Dünya xəbərləri
Blinken və Paşinyan danışıblar

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan telefon söhbətində regional kommunikasiyaların açılması və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan telefon söhbətində regional kommunikasiyaların açılması və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan baş nazirinin ofisindən verilən məlumata istinadən yazır ki, dövlət katibi Ermənistan hökumətinin regionda sülh və sabitliyin bərqərar edilməsi, habelə Ermənistanda demokratik islahatların həyata keçirilməsi istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini bildirib:
“Baş nazir Paşinyan mayın 22-də Brüsseldə keçirilmiş üçtərəfli görüş barədə təssüratlarını bölüşüb və bildirib ki, ümumilikdə bu görüşü müsbət qiymətləndirir, hərçənd, təəssüf ki, görüşdən sonra müzakirələrin məzmunu ilə heç bir əlaqəsi olmayan şərhlər səsləndirilib”.
Xəbərdə deyilir ki, Entoni Blinken öz növbəsində ABŞ-ın bundan sonra da Ermənistanda demokratik islahatların həyata keçirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyasına, regional kommunikasiyaların açılmasna və regionda sabitliyin bərqərar olunmasına dəstək verməyə hazır olduğunu deyib.
Azatutyun yazır ki, bu telefon söhbəti zamanı Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin müzakirələri məsələsinə də toxunulub.
Bütün xəbərləri izləyin
Rusiya tanınmamış Abxaziya ilə hava əlaqəsini tam bərpa edib

Rusiya mayın 1-dən tanınmamış Abxaziya ilə müntəzəm aviareysləri bərpa edib. Gürcüstan hökuməti hava limanının beynəlxalq normalara zidd olaraq fəaliyyət göstərməsini pisləyib.
Rusiyanın "RİA Novosti" agentliyi yazıb ki, Moskvanın "Vnukovo" hava limanından Suxumiyə ilk uçuş "UVT Aero" şirkəti tərəfindən mayın 1-də həyata keçirilib. Bunu "yüksək tələbat" səbəbindən planlaşdırılan vaxtdan (3 may) iki gün tez baş tutduğu vurğulanıb.
Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə hökumətin bu məsələdə mövqeyinin "birmənalı" olduğunu deyib: "Bizim mövqeyimiz birmənalıdır və dəfələrlə ifadə olunub. Gürcüstan aeroportun beynəlxalq standartlara zidd olaraq fəaliyyət göstərməsini pisləyir. Bu, təkcə bizim mövqeyimiz deyil, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən bu mövqe dəstəklənir. Bu, həm təşkilatın prinsiplərini, həm də işğal haqqında qanununu pozur".
Rusiya mətbuatı xəbər verir ki, Moskva və Krasnoyarskdan Suxumiyə uçuşlar həyata keçirəcək "iFly Airlines" və "NordStar"dan əlavə reyslər gözlənilir. Hər üç aviaşirkət – "UVT Aero", "iFly" və "NordStar" Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başladıqdan sonra Qərbin sanksiyalarına məruz qalıb.
Rusiya aviaşirkətlərinə qarşı cavab tədbirlərinin nəzərdən tutulub-tutulmadığına dair sualı cavablandıran Davitaşvili bildirib: "İşğal haqqında qanunu pozan şirkətlər, əlbəttə ki, Gürcüstanda fəaliyyət göstərə bilməzlər".
Almaniyada partiya ekstremist elan edildi

Almaniyanın daxili kəşfiyyat xidməti (BfV) ifrat-sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasını federal səviyyədə sağçı radikal təşkilat kimi tanıyıb. Qərar partiyanın ekstremist xarakteri ilə izah olunur. BvF yaydığı bəyanatda bildirib ki, bu partiya "insan ləyaqətinə etinasız yanaşır".
Kəşfiyyat xidməti qeyd edib ki, partiyanın fəaliyyətinin hərtərəfli araşdırılması nəticəsində AfD-nin azad demokratik nizama qarşı yönəlmiş səylər göstərdiyinə dair əlamətlər təsdiqlənib.
"Partiyanın etnik mənsubiyyətə və mənşəyə əsaslanan xalq anlayışı azad demokratik quruluşun əsasları ilə bir araya sığmır. Bu yanaşma əhalinin müəyyən qruplarının cəmiyyətin həyatında bərabər iştirakdan kənarlaşdırılmasına, onlara Konstitusiyaya zidd şəkildə qeyri-bərabər münasibət göstərməyə və nəticədə onlara hüquqi baxımdan dəyərsiz status verməyə yönəlib", –məlumatda bildirilir.
Konstitusiyanın Müdafiəsi üzrə Federal Büronun rəhbərinin müavinləri Zinan Zelen və Zilke Villems AfD-nin dayanıqlı sağçı ekstremist təşkilat olduğunu bəyan ediblər. "Bizim qiymətləndirməmiz üçün həlledici amil Almaniyada əhalinin bütün qruplarını dəyərsizləşdirən və insan ləyaqətini alçaldan AfD-nin etnik və sinfi yanaşması oldu. İnsan anlayışına dair bu yanaşma partiyanın ümumi antimiqrant və antimüsəlman mövqeyində konkret şəkildə özünü göstərir", – rəsmilərin şərhində qeyd olunub.
Antimiqrant mövqeyi ilə çıxış edən "Almaniya üçün Alternativ" partiyasının reytinqi son aylarda yüksəlib. "Ipsos" institutunun aprelin 9-da dərc etdiyi sorğu nəticələrinə görə, Almaniya vətəndaşlarının 25 faizi bu partiyaya səs verməyə hazırdır. İkinci yerdə 24 faizlə Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqı (CDU/CSU) bloku, üçüncü yerdə isə 15 faizlə Sosial Demokrat Partiyası (SDP) qərarlaşıb.
Tramp 8 mayı Qələbə günü elan edib

ABŞ prezidenti Donald Tramp 8 may tarixini ABŞ-də İkinci Dünya müharibəsində Qələbə günü elan edib.
"Müttəfiqlərimiz və dostlarımızın bir çoxu 8 mayı Qələbə günü kimi qeyd edirlər, amma biz İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında hər hansı digər ölkədən daha çox iş görmüşük", – o, "TruthSocial" sosial şəbəkəsində yazıb.
Tramp həmçinin 11 noyabr tarixini Birinci Dünya müharibəsində Qələbə günü elan edib.
"Biz hər iki müharibəni qazanmışıq, heç kim bizə güc, cəsarət və ya hərbi ustalıq baxımından yaxın ola bilməzdi. Amma biz heç vaxt heç nəyi qeyd etmirdik, çünki bu işi necə etmək lazım olduğunu bilən liderlərimiz yoxdur! Biz yenidən qələbələrimizi qeyd etməyə başlayacağıq", – ABŞ prezidenti yazıb.
ABŞ 1941-ci il dekabrın 7-də Yapon aviadaşıyıcı donanmasının ABŞ-nin Pörl-Harbordakı dəniz bazasına hücumundan sonra İkinci Dünya müharibəsinə daxil olub. Amerika ordusu ən böyük itkisini Normandiya əməliyyatında - 1944-cü il iyunun 6-dan avqustun 25-dək olan dövrdə ikinci cəbhəyə desant çıxarma əməliyyatı zamanı verib. Əməliyyat avqustun 31-də Fransanın bütün şimal-qərb hissəsinin azad edilməsi ilə yekunlaşıb.
Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində müttəfiqlərinə hərbi materiallarla, o cümlədən silah-sursat, tanklar, təyyarələr, yük maşınları, ərzaq və xammal ilə də yardım edib.
'Hələ bir-birindən uzaqdırlar' - Rubio Kiyevlə Moskvanın sülh razılaşması ehtimalını dəyərləndirib

