Avropa Şurası komissarı: 'Həbsdəki hüquq müdafiəçiləri, jurnalistlər... azad edilməlidir'

Maykl O'Flaherti

Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti Azərbaycan hökumətini insan hüquqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyə çağırıb. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə komissarının aprelin 29-da verdiyi bəyanatında bildirilib.

O, vətəndaş cəmiyyəti fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı cinayət işini narahatlıqla izlədiyini deyib.

Avropa Şurasının rəsmisi öz bəyanatında Azərbaycanda onlarda jurnalistin, insan haqları müdafiəçilərinin həbsdə olduğunu xatırladıb: "Narahatlıqla qeyd edirəm ki, bu gün Azərbaycanda onlarla insan haqları müdafiəçisi, jurnalist və vətəndaş cəmiyyəti fəalı ya öz qanuni fəaliyyətlərinə, ya da fərqli və ya tənqidi fikirlərinə görə həbsdədir. Mən Azərbaycan hakimiyyətini Anar Məmmədlini və öz fəaliyyətlərinə görə həbsdə saxlanılan bütün digər insan haqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyə, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarını və bununla bağlı bütün məhdudiyyətləri, o cümlədən xaricə səyahət qadağasını aradan qaldırmağa çağırıram".

M.O'Flaherti bəyanatında xatırladıb ki, o, 2024-cü ilin noyabrında Azərbaycan prezidentinə ünvanladığı məktubda Avropa Şurasının üzvü olan Azərbaycanın insan haqları müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün təhlükəsiz və əlverişli mühit yaratmalı olduğunu bildirib.

"Mən müxtəlif məhdudlaşdırıcı hüquqi müddəaların qeyri-hökumət təşkilatlarının və müstəqil medianın işinə... mane olmasından narahatam. Avropa İnsan Hüquqları Məhkəməsi, Venesiya Komissiyası və BMT-nin İşgəncələrə Qarşı Komitəsi Azərbaycan qanunvericiliyinin vətəndaş cəmiyyəti və media təşkilatlarının tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun olmadığını müəyyən edib".

Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycan hökumətinə müvafiq qanun və təcrübələri Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün zəruri addımlar atmağı tövsiyə edib.

"Mən vəziyyəti yaxından izləməyə və bu məsələləri, o cümlədən Azərbaycana səfərlər çərçivəsində Azərbaycan hakimiyyəti qarşısında qaldırmağa davam edəcəyəm", - M.O'Flaherti vurğulayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Azərbaycan XİN Maykl O'Flahertinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O'Flahertinin bəyanatını "qərəzli" adlandırıb.

"Sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhddir", - XİN mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.

XİN-in qeyd etməsinə görə, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verilir, onlara tam hörmət olunur: "Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir".

"Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə,... çağırırıq", - sonda da vurğulanıb.

Xatırlatma

Son ilyarım boyunca Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.