Vəzifədə olduğu ilk 100 gündə ABŞ prezidenti Donald Trampın əsas xarici siyasət hədəflərindən biri - Ukraynadakı müharibəyə son qoymaq hələ də reallaşmayıb.
Tramp prezidentliyə namizədliyini irəli sürərkən müharibəni tez zamanda bitirəcəyinə söz vermişdi. O, mayın 4-də "NBC News" telekanalında yayımlanan müsahibəsində sülh razılaşmasının hələ də əldə oluna biləcəyinə ümid etdiyini bildirib, ancaq, eyni zamanda, səbrinin məhdud olduğunu da vurğulayıb.
"Yaxşı, elə bir vaxt olacaq ki, mən deyəcəyəm: "Yaxşı, davam edin. Axmaq olmağa və döyüşməyə davam edin"", - Tramp bildirib.
NBC telekanalına müsahibəsində Tramp ABŞ-nin münaqişə tərəflərindən biri ilə daha yaxın olduğunu, digəri ilə isə o qədər də yaxın olmadığını deyib. Lakin Tramp bu ölkələrin hansı olduğunu açıqlamayıb.
Lakin son günlərdə ABŞ prezidenti xüsusilə Kremlə qarşı narahatlığını ifadə edib, Rusiya prezidenti Vladimir Putinə müraciətlə "atəşi dayandır, otur və razılaşmanı imzala" çağırışı edib.
Respublikaçı qanunvericilər də ABŞ prezidentinin mövqeyini tam dəstəkləyərək onunla eyni xətt üzrə hərəkət ediblər.
Trampın əsas müttəfiqi olan Cənubi Karolina senatoru Lindsi Qrem Putinin sülh danışıqlarında ciddi şəkildə iştirak etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar və tariflər paketini geniş şəkildə dəstəklədiyini bildirib.
Luiziana ştatından senator Con Kennedi isə "Fox News"a müsahibəsində deyib ki, Kreml rəhbəri prezident Trampı hər fürsətdə aldadıb.
"O, prezidentimizə hörmətsizlik edib. Məncə, cənab Putinə açıq şəkildə bildirməyincə ki, biz onu və onun ölkəsini balıq yeminə çevirməyə hazırıq, vəziyyət yaxşılaşmayacaq", – Kennedi vurğulayıb.
Kennedi bu fikrinə aydınlıq gətirərək deyib ki, o, nüvə müharibəsini deyil, Rusiyanın neft satışının dayandırılması ilə bağlı tədbirləri nəzərdə tutub. Lakin onun sözləri Trampın son vaxtlar Kremlə qarşı artan səbirsizliyini əks etdirir.
Daşınmaz əmlak biznesmeni Putinlə üz-üzə
Bu ritorika fonunda isə diplomatik səylər davam edir. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Putinlə görüşmək üçün Moskvaya səfər edib. Kremlin yüksəkvəzifəli müşaviri danışıqları "səmərəli" adlandırıb, lakin bəzi şərhçilər S.Uitkoffun adi müşayiət heyəti olmadan Rusiyaya getməsini onun diplomatik təcrübəsinin kifayət etmədiyinə işarə kimi dəyərləndiriblər.
Karyeralı diplomat və ABŞ-nin Ukraynadakı keçmiş səfiri Stiven Payfer Uitkoffun görüşə təkbaşına qatılmasının məqsədəuyğunluğunu sual altına alıb. O bildirib ki, Trampın etibarlı adamı və varlı daşınmaz əmlak biznesmeni olan ABŞ nümayəndəsi 75 ildən artıq diplomatik təcrübəyə malik bir tərəflə üz-üzə dayanır.
"Təəccüblü deyil ki, Rusiya 10 həftə ərzində ABŞ-dən güzəştlər və hədiyyələr alıb, əvəzində isə heç nə verməyib", – Payfer X platformasında yazıb.
Kremldəki oturma düzənindən asılı olmayaraq, Uitkoffun görüşü Vaşinqtonda imzalanan ABŞ–Ukrayna Bərpa İnvestisiya Fondu yaradılmasına dair razılaşma ilə kəskin təzad təşkil edir. Bu sazişə görə, ABŞ Ukraynanın dəyərli nadir torpaq elementlərinə çıxış imkanı əldə edir, əvəzində isə Kiyev Vaşinqtonun uzunmüddətli dəstəyinə ümid edir.
ABŞ maliyyə naziri Skott Bessent bu razılaşmanı təsvir edərkən sərt ifadələrdən istifadə edib: "Bu, Rusiyaya aydın şəkildə siqnal verir ki, Tramp administrasiyası əsasında uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna olan sülh prosesinə sadiqdir".
Beləliklə, Tramp administrasiyası ilə münasibətlərdə Ukraynanın xeyrinə incə bir dəyişiklik baş veribmi? Hər zamankı kimi, bunu demək üçün hələ tezdir. Çünki bu imzalanma Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ vitse-prezidenti Ceyms Devid Vens arasında Oval ofisdə keçirilən gərgin görüşdən cəmi iki ay sonra baş tutub. Həmin görüş, bəlkə də, Trampın yanvarda vəzifəyə gəlməsindən bəri daha çox kino səhnəsini xatırladan anlardan biri idi. Lakin yeni yaranmaqda olan sülh prosesi hələlik Trampın növbəti uğuru kimi qeyd edə biləcəyi bir nəticəyə verməyib.
Ancaq bu məsələ ilə bağlı bir məqamda Tramp öz ritorikasında ardıcıl olub: "Ukraynadakı müharibə Baydenin müharibəsidir" və əgər o özü hakimiyyətdə olsaydı, bu müharibə heç vaxt baş verməzdi.
Başqa sözlə desək, əgər danışıqlar uğursuz olsa, xarici siyasətdəki bu uğursuzluğun məsuliyyəti Tramp administrasiyasının üzərindən asanlıqla kənarlaşdırıla bilər.