Mayın 1-də ABŞ dövlət katibi Marko Rubio və vitse-prezidenti Ceyms Devid Vens Ukrayna müharibəsinə son qoyacaq sülh sazişi ehtimalı ilə bağlı qeyri-müəyyənlik ifadə ediblər.
"Düşünürəm ki, indi Ukraynanın və Rusiyanın harada olduğunu bilirik... Onlar bir-birinə daha yaxındırlar, amma eyni zamanda hələ də bir-birindən çox uzaqdadırlar", – Rubio "Fox News"a bildirib. Eyni telekanala ayrıca müsahibə verən Vens isə daha da irəli gedərək deyib: "Ukraynadakı müharibə yaxın vaxtlarda başa çatmayacaq".
Rubionun sözlərinə görə, əgər tezliklə Ukraynada müharibə ilə bağlı real irəliləyiş olmazsa, ABŞ prezidenti Donald Tramp danışıqlar prosesinə daha nə qədər vaxt ayıracağına qərar verməli olacaq.
ABŞ artıq xəbərdarlıq edib ki, danışıqlar "kritik" mərhələyə çatıb və irəliləyişin olmaması Vaşinqtonun vasitəçilik etmək səylərindən uzaqlaşacağı anlamına gələ bilər.
Rubio ötən həftə bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına son qoymaq məqsədilə aparılan danışıqlarda "əsl" irəliləyiş əldə olunub, lakin "bu yolun son bir neçə addımı həmişə ən çətini olacaq və bu, tezliklə baş verməlidir".
Yanvarda ikinci prezidentlik müddətinə başlayan Tramp müharibəni bitirməyi əsas prioritet kimi xarakterizə edib. O, dərhal və tam atəşkəsə çağırıb və Rusiyadan Ukrayna şəhərlərinə hücumları dayandırmağı tələb edib.
Vitse-prezident Vens isə deyib ki, o, döyüşlərin dayandırılması ilə bağlı "nikbindir", lakin bu, yenə də Kiyev və Moskvadan asılı olacaq.
"Son addımı atmalı olanlar onlardır. Artıq hər iki tərəf bir-birinin sülh şərtlərini bildiyinə görə, bu, ruslar və ukraynalıların öhdəsinə düşür. Onların razılığa gəlib bu çox amansız münaqişəyə son qoyması lazımdır", - ABŞ vitse-prezidenti deyib.
Ukrayna ədalətli sülhün təmin edilməsi üzrə danışıqlara yol açmaq üçün azı 30 günlük atəşkəs istədiyini bildirir. Rusiya belə bir atəşkəsə razı olmayıb, lakin prezident Vladimir Putin birtərəfli qaydada gələn həftə Qələbə günü ilə əlaqədar üç günlük atəşkəs elan edib. Kreml eyni zamanda Kiyevlə birbaşa danışıqlara açıq olduğunu bildirib.
Zelenski Ukraynanın Qərb tərəfdaşlarını Kremlə qarşı daha sərt tədbirlər görməyə çağırıb.
Trampın müşaviri istefa verib

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Uonq istefa verib. Bu, martda "Signal" messencerində keçirilən gizli brifinqlə bağlı qalmaqala görə demokratların onların işini tənqid etməsi fonunda baş verib. O zaman Uolts səhvən gizli söhbətə kənar adamı – "The Atlantic" nəşrinin baş redaktoru Ceffri Qoldberqi əlavə etmişdi. Uolts baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürüb. Prezident Tramp əvvəlcə məmurun "dərs" aldığını söyləyərək onu istefaya göndərmədi.
İndi ABŞ prezidenti Uoltsu Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd göstərib. Uoltsun vəzifələrini müvəqqəti olaraq dövlət katibi Marko Rubio icra edəcək.
Bu, Trampın ikinci prezidentlik müddətinin başlamasından bəri Ağ evdə ilk böyük istefadır. "Axios"a görə, xarici siyasətdə daha sərt xətt tərəfdarı kimi tanınan Uolts Tramp administrasiyasındakı bir çox insanla birgə işləməyə alışa bilmədi.
"Politico" jurnalının daha əvvəl xəbər verdiyi kimi, Uoltsu bu vəzifədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff əvəz edə bilər. O, Ukrayna ilə Rusiya arasında sülh sazişi və İranın nüvə proqramı ilə bağlı danışıqlarda Trampı təmsil edir. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Zelenski Arestoviçə sanksiya qoyub

Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqinə dair qərarı qüvvəyə minib. Bu barədə Prezident Ofisinin saytında məlumat verilib.
Sanksiya siyahısına 15 fiziki və 36 hüquqi şəxs daxil edilib. Onların arasında bloqer Miroslav Oleşko, Ukrayna Prezidenti Ofisinin sabiq ştatdankənar müşaviri Aleksey Arestoviç, eləcə də Zelenskinin 'Joker' adlı bioqrafiyasını yazmış politoloq Konstantin Bondarenko var.
Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan sonra Arestoviç Ukrayna prezident aparatının müşaviri kimi məşhurlaşıb. O, 2023-cü ilin yanvarında bloqer Mark Feyqinlə canlı yayımda Dneprdə yaşayış binasına düşən və 44 nəfərin ölümünə səbəb olan Rusiya raketinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu iddia etdikdən sonra istefa verib. Ukrayna Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
Ukraynada Arestoviçə qarşı iki cinayət işi açılıb: zorakılıq və milli dözümsüzlüyü təbliğ edən materialların hazırlanması, yayılması və cinayət əməli haqqında bilərəkdən yalan məlumat vermə.
Hazırda Arestoviç ölkə xaricindədir.
'Sülh danışıqlarını pozarsa...' - ABŞ Senatı Rusiyaya sanksiyaları ağırlaşdıracaq

ABŞ-də 72 senator Rusiyanın sülh danışıqlarından imtina etdiyi təqdirdə ona qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. "Bloomberg" xəbər verir ki, bu barədə təşəbbüsün müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem məlumat verib.
"The Wall Street Journal"ın yazdığına görə, sənədin həmmüəlliflərinin sayı 60 nəfəri keçib, bu da onun Senatda qəbul olunması üçün kifayət edir. Qanun layihəsini imzalayanlar arasında hər iki partiyanın liderləri — respublikaçı Con Tyun və demokrat Çak Şumer də var.
Qrem ümid edir ki, həftəsonuna qədər sənədin həmmüəlliflərinin sayı 67-yə çatacaq. Bu isə qanunla bağlı prezident Donald Trampın mümkün vetosunun qarşısını almağa imkan verəcək. "Məqsəd prezidentə kömək etməkdir", –Trampın yaxın müttəfiqi sayılan senator Qrem bildirib.
Qanun layihəsi həm ilkin, həm də ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Xüsusilə, Rusiya nefti, qazı, uranı və ya neft məhsullarını alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumlarının tətbiqi təklif olunur. O, həmçinin Amerika banklarına Rusiya hökuməti ilə əlaqəli qurumlara investisiya qoymağı və ABŞ vətəndaşlarına Rusiya dövlət istiqrazlarını almağı qadağan etməyi təklif edir.
Belarus həbsdə olan ABŞ vətəndaşını azad edib

ABŞ dövlət katibi Marko Rubio aprelin 30-da sosial media hesabında bildirib ki, üç il yarımdır Belarusda həbsdə olan ABŞ vətəndaşı Yuras Zyankoviç azadlığa buraxılıb.
Belarusda doğulub böyüsə də, hazırda ABŞ vətəndaşı olan Zyankoviç vəkildir. O, 2021-ci ilin aprelində həbs edilib və daha sonra Aleksandr Lukaşenko hökumətini devirməyə cəhddə ittiham olunaraq sərt rejimli həbsxanada cəzasını çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı siyasi motivli ittihamlar Belarus və Rusiya dövlət kəşfiyyat xidmətlərinin iddialarına əsaslanıb. İnsan haqları təşkilatları, o cümlədən "Vyasna" Zyankoviçi siyasi məhbus elan edib.
Zyankoviç daha sonra iki əlavə cəza alıb: onlayn şərhlərinə görə 2022-ci ildə altı ay və həbsxana qaydalarına "şiddətli" itaətsizliyə görə 2024-cü ildə əlavə iki il.
Zyankoviç Belarusun ağır şəraiti ilə məşhur olan Moqilyov həbsxanasında saxlandığı müddətdə aclıq aksiyaları keçirib, təzyiqlər və sağlamlıq problemləri ilə üzləşib.
Zyankoviç iş üzrə yeganə təqsirləndirilən şəxs idi ki, günahını etiraf edib peşmançılıq ifadə etmişdi. O, Belarus müxalifət liderləri Rıqor Kastusyou və Alyaksandr Fyaduta ilə birgə mühakimə olunub. Kastusyou xərçəng xəstəsi olduğu üçün 2024-cü ildə azadlığa buraxılıb, sağlamlığında ciddi problemləri olan Fyaduta isə həbsdədir.
Zyankoviçin azadlığa buraxılması hələ də davam edən repressiyalar fonunda baş verir. Belarusda 1300-dən çox siyasi məhbus həbsdədir, 2020-ci ildəki mübahisəli prezident seçkisindən bəri isə 65 mindən çox insan saxlanılıb.
ABŞ hökuməti vətəndaşlarına Belarusa səfərdən çəkinməyi tövsiyə edir.
Üç həftə əvvəl isə ABŞ-də yerləşən Ukraynaya yardım təşkilatına 51 dollar ianə etdiyi üçün Rusiyada həbs olunan Rusiya-Amerika vətəndaşı Kseniya Karelina məhbus mübadiləsi nəticəsində azadlığa buraxılıb. O, Almaniya və Rusiya vətəndaşlığına malik Artur Petrovla dəyişdirilib. Petrovun mikroelektronika məhsullarını qanunsuz ixrac etdiyi iddia olunur.
Putin Volqoqrad hava limanına Stalinin adını verdi

