Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 22:48

PKK silahı yerə qoyur. 'Komandirlərin Türkiyə siyasətinə girməsi ehtimalı azdır'


Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) tərəfdarlarını əks etdirən divar rəsmi
Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) tərəfdarlarını əks etdirən divar rəsmi

Bir sıra ölkələrin terrorçu təşkilat kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) onilliklərdir Türkiyə ilə münaqişəni sonlandırmaq üçün artıq mübarizəni dayandırdığını və tərksilah olduğunu elan edib.

"PKK-nın 12-ci Konqresi PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması barədə qərar qəbul edib", - kürd silahlı qruplaşması ötən həftə konqresini keçirdikdən sonra verdiyi bəyanatda bildirib.

Artıq 40 ildir davam edən silahlı qarşıdurmaya son qoymağı hədəfləyən tarixi qərar PKK-ya yaxın media orqanı olan "Fırat" xəbər agentliyi tərəfindən açıqlanıb.

Bu ilin fevralında PKK lideri, 1999-cu ildən həbsdə olan Abdullah Öcalan qruplaşmanı rəsmi şəkildə özünü buraxmaq qərarı verməyə çağırıb.

PKK müəyyən şərtlər daxilində martın 1-də təktərəfli atəşkəs elan edib. Bu şərtlərdən biri də sülh danışıqları üçün yeni hüquqi bazanın yaradılması idi.

Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması siyahısına salınan PKK-nın Türkiyədə üsyanı 1984-cü ildə başlayıb.

Kürd məsələləri üzrə ixtisaslaşmış siyasi ekspert Vladimir van Vilqenburq AzadlıqRadiosuna deyib ki, Türkiyədəki kürd icması "münaqişədən yorulub və sülhə ümid edir".

Bununla belə, o əlavə edib ki, kürdlər Türkiyə hökumətinə etibar edib-etməyəcəklərinə əmin deyillər və Ankaranın barışıq yönündə addımlar atıb-atmayacağını, məsələn, kürd siyasətçi Selahattin Demirtaşın azadlığa buraxılması və kürd hüquqlarının tanınması kimi addımlar atıb-atmayacağını düşünürlər: "Ona görə də onlar bir qədər inamsızdırlar və nə baş verəcəyinə dair qeyri-müəyyənlik içindədirlər".

Demokratik vasitələrlə həll

PKK bildirib ki, təşkilatın ləğvi və tərksilah üzrə praktiki proses 1999-cu ildən həbsdə olan Öcalan tərəfindən idarə olunacaq və nəzarətdə saxlanılacaq.

Qurultay bəyannaməsinə görə, "PKK-nın mübarizəsi kürd məsələsini demokratik siyasət yolu ilə həll həddinə çatdırıb və bununla da tarixi missiyasını tamamlayıb".

Qruplaşma bunun dəqiq olaraq nə demək olduğunu açıqlamayıb, lakin siyasi ekspert van Vilqenburq bildirib ki, Türkiyədə artıq Xalqların Demokratik Partiyası (HDP) timsalında aktiv kürd tərəfdarı bir partiyanın olduğunu nəzərə alaraq, PKK komandirlərinin Türkiyə siyasətinə girməsi ehtimalı yoxdur.

"Çox güman ki, onlar bundan sonra kürd siyasətinin partizan müharibəsi deyil, hüquqi siyasət və Türkiyə parlamenti vasitəsilə aparılacağını nəzərdə tuturlar", - o əlavə edib.

PKK daxilində nə dərəcədə vahid mövqe var?

Van Vilqenburq qeyd edib ki, PKK qərarında yekdil görünməsinə baxmayaraq, təşkilat keçmişdə qruplaşmadan ayrılma halları ilə üzləşib — məsələn, Öcalanın kiçik qardaşı Osman Öcalan 2004-cü ildə təşkilatdan ayrılaraq qısaömürlü siyasi-hərbi qruplaşma yaratmışdı.

Siyasi ekspertin sözlərinə görə, indi əsas suallardan biri təşkilatın digər ölkələrdə, məsələn, İrandakı qollarının bu qərara əməl edib-etməyəcəyidir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mayın 12-də deyib ki, PKK-nın tərksilah və fəaliyyətinin dayandırılması ilə bağlı qərarı "konkret və tam şəkildə, eləcə də PKK-nın bütün qollarını əhatə edəcək şəkildə" həyata keçirilməlidir.

PKK ilə Türkiyə arasındakı münaqişə nəticəsində indiyədək 40 min nəfərin öldüyü təxmin edilir. Bu, PKK-nın hərbi və mülki hədəflərə hücumlarının qurbanlarını, eləcə də Türkiyə ordusunun həm PKK-ya, həm də onu dəstəkləyən icmalara qarşı keçirdiyi hərbi əməliyyatlarda həlak olanları əhatə edir.

XS
SM
MD
LG