ToplumTV-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir, təcili əməliyyat edilməlidir, yoxsa gec ola bilər. Özü də, vəkili də xəbərdarlıq edirlər ki, onun boğazındakı xoşxassəli şişin bədxassəli şişə çevrilmək ehtimalı çoxdur. Bu üzdən, vəkil mayın 19-da məhkəmədə vəsatət qaldırıb ki, Ə.Məmmədli ev dustaqlığına buraxılsın, təcili cərrahiyyə əməliyyatıyla qalxanabənzər vəzdəki şiş götürülsün.
ToplumTV ilə bağlı cinayət işi üzrə Ə.Məmmədli ilə yanaşı, daha 7 nəfər həbsdədir. Onların arasında Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, ToplumTV-nin jurnalisti Fərid İsmayılov və videoredaktoru Müşfiq Cabbar var. Daha bir nəfər - Elmir Abbasov barəsində isə polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
"Guya müayinəyə apardılar"
Mayın 19-dakı məhkəmədə vəkillər həm Ə.Məmmədli, həm də R.İzzətlinin sağlamlığında ciddi problemlərin olduğunu hakimlərin diqqətinə çatdırıb və buna dayanaraq hökm çıxarılanadək onların ev dustaqlığına buraxılmasını və müalicə olunmalarına şərait yaradılmasını istəyiblər.
Ə.Məmmədlinin özü də əməliyyata ehtiyacı olduğunu vurğulayıb: "Mən həbs olunandan sonra guya müayinəyə apardılar. Amma o müayinə formal keçirildi. Həkimlər özləri də vəziyyəti bilirlər. Amma əməliyyatla bağlı sənədi verməyə qorxurlar".
Vəkili əlavə edib ki, şiş 15 millimetrdən böyük olanda mütləq əməliyyat edilməlidir, Ə.Məmmədlinin boğazındakı şişsə 23 millimetrə çatıb.
R.İzzətlinin vəkili onun daxili orqanlarıyla bağlı problemi olduğunu, öd kisəsinin çıxarıldığını bildirib. Müdafiəçi müvəkkilinin 2020-ci ildə 44 günlük müharibənin iştirakçısı olduğunu da xatırladıb.
Hakimlərsə onları ev dustaqlığına buraxmaqdan imtina ediblər.
Ardından prokuror Rauf Malışov təqsirləndirilən şəxslər haqqında ittiham aktını açıqlayıb. ToplumTV işi" üzrə məhkəmə prosesinə ayrılan vaxt yalnız iki nəfər – Ə.Məmmədli və A.Qurbanov haqqında ittihamın elan edilməsinə yetib. Digərlərinin ittihamının açıqlanması iyunun 2-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.
Haqqındakı ittihama münasibət bildirən Ə.Məmmədli deyib ki, yenə də nədə təqsirləndirildiyi, hansı əsasla həbs olunduğu ona aydın deyil.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O vaxt bu işlə bağlı 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olunub.
Fevral ayında həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilsə də, elə həmin ayın sonunda ev dustaqlığına buraxılıb və onun barəsində cinayət işi ayrılıb.
"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlərin hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Bütövlükdə götürəndə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə və siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onlar iddiasına görə, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.