkəmənin onu tənbeh etməsini istəyib. O vurğulayıb ki, heç bir cinayət törətməyib, bu üzdən, ittiham tərəfi sübut ortaya qoya bilmir və etik olmayan ifadələrdən yararlanır.

Jurnalistin tələbinə reaksiya verən hakim Rasim Sadıxov məhkəmə prosesi başlayandan bəri dəfələrlə bütün tərəflərə xəbərdarlıq etdiyini, prosesə qatılanların bir-birinə hörmətlə yanaşmasını, şəxsiyyəti alçaldan ifadələrə yol verməməsini söylədiyini vurğulayıb.

"AbzasMedia" işi üzrə məhkəmə prosesi mayın 6-da davam edəcək.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Həmin il noyabrın 22-də ölkəyə qayıdarkən elə təyyarədən düşəndəcə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb, onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, daha sonra Hafiz Babalı, Elnarə Qasımova və ötən ilin mayında Fərid Mehralızadə həbs ediliblər.

Bu iş üzrə həbsdə olan toplam yeddi jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını desələr də, beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG