Xəbərlər
'Gürcü arzusu'nun sədri istefa verib

İrakli Qaribaşvili hakim "Gürcü arzusu" partiyasının sədri postunu tərk edərək siyasətdən gedir. O, bu barədə xüsusi brifinqdə məlumat verib: "Siyasətə qayıdıb əvvəlcə müdafiə naziri, sonra ikinci dəfə baş nazir təyin olunanda və, nəhayət, partiyanın sədri seçiləndə mənə tapşırılmış şərəfli missiyanı, demək olar, yerinə yetirdim".
Qaribaşvili bundan sonra özəl sektorda fəaliyyətini davam etdirəcəyini, təfərrüatların daha sonra açıqlanacağını bildirib. O, partiya sədri postuna kimin keçəcəyini açıqlamayıb.
Qaribaşvili "Gürcü arzusu"na müxalifət olaraq yenidən siyasətə qayıtma ehtimalını rədd edib.
İ.Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi. O, 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub, bu vəzifəni 2013-2015-ci illərdə də tutub.
Tramp 1915-ci il olaylarını 'soyqırımı' adlandırmayıb

Aprelin 24-də dərc olunan bəyanatında ABŞ prezidenti Donald Tramp 1915-ci ildə ermənilərin qətlə yetirilməsini "soyqırımı" kimi təsvir etməkdən imtina edib. Bu, əvvəlki prezident Co Baydenin siyasəti ilə ziddiyyət təşkil edir və ABŞ-dəki erməni diasporu tərəfindən sərt tənqid olunub.
Tramp bəyanatında bunun əvəzinə erməni dilində "Meds Yeqhern" (Böyük Cinayət) ifadəsini işlədib.
"Bu gün biz Meds Yeqherni anırıq və XX əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak olan çoxlu sayda insan üçün yas tuturuq", – prezident Trampın bəyanatında bildirilib.
Tramp prezidentliyinin ilk müddətində də "soyqırımı" sözünü işlətməkdən çəkinmiş və əvvəlki ABŞ prezidentlərinin nümunəsini izləmişdi. Lakin Bayden bütün prezidentliyi müddətində 1915-ci il hadisələrini açıq şəkildə "soyqırımı" adlandırıb.
Ermənistan Milli Komitəsi (ANCA) bildirib ki, Tramp "Amerikanın erməni soyqırımını tanımasından və yad etməsindən utancverici şəkildə geri çəkilib". Amerika Erməni Assambleyası isə bəyan edib ki, bu, "ABŞ-nin siyasətində dəyişiklik anlamına gəlmir, çünki qanunverici və məhkəmə orqanları artıq tarixi faktları açıq şəkildə təsdiqləyiblər".
Aİ də bəyanatdan "soyqırımı" sözünü çıxarıb
Ermənistan baş naziri Nikol Paşinyan isə aprelin 24-dəki bəyanatında 1915-ci il hadisələrinin təşkilatçılarını və icraçılarını açıq şəkildə qınamayıb. "Bu gün biz 1915-ci ildən etibarən baş vermiş qırğınlar və kütləvi deportasiyalar nəticəsində həyatını itirən Erməni soyqırımının günahsız qurbanlarını yad edirik", –Paşinyan bildirib. O, həmçinin 1915-ci il hadisələrinə istinad edərək "soyqırımı" ifadəsindən çox, "Meds Yeqhern" ifadəsini vurğulayıb.
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədindəki monitorinq missiyası isə 1915-ci il hadisələri ilə bağlı paylaşımından "soyqırımı" sözünü çıxarıb.
Aİ Mülki Missiyasının X sosial media hesabında yerləşdirilən bəyanatının ilkin variantında "erməni soyqırımı qurbanları" yazılıb, lakin bu ifadə az sonra "1915-1923-cü illərin erməni qurbanları" ilə əvəzlənib.
Aİ orqanları və rəsmiləri məsələ ilə bağlı ictimai bəyanatlarında "soyqırımı" sözünü işlətməyiblər.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə keçirdiyi brifinqdə deyib ki, "Rusiya soyqırımı tanıyan ilk ölkələrdən biri olub".
"Rusiyada biz həmişə qardaş erməni xalqının dərdini öz kədərimiz kimi qəbul etmişik", - Zaxarova vurğulayıb.
Hakimiyyətlə fikir ayrılığına görə azı 33 nəfər ruhi xəstəxanaya yerləşdirilib

