Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 22:41

İctimai fəal məhkəmə zalında özünə xəsarət yetirib


Nicat İbrahim
Nicat İbrahim

İctimai fəal Nicat İbrahim məhkəmədə özünə xəsarət yetirib. Bu olay mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları bilgi verib.

Ailəsinin sözlərinə görə, ictimai fəal məhkəmədə dindirilən ekspertin dediklərinə etirazını özünün baş nahiyəsinə xəsarət yetirməklə bildirib.

İctimai fəal Bəhmən Əliyev adlı şəxsə bıçaqla yaralamaqda suçlanır. N.İbrahim bu ittihamı yalanlayır, kimsəni bıçaqlamadığını, şərlənərək həbs olunduğunu deyir və olay yerindəki kamera görüntülərini tələb edir. Bunu da vurğulayır ki, B.Əliyev bıçaqlanmış olsaydı, zərərçəkmiş qismində tanınarkən bədənində bıçaqlanmaqdan iz də qalardı. Bu üzdən məhkəməyə çağrılan ekspert məhkəmədə bildirib ki, B.Əliyevin qarın nahiyəsində xəsarət izi görsə də, onun məhz bıçaqlanmadan əmələ gəlib-gəlmədiyini deyə bilməz.

"Saxta rəy verirsiniz"

N.İbrahim eksperti yalan danışmaqda suçlayıb.

"Yalan danışırsınız, saxta rəy verirsiniz. Sizin kimilərin yalanları üzündən, mən səkkiz aydır həbsdəyəm", - bunu söyləyən ictimai fəal başını məhkəmə zalında saxlandığı kabinənin şüşəsinə çırpıb və beləcə, baş nahiyəsindən xəsarət alıb. O, təcili yardım göstərilməsindən ötrü dərhal məhkəmə zalından aparılıb.

Məhkəmə mayın 26-dək ertələnib.

Bu bilgini N.İbrahimin vəkili Zibeydə Sadıqova da təsdiqləyib.

İctimai fəalın xanımı Pərvin İbrahimova olayla bağlı Bakı İstintaq Təcridxanasında N.İbrahimə töhmət verildiyini bildirib: "Bu, artıq ikinci töhmətdir. Bundan öncə də bir dəfə məhkəmədə özünə xəsarət yetirmişdi. İnsanı heç nədən şərləyib həbsdə saxlayırlar, onun da əsəbləri dözmür".

Xatırlatma

N.İbrahim ötən il sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb.

N.İbrahim özünü təqsirli bilmir, bıçaqladığı iddia edilən B.Əliyevi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum çəkib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını deyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, həmin görüntülər gətirilməyib.

N.İbrahim həbsindən bir həftə öncə ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. O, ölkədən buraxılmayanda Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdiyinə, nazirliyin qarşısında özünə qəsd edəcəyini söylədiyinə görə cəzalandırıldığını düşünür.

İctimai fəal daha öncə 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

XS
SM
MD
LG