6 aydır həbsdə olan tiktoker-şair İlhamə Elşadqızı (Əsgərova) şər-böhtanın qurbanı olduğunu deyir. Onun sözlərinə görə, TikTok-da səsləndirdiyi ifadələrə görə narkotik ittihamıyla həbs edilib.
"Narkotik, narkomaniya nədir? Bu yaşımda mənə qara ləkə vururlar. Allah yuxarıdan baxır. Mənə böhtan atıb əllərimi qandalladılar, təhqir elədilər, başımı divara vurdular", - o, mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
İ.Elşadqızı vurğulayıb ki, TikTok-dakı çıxışında işlətdiyi ifadəyə görə həbs olunduğunu özünə də açıq şəkildə deyiblər.
Sağlamlığında ciddi problemlər olduğunu, dəfələrlə cərrahiyyə əməliyyatı keçirdiyini deyən tiktoker bildirib ki, ürəyi istəyən yeməkləri də yeyə bilmir.
Şair olduğunu, televiziya proqramlarında ekspert kimi çıxış etdiyini yada salan İ.Elşadqızı əlavə edib ki, onun yeri Kürdəxanıdakı istintaq təcridxanası deyil: "Məni gah dəlixanaya aparırlar, gah narkoman kimi qanımı yoxlatdırırlar. Qanım da tərtəmizdir. Azərbaycan qadınıyam, şairəyəm, bu nə münasibətdir mənə qarşı?!".
Vəkili onun məhkəmə hökm çıxaranadək ev dustaqlığına buraxılmasından ötrü vəsatət qaldırsa da, hakimlər təmin etməyib.
İ.Elşadqızı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə ittiham olunur. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.