2020-ci ildən Belarusda beşi qadın olmaqla azı 33 nəfər hakimiyyətlə razılaşmadığına görə məcburi psixiatrik müalicəyə göndərilib. Bu barədə BMT-nin insan hüquqları üzrə ekspertlərinin müraciətində deyilir.
Müraciət müəlliflərinin məlumatına görə, səkkiz nəfər artıq azadlığa buraxılıb. Azı 25 nəfərin xarici dünya ilə əlaqəsi kəsilib, bugünə qədər onların taleyi haqqında heç nə məlum deyil.
Sənəddə deyilir ki, psixiatrik xəstəxanada məcburi müalicə qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər tutula bilər. Vurğulanır ki, bu cür rəftar əqidə azadlığına təhdiddir, çünki dərmanlar və elektrik boşalmalardan zehni qabiliyyətləri idarə etmək və ya yavaşlatmaq üçün istifadə oluna bilər.
2020-ci il prezident seçkisinin nəticələri avtoritar Belarus lideri Aleksandr Lukaşenko rejiminə qarşı kütləvi etirazlara səbəb olub. Hakimiyyət bu aksiyalara genişmiqyaslı repressiyalarla cavab verib, minlərlə insan dəmir barmaqlıqlar arxasına göndərilib. Təqiblər bu günə qədər davam edir. "Vyasna" hüquq-müdafiə mərkəzinin məlumatına görə, 2020-ci ildən bəri azı 3 min 277 nəfər etiraz aksiyalarında iştiraka görə məhkum edilib.
İsrail mətbuatı: Netanyahu mayda Azərbaycana gələcək

İsrailin baş naziri Benyamin Netanyahu mayın birinci yarısında Azərbaycan səfər edəcək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə "Times of Israel" öz mənbələrinə istinadən yazıb.
Nəşr bildirib ki, tərəflər rəsmi Bakının vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyaya dair aparılan danışıqları müzakirə edəcəklər.
Eyni zamanda, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ABŞ ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri də gündəmdə olacaq.
Aprelin əvvəlində Azərbaycan prezidenti Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
Pakistan və Hindistan arasında münasibətlər gərginləşib

Aprelin 24-də Pakistan hökuməti Hindistana qarşı qarşılıqlı diplomatik cavab tədbirləri görüləcəyini bəyan edib. Bu açıqlama Hindistanın Pakistanı "sərhəd ötəsi terrorzim"ə dəstək verməkdə ittiham etməsindən və İslamabadla münasibətləri məhdudlaşdıracağını bəyan etdikdən sonra gəlib.
Baş nazir Şahbaz Şərifin ofisinin yaydığı bəyanatda deyilib ki, Pakistan Hindistanın İslamabaddakı müdafiə, dəniz və hava qüvvələrinə aid müşavirlərini "persona non grata" elan edir və onlar dərhal Pakistanı tərk etməlidir. Bəyanatda qeyd olunub ki, yalnız Siqh ziyarətçiləri istisna olmaqla Hindistan vətəndaşlarına verilən vizalar ləğv ediləcək. Həmçinin sərhədlərin bağlanacağı, ticarətin dayandırılacağı və Pakistanın hava məkanının Hindistana məxsus aviaşirkətlərə bağlanacağı da vurğulanıb. Pakistan baş naziri bildirib ki, Pakistana məxsus suyun dayandırılması və ya başqa istiqamətə yönəldilməsi cəhdi müharibə aktı hesab olunacaq.
Yeni Dehli isə aprelin 23-də Pakistanla su paylaşımı sazişini (İndus Su Razılaşması) dayandırdığını, əsas quru sərhəd keçidinin bağlanacağını, diplomatik əlaqələrin aşağı salındığını və Pakistan vətəndaşlarına verilmiş vizaların ləğv edildiyini elan edib. Daha sonra bildirilib ki diplomatlar istisna olmaqla, bütün Pakistan vətəndaşları Hindistanı dərhal tərk etməlidir.
Münasibətlər niyə gərginləşib?
Aprelin 22-də silahlı şəxslər Hindistanın nəzarətində olan Kəşmirdə turistik məkanda 26 nəfəri qətlə yetiriblər. Bu terror aktı Hindistanda şok effekti yaradıb, çünki budəfəki hücum, adi hallarda olduğu kimi, Hindistan təhlükəsizlik qüvvələrinə deyil, birbaşa mülki şəxslərə və bölgənin iqtisadiyyatı üçün vacib olan turizm sektoruna yönəlib.
Hindistan İslamabadı terrorizmi dəstəkləməkdə ittiham edir, ancaq Pakistan bu ittihamları rədd edir. Kəşmir polisi hücumçular olduğu iddia edilən üç silahlı şəxsdən ikisinin Pakistan vətəndaşı olduğunu bildirib. Lakin Yeni Dehli bu iddiaları təsdiqləyəcək heç bir sübut təqdim etməyib və məsələ ilə bağlı əlavə detalları ictimaiyyətlə bölüşməyib.
Körpü qəzalı vəziyyətə düşüb, 50 min sakinin gediş-gəlişi çətinləşib

Son günlər Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində inşa edilmiş dördaşırımlı körpünün qəzalı vəziyyətə düşməsi nəticəsində bu rayonun bir çox kəndlərinə gediş-gəliş çətinləşib.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb: "Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər".
Agentlik körpünün qəzalı vəziyyətə düşməsini son günlər intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları ilə izah edib.
Quba rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb: "Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır".
Qaraçay üzərində həmin körpü 1959-cu ildə inşa edilib və 101 metr uzunluğundadır.
Son həftələr Azərbaycanda yağıntılar istər Bakıda, istərsə də bölgələrdə bir sıra fəsadlar törədib. Sel sularında dörd nəfərin boğulduğu açıqlanıb.
Litva Moskva və Minski belaruslu mühacirlərə zorakı hücumlar hazırlamaqda günahlandırır

Litvanın Dövlət Təhlükəsizlik Departamenti (VSD) Rusiya və Belarus kəşfiyyat xidmətləri tərəfindən Litvada yaşayan belaruslu mühacirlərə qarşı zorakılığı qızışdırmaq məqsədi daşıyan gizli əməliyyatı ifşa etdiyini bildirib.
VSD-nin yayımladığı açıqlamada bildirilib ki, bu plan səhnələşdirilmiş təxribatlar və dezinformasiya kampaniyalarını əhatə edirmiş.
Litva hakimiyyət orqanlarının məlumatına görə, xarici kəşfiyyat xidmətləri Litvada yaşayan Belarus diasporuna qarşı getdikcə daha təhlükəli xarakter daşıyan insidentlər təşkil edir. 2025-ci ilin əvvəlinə olan statistikaya əsasən, Litvadakı Belarus icmasının sayı 57 mindən çoxdur.
Bildirilib ki, Rusiya və Belarusdan olan xarici agentlər "litvinist" belaruslar – Belarus kimliyini Litva Böyük Hersoqluğuna bağlayan ideologiyanın ardıcılları – və uydurma Litva millətçi qrupları arasında toqquşmaları simulyasiya etməyə cəhd ediblər.
"Təşkilatçılar müxalif qüvvələr - litvinist ideyaları müdafiə edən belaruslar və guya onlara müqavimət göstərən Litva millətçi qrupları arasında qarşıdurmalar yaratmağa çalışırlar", - Litva Dövlət Təhlükəsizlik Departamenti bildirib.
Son təxribatlar
Rəsmilər vurğulayıb ki, Litvada heç bir real ekstremist "litvinist" qruplar aşkar edilməyib, onlar bu mövzunun Belarus və Rusiya təbliğatı tərəfindən cəmiyyətdə inamsızlıq və parçalanma yaratmaq məqsədilə manipulyasiya edildiyinə inanır.
Son təxribatlara guya belaruslu əsgərlərə aid saxta videomesajlar, Belarus əleyhinə divar yazıları, litvalı millət vəkilləri və Vilnüsdə yaşayan mühacirlərə qarşı təhdidlər, eləcə də regionun tarixi ilə bağlı saxta iddialar yayan sosial media kampaniyaları daxildir.
VSD sakinləri bu cür təxribatlara aldanmamağa çağırıb və xəbərdarlıq edib ki, "bu fəaliyyətlərdə iştirak inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".
Litvada yaşayan Belarus vətəndaşlarına qarşı nəzarət də artıb. Onların bir çoxu getdikcə daha sərt viza yoxlamaları, yaşayış icazələrinin uzadılmasında çətinliklər və hətta keçmişdə Belarus dövlət qurumları və ya hərbi strukturları ilə əlaqələri səbəbindən deportasiya ilə üzləşirlər.
Litva mediası sözügedən dezinformasiya kampaniyasını "Litvinizm" adlandırıb. Hakimiyyət orqanları bildirirlər ki, əsl təhlükə ideologiyanın özündə deyil, onun cəmiyyəti parçalamaq və sabitliyi pozmaq məqsədilə manipulyasiya edilməsindədir.
Bu məsələ ilə bağlı araşdırma reportajına görə bu yaxınlarda Litva hökumətinin Milli Azlıqlar Departamenti AzadlıqRadiosunun Belarus xidmətini mükafatlandırıb. Mükafat kampaniyanın arxasında duran qüvvələri və onun daha geniş geosiyasi nəticələrini üzə çıxaran materiala görə təqdim edilib.
Azərbaycan xidmətdən yayınan hərbçini Rusiyaya verib

Azərbaycan Baş Prokurorluğu hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilərək axtarışa verilmiş hərbi qulluqçu Sotim Savlatovun ekstradisiyası ilə bağlı Rusiya prokurorluğunun vəsatətini təmin edib.
"Savlatov bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusitəyinatlı hissəsinin müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib", - Baş Prokurorluğun məlumatında bildirilir.
"Mediazona"nın məlumatına görə, 27 yaşlı Savlatov Tacikistanda doğulub. Onun Rusiya vətəndaşlığı var və Tver vilayətində yaşayıb. Rusiya Daxili İşlər Nazirliyi 2023-cü il oktyabrın sonundan Savlatov barəsində axtarış elan edib.
Hərbçi 2025-ci ilin yanvarında Azərbaycanda saxlanılıb. Savlatov ekstradisiya olunana qədər həbsdə saxlanılıb.
"Mediazona" bildirir ki, Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya məhkəmələrində fərarilik, əmrə tabe olmama və bölmənin icazəsiz tərk edilməsi maddələri ilə Rusiya məhkəmələrində təxminən 16 min cinayət işi qaldırılıb. Təkcə fərarilik maddəsi ilə 683 iş məhkəməyə göndərilib. Bu maddə üzrə ən ağır cəza 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Şəhər rəhbərliyi Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadı

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şuranın aprelin 27-də ölkə paytaxtında mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.
Şəhər rəhbərliyi mitinqin keçirilməsini "məqsədəuyğun" hesab etməyib.
Təşkilatçılar hazırda həbsdə aclıq aksiyası keçirən Milli Şura, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və digər siyasi məhbus sayılan şəxslərin azadlıq tələbi ilə mitinq üçün BŞİH müraciət etmişdi.
Bakıda müxalifətin son razılaşdırılmış etiraz aksiyası 2019-cu ildə keçirilib. Ondan sonra şəhər rəhbərliyi, əsasən, paytaxtın mərkəzi ərazilərində nəqliyyatın sıxlığını səbəb göstərərək etiraz aksiyalarına müsbət cavab verməyib. Müxalifət də şəhər kənarında etiraz aksiyası keçirmək istəməyərək onlara müsbət cavab verilməməsini sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirib.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Xatırlatma
T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o, ittihamları qurama, siyasi sayır.
İstanbulda ardıcıl üç zəlzələ

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələnin ilk təkanı 3.9 bal gücündə olub və onun episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizindədir.
Yerli vaxtla saat 12:49-da Silivri sahillərində zəlzələnin növbəti təkanı qeydə alınıb. Bu təkan 6.2 bal gücündə olub. Zəlzələ 6.92 kilometr dərinlikdə baş verib.
Ardınca 5.9 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı vəziyyətin yaxından izlənildiyini bildirib. Daxili işlər naziri Ali Yerlikaya əlaqədar qurumların sahə araşdırmalarına başladığını açıqlayıb. Onun sözlərinə görə, ev və ya bina uçması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Səhiyyə Nazirliyi də bildirib ki, "heç bir neqativ hal qeydə alınmayıb".
Rubio Dövlət Departamentində yenidənqurma elan etdi

Donald Tramp administrasiyası təkrarlanan strukturları azaltmaq və milli maraqlara uyğun olmadığını düşündüyü proqramları ləğv etmək məqsədilə Dövlət Departamentində əsaslı yenidənqurmaya başlayıb.
Bu barədə aprelin 22-də dövlət katibi Marko Rubio bildirib.
"Bu yanaşma mərkəzi aparatdan tutmuş, xaricdəki missiyalara qədər bütün səviyyələrdə qurumun effektivliyini artıracaq", - Rubio vurğulayıb. Onun sözlərinə görə, konkret regionlara yönəlmiş funksiyalar onların effektivliyini artırmaq üçün birləşdiriləcək, artıq bölmələr ləğv ediləcək, qanunla nəzərdə tutulmayan və Birləşmiş Ştatların xarici siyasət prioritetlərinə uyğun gəlməyən proqramlar bağlanacaq.
İslahat çərçivəsində Dövlət Departamentinin Mülki təhlükəsizlik, demokratiya və insan hüquqları idarəsinə indi xarici yardım və humanitar məsələlər üzrə koordinator rəhbərlik edəcək.
Rubio Dövlət Departamentinin hazırkı strukturunu kəskin tənqid edərək bildirib ki, o, "şişkinləşib, bürokratikləşib və böyük güclərin rəqabətinin yeni erasında əsas diplomatik vəzifələrini yerinə yetirə bilmir".
İslahatlar Trampın ABŞ diplomatik xidmətinin yenidən təşkili ilə bağlı fevral sərəncamından irəli gəlir. Martda administrasiya rəsmiləri təxminən 10 konsulluğu bağlamağa hazırlaşdıqlarını bildiriblər. Lakin Rubionun bəyanatında Amerikanın hər hansı diplomatik missiyasının tezliklə bağlanacağından bəhs edilmir.
Məhkəmə Trampın 'Amerikanın səsi'ni bağlamaq qərarını bloklayıb

Federal məhkəmə aprelin 22-də Tramp administrasiyasının "Amerikanın Səsi" (Voice of America), "Azad Asiya Radiosu" (Radio Free Asia) və "Yaxın Şərq Yayım Şəbəkələri" (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşdirilən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.
ABŞ-nin federal dairə hakimi Roys Lambert ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər və podratçılar tərəfindən məhkəmədə qaldırılan altı işə baxıb. Hakim administrasiyaya işçiləri və podratçıları öz vəzifələrinə bərpa etmək və bu media qurumunun yayımını davam etdirmək üçün "bütün zəruri tədbirləri görmək" barədə qərar çıxarıb.
Lambert yayımın gələcəyi ilə bağlı hələ yekun qərar verilmədiyi və iddialara işdən çıxarılan əməkdaşlarla "əmək mübahisələri" çərçivəsində baxılmalı olduğu barədə USAGM-in məhkəmədəki arqumentlərini rədd edib.
"80 illik qabaqcıl xəbər xidməti olan VOA-nın tamamilə susdurulduğu və geri qayıdacağına dair heç bir əlamətin olmadığı bir şəraitdə USAGM-in hələ də "mövcud" olduğuna inanmaq çətindir", - hakim Lambert bildirib.
Hakim həmçinin vurğulayıb ki, Tramp keçən ay ABŞ hökumətinin maliyyələşməsini təmin edən müvəqqəti büdcə qanununu imzalayıb, bu qanunla USAGM üçün maliyyə vəsaiti ayrılıb. Lambertin sözlərinə görə, Tramp xərclər haqda qanun layihəsinə veto qoymayıb və ya Konqresdən bu maliyyələşmənin ləğvini tələb etməyib.
USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.
Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb

Aprelin 23-də Pekində Azərbaycan prezidenti İlham Əliyev və Çin dövlət başçısı Si Cinpinin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərinin imzalanması mərasimi olub. Həmin sənədlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"dir.
Hazırda Azərbaycanla bir sıra ölkələr arasında oxşar razılaşma var.
Amma son illər bu istiqamətdə Avropa İttifaqı (Aİ) ilə aparılan müzakirələr, hələlik, elə bir nəticə verməyib. 2017-ci ildən Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə danışıqlar aparılır. Amma, hələlik, bu danışıqlar müsbət sonluqla başa çatmayıb. Həmin layihə çərçivəsində aparılan müzakirələrin elementlərindən biri də viza rejiminin sadələşdirilməsidir.
Xatırlatma
Ötən il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Həmin vaxt da prezident İ.Əliyev Çinə səfər etmişdi.
Eyni zamanda, Azərbaycan rəsmiləri Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəklədiklərini açıqlayıblar. Çin hökumətinin 2013-cü ildə qəbul etdiyi həmin layihə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədi daşıyan infrastruktur inkişafı strategiyasıdır.
Azərbaycan müxalifəti hökumətin Çin və Rusiya kimi ölkələrə yaxınlaşmasını tənqid edir, Qərbə inteqrasiyanı vacib sayırlar.
Azərbaycanda inflyasiya azalacaqmı?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, aprelin 23-də 2025-ci illə bağlı inflyasiya proqnozunu açıqlayıb. Qurumun vurğulamasına görə, illik inflyasiyanın bu il 5.3, 2026-cı ildə isə 4.3 faiz ətrafında olacağı gözlənilir.
Qeyd edilib ki, baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
10 aprel
Azərbaycanda inflyasiya artır, amma...
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin martında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin analoji dövrünə nisbətən 5.9 faiz artıb.
Bu rəqəm qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz təşkil edib.
Martda istehlak qiymətləri əvvəlki aya nisbətən 0.6 faiz yüksəlib.
Müstəqil iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşırlar. Onların fikrincə, Azərbaycanda reallıqda inflyasiya daha yüksəkdir.
Hazırda müstəqil iqtisadçılar qarşıdakı aylarda da inflyasiyanın aşağı düşəcəyinə şübhə edirlər. Onlar vurğulayırlar ki, hazırda bir sıra kənd təsərrüfatı məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə az qala 100 faiz bahadır.
Niderland kəşfiyyatı: Rusiya Avropada hibrid hücumlarını gücləndirir

Rusiya Niderlanda və onun Avropadakı müttəfiqlərinə qarşı hibrid hücumlarını gücləndirir. Bu barədə Niderlandın hərbi kəşfiyyat agentliyi - MIVD-in aprelin 22-də yayımlanan illik hesabatında bildirilib. Hesabata görə, Rusiyanın bu hücumları Avropa cəmiyyətlərini zəiflətmək və onlara təsir etmək məqsədi daşıyır.
MIVD bildirib ki, Rusiya Niderland vətəndaşlarının səs verməsinə mane olmaq üçün bu ölkənin siyasi partiyalarına və ictimai nəqliyyat şirkətlərinə aid internet saytlarına kiberhücumlar təşkil edərək 2024-cü il Avropa seçkilərini pozmağa cəhd göstərib.
MIVD-nin direktoru və vitse-admiral Peter Reysink deyib: "MIVD Rusiyanın Avropaya qarşı təhdidinin azaldığını yox, artdığını görür. Hətta Ukrayna ilə müharibənin mümkün sona çatmasından sonra da bu davam edə bilər".
"Beynəlxalq siyasətdə və müttəfiqlik sahəsində təlatümlü inkişafı görürük... Bunun başvermə sürəti və təhlükəsizliyimizə potensial təsiri görünməmiş dərəcədədir", - o əlavə edib.
MIVD hesabatında Rusiyanın Niderlanddakı bir neçə əməliyyatı, rus haker qrupunun kibertəxribat hücumu barədə də məlumat verib.
MIVD casusluq, internet kabellərinə, su təchizatı sistemlərinə və elektrik şəbəkələrinə qarşı mümkün Rusiya təxribatlarından narahatlığını ifadə edib.
Ötən ilin noyabrında da Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı Avropada "təxribat kampaniyası"nda ittiham etmişdi.
Rusiya tərəfi bütün ittihamları rədd edir və onları əsassız adlandırır.