Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 02:53

'AbzasMedia işi' üzrə həbsdəki 7 jurnalistin məhkəmə istintaqı yekunlaşdı


Abzas Media
Abzas Media

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan yeddi jurnalist, o sıradan AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə haqqında məhkəmə istintaqı tamamlanıb. Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti belə qərara gəlib. Qərarla razılaşmayan vəkillər doğru-düzgün məhkəmə istintaqı aparılmadığını, vacib məsələlərin araşdırılmadığını, bu durumda istintaqı yekunlaşdırmağı düzgün saymadıqlarını bildiriblər.

Onlar daha öncə məhkəmədə 20-dək vəsatət qaldırıblar. Bunların arasında "AbzasMedia"nın ofisində axtarış aparılarkən orada olan, ancaq adı protokolda göstərilməyən mülkigeyimlinin kimliyinin müəyyənləşdirilməsi, jurnalistlərin evlərindən götürülmüş avadanlığın (telefon və kompüterlərin) qaytarılması, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalovun istintaqdakı ifadələrindən imtina etdiyini nəzərə alıb, onların sübutlar siyahısından çıxarılması və başqa məsələlər vardı.

Məhkəmə iclasında əvvəlcə ofisdəki axtarışın videosuna baxılıb. Ofisə daxil olanlar arasında "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, vəkil Zibeydə Sadıqova, müstəntiq və adları protokolda olan üç əməliyyatçıdan başqa dəhlizdə bir nəfər də mülkigeyimli şəxs görünür. Həmin şəxs dəhlizdə olsa da, otağa daxil olanlar arasında görünmür. Bu üzdən təqsirləndirilən şəxslər və müdafiəçilər istisna etmirlər ki, digərləri otağa daxil olarkən həmin şəxs dəhlizdəki şkafın üstünə 40 min avronu qoyub. Axı sonra otaqdan dəhlizə qayıdan əməliyyatçılar ayaqlarının altına stul qoyub, şkafın üstündən pulu tapdıqlarını bildirirlər. Ü.Həsənli ofisdən tapıldığı iddia edilən 40 min avronun onlara aidiyyəti olmadığını, ora axtarışa gələnlərin özləri tərəfindən atıldığını deyir.

Vəkil Elçin Sadıqov videogörüntülərdəki şəxsin müəyyənləşdirilməsindən ötrü Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərilməsini istəyib. Hakimlər razılaşmayıb.

Ümumiyyətlə, müdafiə tərəfinin qaldırdığı çoxsaylı vəsatətlərin heç biri təmin edilməyib. Bu da həm jurnalistlərin, həm də vəkillərinin etirazını doğurub.

Fərid Mehralızadə
Fərid Mehralızadə

"Bizim sayəmizdə vəzifəsini artırdılar"

Təqsirləndirilən jurnalistlərdən F.Mehralızadə haqqında həbs qərarı verilərkən, müstəntiqdən sübut tələb etdiyini, müstəntiqin cavabında "sənin əleyhinə ifadə var" sözlərini xatırladıb: "İstintaqın sonunda cinayət işinin materiallarıyla tanış olanda gördüm ki, mənim əleyhimə heç nə yoxdur. Müstəntiq əvvəldən fikirləşib ki, ifadə hazırlayacaq, Məhəmməd Kekalova imzalatdıracaqlar. Plan bu olub. Bu da baş tutmayıb. Ona görə indi yenə də ittiham tərəfindən soruşuram: mən hansı əsasla həbs olunmuşam və burada saxlanılıram?".

"AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) yada salıb ki, Bakı şəhər Baş Polis İdarəsində onların işi üzrə istintaqı aparmış müstəntiq Toğrul Hüseynovun vəzifəsi artırılıb. O, Səbail rayon Polis İdarəsində İstintaq şöbəsinin rəisi təyin edilib: "Bizim sayəmizdə vəzifəsini artırdılar...".

M.Kekalovun istintaqdakı ifadələrində təqsirləndirilən jurnalistlərdən Elnarə Qasımova, Nərgiz Absalamova, Hafiz Babalının əleyhinə fikirlər yer alıb. O, əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu gün də vurğulayıb ki, həmin fikirlər ona aid deyil və bu üzdən istintaqdakı ifadələrindən imtina edib.

Mayın 20-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror Rauf Malışov "AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlərə cəza istəyəcək.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Həmin il noyabrın 22-də ölkəyə qayıdarkən elə təyyarədən düşəndəcə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb və o gecə onun da yaşadığı evdə axtarış aparılıb.

Noyabrın sonunda jurnalistlərdən Nərgiz Absalamova, daha sonra Hafiz Babalı, Elnarə Qasımova və ötən ilin mayında Fərid Mehralızadə həbs ediliblər.

Bu iş üzrə həbsdə olan toplam yeddi jurnalistə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını söyləyir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG