Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:05

'AbzasMedia' işi üzrə həbsdə olan jurnalistlər: 'Onun məhkəməyə gəlməsini tələb edirik...'


"Abzas Media" işi
"Abzas Media" işi

AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə da daxil, "AbzasMedia" ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 7 jurnalistin mühakiməsi sürür. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Ötən məhkəmə iclasında təqsirləndirilən jurnalistlər narazı qalmışdılar ki, onların şahid Ənvər Cəfərova suallarını verib cavab almalarına imkan verilmədi. Jurnalistlərin etirazlarını gözardı edən hakim şahidin çıxıb getməsinə göstəriş verdi. Bu üzdən, aprelin 22-də məhkəmə iclası başlayınca, təqsirləndirilən şəxslərdən "AbzasMedia"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) etirazını dilə gətirdi: "Bizim Ənvər Cəfərova suallarımız vardı. Siz imkan vermədiniz ki, suallarımızı verək. Tələb edirik ki, o, yenidən məhkəməyə gəlsin".

Vəsatət təmin olunub. Hakim Rasim Sadıxov adıçəkilən şahidin növbəti məhkəmə iclasına çağrılacağını söyləyib.

Ardından bir sıra şəxslər - iqtisadçı ekspert Toğrul Vəliyev, vaxtilə "AbzasMedia"nın gənc jurnalistlərə təşkil etdiyi təlimlərə qatılmış şəxslərdən Selcan Zaurqızı, İnarə Hümbətova, Firuzə Məmmədova və başqa şahidlər dindirilib.

Toğrul Vəliyev
Toğrul Vəliyev

İqtisadçı T.Vəliyev ekspert qismində "AbzasMedia"ya sosial-iqtisadi mövzulara şərh verdiyini deyib. O, təqsirləndirilən şəxsləri tanıdığını, ancaq hamısını "AbzasMedia"nın əməkdaşı olaraq deyil, məsələn, Hafiz Babalını "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, Fərid Mehralızadəni iqtisadçı kimi tanıdığını vurğulayıb.

H.Babalının vəkili məhkəməyə onun jurnalist vəsiqəsini təqdim edərək bildirib ki, ittiham tərəfinin əsas arqumentlərindən biri təqsirləndirilən jurnalistlərin reyestrdən keçməməsidir: "Hafiz Babalı rəsmi qaydada "Turan"ın əməkdaşı olub. Bu agentlik də reyestrdən keçib. Belə olan halda, necə demək olar ki, Hafiz Babalı reyestrdən keçməyib?".

Təqsirləndirilən şəxslərdən "AbzasMedia"nın koordinatoru olmuş Məhəmməd Kekalovun istintaqdakı ifadəsində H.Babalı barədə fikirlər də yer alıb. Orada göstərilib ki, H.Babalı "AbzasMedia"nın fəaliyyətinə fəal qatılıb.

Məhəmməd Kekalov
Məhəmməd Kekalov

H.Babalı M.Kekalova bu haqda suallar ünvanlayıb, nəyə əsasən belə bir ifadə verdiyini soruşub. O, cavabında ifadəsində yer alan fikirlərin gerçəyə uyğun olmadığını bildirib.

"Mən istintaqdakı ifadələrimdən imtina etmişəm", - M.Kekalovun cavabı belə olub.

"AbzasMedia" işi üzrə məhkəmə prosesi aprelin 29-da davam edəcək.

Xatırlatma

"AbzasMedia"yla bağlı həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Noyabrın 22-də ölkəyə qayıdarkən elə təyyarədən enəndə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb, həmin gecə onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, ardınca Hafiz Babalı, Elnarə Qasımova və ötən ilin mayında Fərid Mehralızadə həbs ediliblər.

Bu iş üzrə həbsdə olan toplam 7 jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib. Həmin ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarım boyunca Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG