Ukrayna prezidenti Volodimir Zelenski bu həftə İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları çərçivəsində yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini, digər Rusiya rəsmiləri ilə görüşməyəcəyini bildirib. Ancaq Kreml hələ də İstanbula kimin gedəcəyini açıqlamayıb.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov mayın 13-də bildirib ki, Rusiya mayın 15-də İstanbulda keçirilməsi gözlənilən danışıqlara hazırlaşmağa davam edir və Kremlin bu məsələ ilə bağlı hələ ki heç bir əlavəsi yoxdur.
Danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı sualı cavablandıran Peskov deyib ki, prezident Vladimir Putin lazım bildiyi anda Kreml Rusiyanın nümayəndə heyətinin tərkibini açıqlayacaq.
Bundan əvvəl bir sıra Telegram kanalları, o cümlədən "EJ" Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun daxil olacağını yazıb, lakin onlar öz mənbələrini göstərməyiblər.
Kremlin mətbuat xidməti mayın 14-də Putinin Malayziyanın baş nazirini Moskvada qəbul edəcəyini açıqlayıb.
Keçmişdə Putin Zelenskinin prezident kimi legitimliyini şübhə altına alıb.
"Əgər Putin İstanbula gəlsə, bu, artıq bir məğlubiyyət olar. Zelenski ilə danışıqlara başlamaq belə onun üçün bir uduzma əlamətidir – xüsusilə də əgər o, açıq-aşkar getməyi planlaşdırmadığı bir sammitə təzyiq altında qatılarsa", –rusiyalı siyasi müşahidəçi və tarixçi Aleksandr Fridman mayın 13-də "Current Time"a bildirib. "Və çox güman ki, Rusiya nə amerikalıları, nə ukraynalıları, nə də avropalıları qane edəcək bir şey təklif edə biləcək. Bu isə danışıqların tamamilə başa çatması ilə nəticələnə bilər".
"Danışıqlar tamaşası tək bir tamaşaçı – Tramp üçün qurulub"
Ukraynanın müttəfiqləri danışıqların perspektivinə və Putinin sülh istəməsinə şübhə ilə yanaşır.
"Current Time"a müsahibə verən siyasi şərhçi Oleq Saakyan deyib ki, həm Ukrayna, həm də Avropa Putinə etibar edə bilməyəcəklərini bilirlər. Şərhçinin sözlərinə görə, Putin, çox güman ki, müharibənin yeni mərhələsini hazırlamağa başlayıb və ötən həftə Moskvaya səfəri zamanı Çin prezidenti Si Cinpinlə danışıqlar vasitəsilə öz mövqeyini gücləndirib.
"Bütün bu atəşkəs və danışıqlar tamaşası əslində tək bir tamaşaçı – Tramp üçün qurulub", - Saakyan bildirib. O, həmçinin Putinin İstanbula səfər edəcəyinə və oradan hər hansı razılaşma ayrılacağına şübhə ilə yanaşdığını vurğulayıb.
"Çox güman ki, indi diqqətlər transatlantik oxa və Qərbin Rusiyaya qarşı sanksiyaları həqiqətən və həmrəy şəkildə tətbiq etməsinə nə dərəcədə hazır olmasına yönələcək", – o bildirib. "Bu, hazırda əsas məsələdir və danışıqların gələcəyini böyük ölçüdə müəyyən edəcək".
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçov "İzvestiya"ya verdiyi açıqlamada bildirib ki, Moskva ilə Kiyev arasında aparılan danışıqlar 2022-ci ildəki müzakirələrdən daha irəli gedə bilər.
"Əgər Ukrayna nümayəndə heyəti bu danışıqlara hər hansı ultimatumdan imtina etmək və ortaq məxrəc axtarmaq mandatı ilə qatılarsa, əminəm ki, biz əvvəlkindən də daha irəli gedə bilərik", – "İzvestiya" Kosaçovdan sitat gətirir.