Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə mayın 15-də İstanbulda görüşməyə hazır olduğunu bildirib, lakin o, Avropalı müttəfiqlərinin də dəstəklədiyi atəşkəsin mayın 12-də başlamasını təkid edib. Ancaq Moskva indiyədək bu çağırışa məhəl qoymayıb.
Zelenski mayın 11-də sosial mediada bildirib: "Sabahdan başlayaraq atəşkəs gözləyirik. Bu təklif masadadır".
"Tam və qeyd-şərtsiz atəşkəs - diplomatiya üçün lazımi zəmini yaradacaq qədər uzun müddətli atəşkəs - sülhü əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər. Ukrayna bunu uzun müddətdir təklif edir, tərəfdaşlarımız təklif edir və bütün dünya buna çağırır. Biz Rusiyadan aydın cavab gözləyirik".
Zelenski deyib ki, Kiyevin "danışıqlarda heç bir problemi yoxdur və biz istənilən formata hazırıq".
"Mən bu cümə axşamı, mayın 15-də Türkiyədə olacağam və Putinin də Türkiyəyə gələcəyini gözləyirəm", - Ukrayna lideri vurğulayıb.
Zelenskinin Türkiyəyə səfərini dərhal atəşkəsin başlaması şərti ilə edib-etmədiyi bəlli deyil.
Atəşkəsin ya mayın 15-də İstanbulda keçiriləcək mümkün danışıqların baş tutub-tutmayacağı mayın 11-i axşam saatlarınadək qeyri-müəyyən olaraq qalırdı.
Donald Tramp
Tramp Zelenskinin atəşkəs tələbini gözardı edir
Zelenskinin açıqlamaları ABŞ prezidenti Donald Trampın bəyanatlarından sonra gəlib. Tramp Kiyev və aparıcı Avropa müttəfiqlərinin atəşkəslə bağlı çağırışlarını nəzərə almadan Ukraynadan müharibəyə son qoymaq üçün Rusiya ilə "dərhal" birbaşa danışıqlara başlamasını tələb edib.
Tramp bu tələbi Putin Kiyevlə Türkiyədə birbaşa danışıqları təklif etdikdən sonra irəli sürüb.
"Truth Social" platformasındakı paylaşımında Tramp qeyd edib ki, Putin Ukrayna ilə atəşkəs sazişinin olmasını istəmir və bunun əvəzinə "bu qanlı müharibəyə mümkün son qoyulması üçün" birbaşa danışıqlar aparmaq istəyir.
"Ukrayna buna razılaşmalıdır, DƏRHAL", - Tramp əlavə edib. "Ən azından onlar razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcəklər və əgər mümkün deyilsə, Avropa liderləri və ABŞ hər şeyin harada olduğunu biləcək və buna uyğun hərəkət edə biləcəklər!".
ABŞ prezidenti görüşlə bağlı məsələdə Putinin yanında olduğunu bildirib, Kiyevi görüş dəvətini qəbul etməyə çağırıb. "Görüşü indi keçirin", - Tramp deyib.
Mayın 11-də Putin Ukrayna müharibəsində atəşkəs çağırışını görməzlikdən gələrək, bunun əvəzinə Kiyevlə birbaşa sülh danışıqları keçirməyi və bu danışıqların mayın 15-də İstanbulda, "qeyd-şərtsiz" keçirilməsi mümkün ola biləcəyini təklif edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Kiyevin atəşkəs çağırışını rədd edib və bildirib ki, Ukraynan Rusiya prezidentinin mesajını yanlış başa düşüb. "Putin öz bəyanatında bunu açıq şəkildə bildirib. İlk olaraq münaqişənin köklü səbəbləri haqqında danışılmalıdır, sonra, bəlkə də, atəşkəsdən danışa bilərik", - Zaxarova deyib.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə görüşə ev sahibliyinə hazırdır
Mayın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı V.Putinlə telefon əlaqəsi saxlayıb. O, Ankaranın Rusiya ilə Ukrayna arasında atəşkəs və daimi sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu deyib. Fransa prezidenti Emmanuel Makronla ayrıca keçirdiyi telefon danışığı zamanı isə Türkiyə dövlət başçısı müharibənin sona çatması istiqamətində "tarixi" dönüş nöqtəsinin əldə olunduğunu bildirib.
Makron, Almaniya kansleri Fridrix Merts, Zelenski, Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk mayın 10-da Kiyevdə keçirilən görüşdən sonra mayın 12-dən başlayaraq atəşkəs təklifini açıqlayıblar.
Onlar Moskvaya xəbərdarlıq ediblər ki, təklif olunan atəşkəsdən boyun qaçırarsa, "kütləvi" yeni sanksiyalarla üzləşəcək. Onlar müzakirələrdən sonra prezident Trampla telefonla danışdıqlarını bildiriblər.
Prezident Makron Kiyevdən qayıdarkən Kremlin birbaşa danışıqlar təklifinə münasibət bildirib. O, Putinin birbaşa danışıqlar təklifini "ilk addım, amma yetərli deyil" olaraq qiymətləndirib və əlavə edib ki, "qeyd-şərtsiz atəşkəs danışıqlardan əvvəl gəlməməlidir".
Kansler Merts də oxşar bir fikir səsləndirərək təklifi "yaxşı bir işarə" adlandırıb, amma bunun kafi olmadığını qeyd edib.
"Əvvəlcə silahlar susdurulmalıdır, sonra müzakirələr başlaya bilər", - Almaniya kanslerinin bəyanatında vurğulanıb.
Putinin mayın 11-dəki şərhlərindən sonra AzadlıqRadiosuna danışan Demokratiyaları Müdafiə Fondunun Rusiya üzrə proqramının direktor müavini Con Hardi bildirib ki, Rusiya lideri "prezident Trampı sakitləşdirmək, Ukrayna və Qərbin əhəmiyyətli güzəştləri olmadığı halda, hələ də atəşkəsi rədd etmək arasındakı xətdə yeriməyə davam edir".
"Putin əsasən təklif edib ki, Rusiya və Ukrayna 2022-ci ilin İstanbul danışıqlarından başladığı yerdən davam etsinlər, burada Moskva sərt sülh şərtlərini tətbiq etməyə çalışmışdı", –o, əlavə edib.
C.Hardi bildirib ki, indi ABŞ prezidenti bir qərar verməlidir: "O, Putinin onu yönləndirməsinə davam edəcək, yoxsa Rusiyaya iqtisadi təzyiqləri artırmaqla bağlı hədəsini yerinə yetirəcək?".