Kremlin mətbuat xidməti bildirib ki, Rusiya prezidenti Vladimir Putin "Volqoqrad Beynəlxalq Hava Limanına tarixi 'Stalinqrad' adının verilməsi haqqında" fərman imzalayıb.
Rusiya dövlət agentliklərinin xəbərinə görə, hava limanının adının dəyişdirilməsi ilə bağlı müraciəti Putinə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov çatdırıb. Aprelin 29-da Putinin regiona işgüzar səfərinin sonunda o, Boçarovla görüşüb.
Boçarov deyib ki, Volqoqrad vilayətinin sakinlər tez-tez ona hava limanına "doğru, fəxrli, cəsur, qəhrəman bir ad – 'Stalinqrad'" adının verilməsi tələbi ilə müraciət edirlər.
Aprelin əvvəlində "Fontanka" nəşri yazmışdı ki, Sankt-Peterburqdakı "Pulkovo" hava limanı 8-10 may tarixlərində "Leninqrad" adını alacaq. Nəşr qeyd etmişdi ki, eyni qərar üç gün müddətinə Volqoqrad hava limanına da tətbiq olunacaq və bu qərarlar Böyük Vətən müharibəsində qələbənin 80 illiyi ilə əlaqədardır.
İran İsrail casusu olmaqda günahlandırdığı şəxsi edam edib

İranın ədliyyə qurumu bildirib ki, İsrailin xeyrinə casusluqda və 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitinin sui-qəsdində iştirakda ittiham olunan Möhsün Ləngərneşin edam olunub.
Aprelin 30-da yayılan rəsmi açıqlamada İranın ədliyyə qurumu Langərneşini İsrailin "yüksəkrütbəli casusu" kimi təqdim edib və onun İranda MOSSAD-ın bir neçə əməliyyatının həyata keçirilməsinə dəstək verdiyini bəyan edib.
Langərneşin 2022-ci ilin mayında SEPAH polkovniki Səyyad Xodayinin qətlə yetirilməsində iştirak etməkdə ittiham olunmaqla yanaşı, 2023-cü ilin yanvarında İsfahandakı hərbi zavoda dron hücumunun təşkilində də günahlandırılıb.
İranın ədliyyə qurumu həmçinin iddia edib ki, Langərneşin MOSSAD-ın yüksəkrütbəli kəşfiyyat zabitləri ilə iki dəfə, Gürcüstanda və Nepalda görüşüb. O, "yüksək səviyyədə təlim keçmiş agent" kimi təsvir olunub və onun genişmiqyaslı casusluq hazırlığı keçdiyi bildirilib.
Xaricdə yerləşən və İranda insan haqlarının vəziyyəti ilə bağlı xəbərlər hazırlayan HRANA agentliyi aprelin 28-də bildirib ki, Langərneşin işə yenidən baxılması üçün üç dəfə vəsatət qaldırıb, lakin hamısı rədd edilib.
Onun atası Məsud Langərneşin yayımladığı videomüraciətdə oğlunun "ədalətli məhkəmə prosesi olmadan" ölüm cəzasına məhkum edildiyini bildirib və işin ziddiyyətlər və hüquqi nöqsanlarla dolu olduğunu vurğulayıb.
HRANA xəbər agentliyi Möhsün Langərneşinə yaxın bir mənbəyə istinadən bildirib ki, o, həbsdə olarkən SEPAH polkovniki Xodayinin öldürülməsində iştirakını etiraf etməyə məcbur edilib, bu etiraflar güc tətbiqi və təzyiqlər altında alınıb.
SEPAH-ın qaranlıq fiqurlarından olan S.Xodayi Tehrandakı evinin qarşısında silahlı şəxslər tərəfindən öldürülüb. İsrail mediası Xodayini israilliləri və yəhudiləri öldürmək planlarının arxasında duran və bütün dünyada yəhudi maraqlarına zərbə vuran əsas fiqur kimi təsvir edib.
"Amnesty International" təşkilatı aprelin 29-da yayımladığı illik hesabatında bildirib ki, İran keçən il "hüquqi əsaslara dayanmadan" yüzlərlə insanı edam edib, hakimiyyət orqanları "ölüm cəzasından etirazçılara, müxaliflərə və etnik azlıqlara qarşı siyasi təzyiq aləti kimi istifadə edir".
Cənubi Koreya: Ukrayna ilə müharibədə 600 şimali koreyalı həlak olub

Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgəri ölüb. Bu barədə Cənubi Koreya parlamentinin üzvləri ölkənin milli kəşfiyyat xidmətinin onlar üçün keçirdiyi brifinqdən sonra bildiriblər.
"Reuters"in xəbərinə görə, parlamentarilər məlumat verib ki, Şimali Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib – bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.
Deputat Li Son Kvonun sözlərinə görə, bu ilin əvvəlindən Rusiyada olan qüvvələrdən təxminən 2 minə yaxın hərbi qulluqçu Şimali Koreyaya qaytarılıb. Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir.
Cənubi Koreya kəşfiyyatı, hələlik, Şimali Koreya qoşunlarının yeni qrupunun Rusiyaya göndərilməsinə dair hər hansı əlamət aşkar etməyib, lakin bunun baş verə biləcəyini istisna etmir.
Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna savaşına qatıldığını təsdiqləyir
Şimali Koreya ilk dəfə olaraq öz əsgərlərini Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya göndərdiyini rəsmən təsdiqləyib. "Yonhap" agentliyi Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yazıb ki, Pxenyanın əsgər göndərməsi Şimali Koreya lideri Kim Çen Inın əmri ilə və bu ölkənin Moskva ilə imzaladığı qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq həyata keçirilib.
Şimali Koreyanın Mərkəzi Hərbi Komissiyasına istinad edən KCNA agentliyi yazıb: "Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına qarşı avantürist hücumunu dəf etmək və Kursk bölgəsini azad etmək əməliyyatları uğurla başa çatıb".
Media Kim Çen Inın bu qərarı Rusiya ilə "dostluğu və həmrəyliyi daha da gücləndirmək üçün müqəddəs bir missiya" kimi təsvir etdiyini sitat gətirib.
Şimali Koreyanın dövlət mediası yazıb ki, Kim Çen In tezliklə Pxenyanda "onların qəhrəmanlıq və şücaətini anan" bir abidənin ucaldılacağını bildirib.
Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakını ilk dəfə aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov prezident Vladimir Putinə Kurskdakı vəziyyətlə bağlı məruzə edib və qeyd edib ki, "Şimali Koreya əsgərləri regionun azad edilməsində mühüm yardım göstəriblər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, "Rusiya KXDR-dən olan dostlarını heç vaxt unutmayacaq".
"Reuters" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər verib ki, Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı dayandırmağa çağırır.
İranda limanda partlayışda ölənlərin sayı 70-ə çatıb

İranın Şəhid-Rəcai limanında aprelin 26-da baş vermiş partlayışda ölənlərin sayı 70-ə çatıb, mindən çox adam xəsarət alıb.
Daxili işlər naziri İsgəndər Momeni aprelin 28-də İran dövlət televiziyasına deyib ki, hadisəyə "təhlükəsizlik tədbirlərinə əməl edilməməsi və səhlənkarlıq" səbəb olub.
Limanın yerləşdiyi Hörmüzqan əyalətinin cənubunda böhranların idarə edilməsi ofisinin direktoru Mehrdad Həsənzadə dövlət televiziyasına bildirib ki, yaralıların əksəriyyəti artıq xəstəxanadan buraxılıb.
Aprelin 27-də, partlayışdan bir gün sonra, İranın fövqəladə halların idarə edilməsi üzrə xidmətinin sözçüsü Hüseyn Zəfəri bildirib ki, limandakı konteynerlərdə kimyəvi maddələrin düzgün saxlanılmaması partlayışa səbəb olub.
Açıq mənbə məlumatları göstərir ki, İran fevral və mart aylarında Çindən raket yanacağında istifadə edilən kimyəvi maddələri sözügedən limanda qəbul edib. Ancaq İran Müdafiə Nazirliyinin sözçüsü partlayış yerində hərbi məqsədlər üçün istifadə edilən hər hansı yükün, o cümlədən raket yanacağının saxlanıldığını təkzib edib.
"The New York Times" İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, partlayan maddə raket yanacağının əsas komponenti olan natrium-perxloratdır.
İnsidentlə bağlı rəsmilərə qarşı tənqidlərin artması fonunda tanınmış iranlı kinorejissor Cəfər Pənahi "xalqın suverenliyini bərpa etmək" üçün beynəlxalq nəzarət altında referendum keçirməyə çağırıb. Pənahi Instaqram səhifəsində partlayışı "təxminən yarım əsrdir İranı məhvə aparan rejimin dağılmasının simvolu" kimi təsvir edib.
Şahid-Rəcai limanı strateji Hörmüz boğazının yaxınlığında yerləşir, ölkənin konteyner yüklərinin böyük hissəsi burada emal olunur.
Tacikistan və Özbəkistan vətəndaşlarına elektron viza ilə ümrə ziyarəti qadağan edilib

