Aprelin 22-də Kəşmirdə baş vermiş silahlı hücumdan sonra Hindistan və Pakistan arasında gərginlik artmağa davam edir.
Pakistanın yüksəkrütbəli rəsmisi iddia edib ki, Hindistanın İslamabada qarşı hərbi əməliyyat keçirməyə hazırlaşdığına dair "etibarlı kəşfiyyat məlumatı" var.
"Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarımız var", - Pakistanın informasiya naziri Attaullah Tarar X sosial media şəbəkəsində yayımlanan videomüraciətdə bildirib.
Hindistan tərəfindən iddiaya dərhal cavab verilməyib. AzadlıqRadiosu şərh üçün Hindistanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ilə əlaqə saxlasa da, müvafiq məsələ ilə bağlı hələ ki, cavab ala bilməyib.
Nazir Tarar Pakistanın bu iddianı hansı əsasla irəli sürdüyünü açıqlamayıb, lakin o əlavə edib ki, Hindistanın istənilən hərbi addımına qarşı İslamabad "qəti və əmin bir şəkildə cavab verəcək".
"Beynəlxalq ictimaiyyət baş verə biləcək gərginlik dalğasının və onun nəticələrinin tam məsuliyyətinin Hindistanın üzərində olacağını dərk etməlidir", –o qeyd edib.
Hindistan baş naziri Narendra Modinin hökuməti yaxın vaxtda hər hansı hərbi əməliyyat planı ilə bağlı ictimai açıqlama verməyib, lakin o, aprelin 29-u axşam saatlarında hökumət kabinetinin üzvləri ilə görüş keçirib.
Hindistan mediası adlarını açıqlamayan hökumət mənbələrinə istinadən yazıb ki, baş nazir Modi ölkənin silahlı qüvvələrinə "terror hücumuna cavabın forması, hədəfləri və vaxtı barədə qərar vermək üçün tam əməliyyat azadlığı verib".
BMT mümkün müharibənin "fəlakətli" nəticələri barədə xəbərdarlıq edir
Aprelin 29-da BMT baş katibi Antontio Quterreşin sözçüsü Stefan Düjarrik nüvə silahına malik iki qonşuya istinad edərək "Region və dünya Hindistanla Pakistan arasında qarşıdurmanı qaldıra bilməz – bu, həm iki ölkə, həm də bütövlükdə dünya üçün fəlakətli nəticələrə səbəb olar" deyə vurğulayıb.
Onun sözlərinə görə, Quterreş Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə aprelin 29-da keçirdiyi mətbuat brifinqində bildirib ki, ABŞ dövlət katibi Marko Rubio hər iki ölkəni vəziyyəti gərginləşdirməməyə çağırır. O bildirib ki, Rubio həm Hindistan, həm də Pakistan xarici işlər nazirləri ilə "bu gün və ya sabah" telefonla danışacaq.
Son illərdə Pakistana daha da yaxınlaşan və Kəşmirin bir hissəsinə iddiası olan Çin də tərəfləri təmkin nümayiş etdirməyə çağırıb. Çinin xarici işlər naziri Van İ ötən həftə Pakistanın baş nazirinin müavini və xarici işlər naziri ilə əlaqə saxlayıb. Çin XİN rəhbəri deyib ki, Pakistan və Hindistan arasında hər hansı münaqişə "hər iki tərəfin fundamental maraqlarına xidmət etmir" və regional təhlükəsizlik üçün ciddi risk yaradır.