NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen AzadlıqRadiosuna bildirib ki, mümkün atəşkəs və ya sülh razılaşmasından sonra Ukraynaya Avropa qüvvələrinin yerləşdirilməsinə hazırlıq "çox ləng gedir" və bütün Avropanın təhlükəsizlik modeli "dönüş nöqtəsindədir".
Rasmussen Britaniyanın baş naziri Kir Starmerin martın 2-də Londonda açıqladığı plana istinad edərək "Mən "istəklilər koalisiyası"nın "gözləyənlər koalisiyası"na çevrilməsini görmək istəmirəm" deyib.
O vaxtdan bəri müxtəlif səviyyələrdə silsilə görüşlər keçirilib, ancaq hələ də missiyanın mandatı, onun fəaliyyət qaydaları və kimlərin qüvvə göndərəcəyi ilə bağlı əsas suallar açıq şəkildə cavablandırılmayıb.
"Adətən, Avropada biz müzakirələrə və danışmağa çox vaxt sərf edirik və tədbir görmək üçün çox az səy sərf olunur", - Rasmussen bildirib. "Bununla belə, mən ümid edirəm ki, Putinin Ukraynaya hücumu və Trampın seçilməsi Avropada bizə sürətli hərəkət etməli olduğumuzla bağlı xəbərdarlıq siqnalı olacaq".
Rasmussen geniş müsahibəsində hərbi məsələlər, iqtisadi təhlükəsizlik və ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın Danimarkadan qopartmaqla bağlı bəyanatları ilə bağlı da danışıb. O, 2009-2014-cü illərdə NATO-nun baş katibi postunda çalışmazdan əvvəl Danimarkanın baş naziri olub.
"Yaxın müttəfiqi olan Danimarkanı Qrenlandiyanı fəth etmək üçün hərbi vasitələrlə hədələmək utanmazlıqdır", - Rasmussen bildirib. "Mən bunun baş verəcəyini düşünmürəm. Amma açıq-aydın siz müttəfiqi hədələdiyiniz zaman NATO daxilində parçalanma potensialı var".
NATO-dakı rolunu tərk edəndən bəri Rasmussen "avtokratlar və diktatorların qlobal yüksəlişi" kimi təsvir etdiyi inkişafa qarşı mübarizə aparan qeyri-kommersiya təşkilatı Demokratiyalar Uğrunda Alyansı təsis edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Former NATO Chief Rasmussen Says Europe Needs New Security Model
Hərbi xərclərin ikiqat artırılması
Keçən həftə bu təşkilat Avropanın müdafiəsi üçün beş maddədən ibarət planını açıqlayıb. Bu plana görə, 2028-ci ilə qədər müdafiə büdcələrinin ÜDM-in 4 faizinə çatdırılması çağırışı edilib. Bu, Avropa İttifaqı və Avropanın əsas hərbi gücləri — Böyük Britaniya, Fransa və Almaniyanın gələcək illərdə müdafiə xərclərini artırmaqla bağlı addımlarından sonra gəlsə də, indiyə qədər açıqlanan planlardan daha çox artım təklif edib.
Rasmussen AzadlıqRadiosuna deyib: "Rusiyanın müdafiə sərmayəsi indi Avropanın qalan hissəsindəki ümumi müdafiə sərmayəsindən daha böyükdür. Ona görə də biz addım atmalıyıq. Avropanın müdafiəyə investisiyasını ən azı iki dəfə artırmalıyıq".
"Çox uzun müddət biz artıq işləməyən bir modelə güvənmişik — Rusiyadan ucuz enerji, Çindən ucuz mallar və ABŞ-dan ucuz təhlükəsizlik kombinasiyasına".
Təhlükəsizlik və iqtisadi məsələlərin kəsişməsi keçən həftə Kopenhagendə Rasmussen tərəfindən təşkil edilən konfransda əsas mövzulardan biri idi və həmin beş maddəli plan burada müzakirə edilib.
İqtisadi NATO
Rasmussen Tramp administrasiyasının qlobal tariflərini yeni təhlükə kimi qeyd edib və bunun nəticəsində iqtisadi sahədə də NATO tipli bir qurumun yaranmasının zəruriliyini vurğulayıb.
"Tramp administrasiyası Rusiyadan və Şimali Koreyadan başqa bütün dünyaya qarşı ticarət müharibəsi elan edib", - o deyib. "Mən təklif edərdim ki, D7 adlandırdığımız, dünyadakı yeddi demokratiyanı birləşdirən bir qurum yaradılsın: Avropa İttifaqı, Birləşmiş Krallıq, Kanada, Avstraliya, Cənubi Koreya, Yaponiya və Yeni Zelandiya. Və düşünürəm ki, bunun əsas (iqtisadi) dayağı 5-ci maddə olmalıdır. Biz hesab edirik ki, həmin yeddi ölkədən birinə edilən hücum və ya təzyiq bütün ölkələrə qarşı hücumdur və buna kollektiv şəkildə cavab verməliyik".
NATO-nun keçmiş rəhbərinin ABŞ-ni qlobal demokratik ölkələr siyahısından çıxardığını eşitmək həqiqətən təəccüblüdür.
"Bəli, lakin Birləşmiş Ştatlar izolyasiyanı seçib... Mən Amerikanın azad dünyanın qlobal liderliyini həyata keçirmək istəyini görmürəm. Ona görə də ABŞ bu D7-dən kənarda qalıb", - Rasmussen bildirib.
Ölkələr Trampın tariflərinə cavab vermək üçün mübarizə aparır. Digər tərəfdaşlarla daha sıx əməkdaşlıq və ticarət, şübhəsiz ki, bu cavabın bir hissəsidir.
Məsələn, Avropa İttifaqının Cənubi Amerika Ticarət Blokuna (MERCOSUR) daxil olan dörd Cənubi Amerika ölkəsi ilə azad ticarət sazişi Avropanın yeni vəziyyətə kollektiv cavabının bir hissəsi kimi qiymətləndirilir. Lakin Fransa hələ də bu sazişi ratifikasiya etməyə çox ehtiyatlanır.
Bu arada, həm Aİ, həm də fərdi ölkələr ABŞ tariflərinə cavab vermək üçün vahid cəbhə yaratmaq əvəzinə ayrı-ayrılıqda Vaşinqtonla danışıqlar aparmağa üstünlük verirlər.
"Ardıcıl 19-cu ildir ki, biz qlobal azadlıq və demokratiyada geriləmə müşahidə edirik. Beləliklə, indi daha güclü əməkdaşlıq yaratmağın vaxtıdır", - o deyib. "Mən Putin və digər avtokratlarla təcrübəmdən bilirəm ki, onlar yalnız gücə, birliyə və qəti mövqeyə hörmət edirlər.... Biz birlikdə, birlik içində hərəkət etsək, o zaman irəliləyən avtokratiyalara qarşı çıxa bilərik".
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.