Səudiyyə Ərəbistanı Tacikistan və Özbəkistanı elektron turist vizası ala bilən ölkələr siyahısından çıxarıb.
e-Visa dövlət portalı vasitəsilə elektron vizalar turist səfərləri və ümrə (həcc) ziyarətləri üçün verilir.
Tacikistan və Özbəkistan vətəndaşlarının bu imkandan məhrum edilməsinin səbəbi aydın deyil. Qeyd olunur ki, bu kimi tədbirlər zəvvar səfərlərinə nəzarətin sərtləşdirilməsi ilə bağlı ola bilər. Aprelin 29-dan Məkkə və Mədinəyə yalnız xüsusi viza ilə daxil olmaq mümkün olacaq, turist vizalarının bu məqsədlə istifadəsi qadağan ediləcək.
Yeni qaydanı pozanlar üçün 2 min 700 dollar məbləğində cərimə, altı aya qədər həbs, deportasiya və 10 il müddətinə ölkəyə yenidən giriş qadağası nəzərdə tutulur.
Rusiya generalın ölümünə görə Ukraynanı günahlandırır

General-leytenant Yaroslav Moskalikin öldürülməsi ilə bağlı İqnat Kuzin adlı şəxsə qarşı terrorçuluq ittihamı irəli sürülüb.
Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 25-də Kuzinin həbs olunduğunu bəyan edib. Bildirilir ki, Ukrayna sakini olan Kuzinə partlayıcı qurğunu bu ölkənin təhlükəsizlik xidməti verib. O, həmin qurğunu Moskva ətrafındakı Balaşixa qəsəbəsində bir avtomobilə yerləşdirib. FSB iddia edir ki, bomba Moskalik yaxınlıqdan keçərkən Ukraynadan, uzaqdan idarə olunaraq partladılıb.
Ukrayna iddialarla ilə bağlı açıqlama verməyib.
Bu hadisə dekabrda sui-qəsd hadisəsinə oxşardır. Həmin vaxt da rusiyalı general-leytenant İqor Kirillov Moskvada yaşadığı binanın qarşısında səkiyə qoyulmuş elektrik skuterə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Rusiya rəsmiləri həmin partlayışın da arxasında Ukraynanın dayandığını iddia edib.
25 aprel
Rusiyada general avtomobil partladılmasında öldü
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik həlak olub.
Olayla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.
Telegram-kanalların məlumatına görə, hadisə səhər 10:40-da general park edilmiş "Volkswagen Golf" avtomobilinin yanından keçərkən baş verib.
İstintaqın ilkin məlumatına görə, qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcı qurğu işə düşüb.
'Gürcü arzusu'nun sədri istefa verib

İrakli Qaribaşvili hakim "Gürcü arzusu" partiyasının sədri postunu tərk edərək siyasətdən gedir. O, bu barədə xüsusi brifinqdə məlumat verib: "Siyasətə qayıdıb əvvəlcə müdafiə naziri, sonra ikinci dəfə baş nazir təyin olunanda və, nəhayət, partiyanın sədri seçiləndə mənə tapşırılmış şərəfli missiyanı, demək olar, yerinə yetirdim".
Qaribaşvili bundan sonra özəl sektorda fəaliyyətini davam etdirəcəyini, təfərrüatların daha sonra açıqlanacağını bildirib. O, partiya sədri postuna kimin keçəcəyini açıqlamayıb.
Qaribaşvili "Gürcü arzusu"na müxalifət olaraq yenidən siyasətə qayıtma ehtimalını rədd edib.
İ.Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi. O, 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub, bu vəzifəni 2013-2015-ci illərdə də tutub.