Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 08:54

'Amnesty International' Azərbaycanda insan haqlarının kəskin gerilədiyini bildirir


Amnesty International
Amnesty International

Ötən il Azərbaycanda insan haqları sahəsində kəskin geriləmə baş verib, hakimiyyət müstəqil nəzarətə qadağanı davam etdirib. Müstəqil QHT-lər və media qanunsuz məhdudiyyətlərlə üzləşib, insan haqları müdafiəçiləri, fəallar legitim fəaliyyətlərinə görə həbs olunublar. Bunu "Amnesty International" beynəlxalq insan haqları qurumu aprelin 29-da açıqladığı illik insan haqları hesabatında bildirir.

Qurum 2024-cü ildə Azərbaycanda dinc etirazların qarşısının alındığını, işgəncə və pis rəftarın geniş yayıldığını bildirir.

Ötən ilin noyabrında Azərbaycanda COP29 beynəlxalq iqlim dəyişikliyi konfransının keçirildiyini xatırladan "Amnesty International" Ev Sahibi ilə Razılaşmanın ictimaiyyətə açıqlanmadığını qeyd edir.

"Hakimiyyət nəzarətin təmin olunması səylərini önləyib, beynəlxalq hökumətlərarası qurumlarla, vətəndaş cəmiyyəti, o cümlədən insan haqları mexanizmlərinə fokuslanan təşkilatlarla əməkdaşlıqdan imtina edib. Yanvarda isə hökumət Avropa Şurasından və Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaqla hədələyib", – hesabatda deyilir.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Azərbaycan isə Assambleyada səsvermədən əvvəl qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandırıb, baş verənləri ölkənin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi adlandırıb.

"Amnesty International" hakimiyyətin ötən il 9 fevral növbədənkənar prezident seçkisinin müşahidəçilərinə də məhdudiyyətlər qoyduğunu, müşahidəçilərin bu seçkini real rəqabət olmadığına görə tənqid etdiyini bildirir.

Hakimiyyət təmsilçiləri ölkədə ötən il keçirilən prezident və parlament seçkilərinin demokratik standartlara uyğun təşkil olunduğunu, xalqın iradəsini əks etdirdiyini deyirlər.

Hesabatda daha sonra ötən il həbsdə olan AbzasMedia jurnalistlərinə qarşı əlavə ittihamlar verildiyi, tədqiqatçılar İqbal MəmmədovBəhruz Səmədovun vətənə xəyanət ittihamları ilə saxlandığı bildirilir. Həbs cəzalarına məhkum edilən fəallar Ayxan İsrafilov, Coşqun Musayev, digərlərinin adları sadalanır. Sərbəst toplaşma azadlığının sərtliklə və aşırı şəkildə məhdudlaşdırıldığı, dinc etirazlarda iştirak edənlərin həbs olunduğu vurğulanır.

Hökumətin həbsdə olan tənqidçilərinə adekvat tibbi xidmət göstərilmədiyi, onların səhhətinin pisləşməkdə olduğu qeyd edilir. Anar Məmmədli, Ələsgər Məmmədli, Fazil Qasımov, digərlərinin adları sadalanır.

İşgəncə, pis rəftar, cəzasızlıq geniş yayılmaqdadır, - "Amnesty" bildirir. İyulun 3-də Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi Azərbaycanın onlarla əməkdaşlıq etməməsini açıq şəkildə pisləyib.

Azərbaycan hakimiyyətinin bu hesabata münasibəti bəlli deyil. Ancaq indiyədək hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam qorunduğunu bildiriblər. Prezident İlham Əliyev bu ayın əvvəlində bir tədbirdə "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Transparency" kimi qurumların tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməli olduğunu deyib, Azərbaycanın bu qurumların qarayaxma kampaniyaları ilə üzləşdiyini iddia edib. Prezident hakimiyyəti illərində bənzər ittihamları dəfələrlə səsləndirib.

Ancaq illərdir Azərbaycanın beynəlxalq insan haqları reytinqlərində yeri dəyişməz qalır, fundamental insan hüquq və azadlıqların pozulduğu əksər hesabatlarda yer alır.

XS
SM
MD
LG