Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:09

Ələsgər Məmmədli: 'Bir avtomobilim var, onun da üzərinə həbs qoyulub'


 Ələsgər Məmmədli
Ələsgər Məmmədli

ToplumTV-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, onun evindən tapıldığı iddia edilən pulu axtarışı aparanlar özləri gətirmişdilər. Onun sözlərinə görə, evə liftlə qalxanda biri digərinə "əmanət"i avtomobildə unutduğunu söyləyib. Düşüb götürəndən sonra yenidən gəliblər. Ə.Məmmədli aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.

Məhkəmədə ToplumTV ilə bağlı cinayət işi üzrə hazırlıq iclası davam edib. Bu işlə bağlı Ə.Məmmədli ilə yanaşı, daha 7 nəfər - III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, ToplumTV-nin jurnalisti Fərid İsmayılov və videoredaktoru Müşfiq Cabbar həbsdədir. Bir nəfər - Elmir Abbasov haqqında da alternativ qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında vəkillər həbsdə olan jurnalist və fəalların ev dustaqlığına buraxılması, onların haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Təqsirləndirilən jurnalistlərin özləri isə prokuror Rauf Malışova etiraz verərək onun əvəzlənməsini, psixiatrik ekspertizadan keçirilməsini tələb ediblər.

"AbzasMedia" işi üzrə həbsdəki jurnalistlərin məhkəməsində də prokuror qismində R.Malışovun iştirak etdiyini yada salan jurnalistlər siyasi sifarişli işlərin ona həvalə edildiyini vurğulayıblar.

Akif Qurbanov
Akif Qurbanov

"Bizim haqqımızda ittihama imza atan Baş prokuror Kamran Əliyevdir. Onu burada kimin təmsil etməyinin mənim üçün heç bir fərqi yoxdur", - Akif Qurbanov isə belə deyib və vurğulayıb ki, 2020-ci ildə başlamış layihə ilə bağlı ittihama görə 2019-cu ildə əldə etdiyi bağ evinə həbs qoyulub. Cinayət işində belə absurdların çox olduğunu söyləyən A.Qurbanov yada salıb ki, ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ dondurularkən, onlar da Strasburqda idilər: "Bizi oradan qayıdandan az sonra həbs etdilər. Görünür, bizim də bu prosesdə iştirakımızdan şübhələnirlər. Fikirləşmirlər ki, ölkəni özümüz belə vəziyyətə qoymaqla bu qərara əsas vermişik".

Təqsirləndirilən fəallardan İlkin Əmrahov deyir ki, cinayət işinin materiallarında onun 2014-cü ildən dəfələrlə xaricə gedib-gəldiyi, qaçaqmalçılıq yolu ilə pul gətirdiyi iddia edilir. Halbuki, onun heç xarici pasportu yoxdur.

Fərid İsmayılov
Fərid İsmayılov

"Mənə verdikləri suallar bu olub ki..."

Jurnalist Fərid İsmayılov qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətinə görə həbs edildiklərini vurğulayıb. Məqsəd də təcrid etmək, susdurmaqdır: "Mənə qaçaqmalçılıq barədə heç bir sual verməyiblər. Mənə verdikləri suallar bu olub ki, Akif Qurbanovun kompüterinin parolu nə idi? Əli Kərimli nə ilə dolanır?".

Alitəhsilli hüquqşünas olduğunu, həbsinədək ADA-nın müəllimi kimi çalışdığını deyən Ələsgər Məmmədli heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanması bir yana, üstəlik, müxtəlif telekanallarda sifarişlə cinayətkar kimi təqdim olunmasına diqqət çəkib.

Ə.Məmmədli ToplumTV-nin internet televiziyası kimi fəaliyyət göstərdiyini, YouTube-da domeni olan hər hansı kanalın gəlir götürə biləcəyini xatırladıb: "Bir avtomobilim var, onun da üstünə həbs qoyulub".

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası cinayət işinə xitam verilməsi, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, prokurorun dəyişməsi və s.-lə bağlı vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən jurnalist və fəallara vergidən yayınma ittihamı da verildiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məhkəmə prosesində zərərçəkmiş qismində tanınıb.

ToplumTV işi üzrə məhkəmə prosesi mayın 5-nə təyin olunub.

Xatırlatma

ToplumTV işi üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olunub.

Fevralda həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilib, amma elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb.

ToplumTV işi üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların sözlərinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG