Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:10

Əliyevin Trampa mesajları və... Azərbaycanda insan haqlarının durumu Konqresdə müzakirəyə çıxarılır


Əliyevin Trampa mesajları: Konqresdə dinləmələr olacaq
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Əliyevin Trampa mesajları: Konqresdə dinləmələr olacaq

Bakı aylardır Vaşinqtona isti dost mesajları ötürür, ABŞ ilə əlaqələri strateji səviyyəyə qaldırmaqdan danışır. Bəs, rəsmi Bakının çağırışlarına Vaşinqtonun cavabı varmı? Donald Tramp administrasiyasından ictimaiyyətə açıqlanan kontakt Novruz bayramı təbriki olub.

Amma gələn həftə ABŞ Konqresində Azərbaycanda insan haqları üzrə dinləmə keçiriləcəyi artıq bəllidir.

Prezident İlham Əliyev aprelin əvvəlində ADA-dakı çıxışında Vaşinqtonla münasibətləri keçmiş prezidentlər üzərindən qiymətləndirdi. O, keçmiş dövlət katibi Antoni Blinkenə, keçmiş prezident Co Baydenə duyduğu etimadın yerini sonradan məyusluğun aldığını söylədi. Əliyev Donald Tramp administrasiyası ilə əlaqələrin qurulacağı günü səbirsizliklə gözlədiyini dedi: "İndi prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik".

ABŞ Dövlət Departamentinin müxbiri Aleks (Ələkbər) Raufoğlu isə AzadlıqRadiosuna deyir ki, Azərbaycan lideri hələ çox gözləməli olacaq. Onun fikrincə, Vaşinqtondan baxanda Əliyevin çıxışı natamam və qeyri-ciddi görünürdü: "Onun amerikalı həmkarının Ağ evdəki mandatı barədə məhdud təsəvvüründən xəbər verirdi və, doğrusu, bu yanaşma kənardan heç də ciddi görünmür. Sanki Əliyev özünü ABŞ seçicisi olaraq təsvir edir və Tramp administrasiyasının, təzəcə də olsa, artıq seçki kampaniyasını tərk etdiyini nəzərə almır və yaxud bu barədə məlumatsızdır. Onun ABŞ prezidentinə təklif etdiyi "xidmət" əslində bizlərə ekranlardan məlum olan Tramp obrazına hesablanıb ki, bu da elə məhz ekran üçündür, yəni Vaşinqtondakı reallıqla uzlaşmır".

Trampın gecikən Novruz təbriki

İ.Əliyev ADA-dakı forumda ABŞ-də büdcə pullarının səmərəliliyi üzrə araşdırmalardan da danışıb. Belə ki, Tramp son aylarda bir çox xarici təşkilata yardımı dayandırıb. AzadlıqRadiosu da daxil olmaqla bəzi media qurumlarının işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyində kütləvi ixtisarlarla bağlı fərman imzalayıb. Bu media orqanlarının iddiaları üzrə məhkəmə prosesi hələ davam etsə də, Əliyev bunu bitmiş məsələ kimi təqdim edib. Axı, ABŞ-dən maliyyələşən media qurumları Azərbaycanda tək-tək müstəqil medialardan olub, hakimiyyətin əsas tənqidçilərindəndir.

Ələkbər Raufoğlu
Ələkbər Raufoğlu

Vaşinqtondan jurnalist A.Raufoğlu deyir ki, Əliyev sanki söhbətin hansı ölkədən getdiyini belə unudub: "O həqiqətdir ki, Birləşmiş Ştatların daxili siyasət dinamikası bəzən çox uzağa gedə bilər, amma bu, heç də özününküləri xarici rejimlərin ayağına vermək anlamına gəlmir. Xüsusilə də söhbət evinin içində azadlıqların və mətbuatın düşməni kimi tanınan rejimdən gedirsə...".

ADA-dakı "Yeni dünya düzəninə doğru" adlanan forumdan bir gün sonra Trampın Azərbaycana ünvanladığı Novruz təbriki digər təbriklərlə müqayisədə daha çox müzakirə edildi. Hakimiyyətin ritorikasını bölüşənlər Novruz bayramından 20 gün sonra gələn məktubu siyasi çəkisi ağır və münasibətlərin daha da istiləşməsinə yönəlik addım kimi dəyərləndirdi. Hökumətyönlü media bu təbriki mühüm siqnal kimi təqdim etdi, Baydeni münasibətlərdəki soyuqluğun, Trampı isə yüksəlişin simvolu kimi göstərdi. Halbuki iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfə artıb 1.75 milyard dollara çatdığı həmin il, 2024-cü ildə məhz Bayden administrasiyası hakimiyyətdə idi.

Asim Mollazadə
Asim Mollazadə

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ Parlamentlərarası Dostluq Qrupunun üzvü Asim Mollazadə deyir ki, Trampın hakimiyyətə qayıdışı ilə Bakı-Vaşinqton xəttində iqtisadi artım da daha çox olacaq: "Tramp Azərbaycanın bölgədəki rolunu yüksək qiymətləndirir. Bu münasibətlər çoxşaxəli əməkdaşlıq istiqamətində sürətli inkişaf edəcək. İqtisadiyyatın bir çox sahələrində, xüsusən də yaşıl enerjiyə keçiddə birgə əməkdaşlıq perspektivi var. "Orta dəhliz" nəqliyyat sistemi ABŞ maraqlarına uyğundur".

"Administrasiyanın Azərbaycanda "görünən dağ"a uzun müddət göz yumacağını güman etmirəm"

Jurnalist A.Raufoğlu deyir ki, iki ölkənin münasibətlərindəki boşluqlara baxanda ilk gözə çarpan səfirlik postudur. Artıq dördüncü aydır ABŞ-nin Azərbaycanda səfir vəzifəsi açıq qalıb, Tramp bir çox ölkələrdən fərqli olaraq, bu posta öz namizədini hətta heç elan belə etməyib. Üstəlik, ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edən "907-ci düzəliş" də qüvvədə qalır. İnsan haqlarının durumuna gəlincə, jurnalist Vaşinqtonun münasibətini ölkədəki proseslərə adekvat sayır.

Azərbaycanda son illər təməl insan haqlarının silsilə pozuntusunu bir çox beynəlxalq təşkilat da bəyan edir. Son iki ildə azı 30 müstəqil jurnalist və hakimiyyət tənqidçisi fərqli ittihamlarla həbs ediliblər. Hakimiyyət onları konkret cinayətdə ittiham etsə də, özləri həbslərini siyasi sayırlar.

A.Raufoğlu xatırladır ki, 2017-ci ildə Tramp komandasının ilk aylarında ozamankı respublikaçı liderlər Azərbaycanda siyasi məhbusların sayının 100-ə yaxınlaşdığını böyük faciə olaraq təqdim edirdilər. Hazırda isə insan haqları müdafiəçiləri bu sayın 300-ü keçdiyini deyirlər: ""Azərbaycanda Demokratiya Aktı 2015" qanunu da məhz respublikaçıların təşəbbüsü idi. Yeri gəlmişkən, önümüzdəki günlərdə Konqresdə yenə də məhz respublikaçıların təşəbbüsü ilə "Azərbaycanda Demokratiya Aktı 2025" qanun layihəsinin təqdim olunacağı barədə məlumatım var. Müxtəlif mənbələr artıq bu sahədə işin yekunlaşdığını təsdiqləyirlər. Hətta bildiyim qədər, yaxın günlərdə Konqres komissiyalarının birində Azərbaycanda insan haqlarının durumu üzrə xüsusi dinləməyə hazırlıq gedir. Bütün bunların fonunda Tramp administrasiyasının Azərbaycanda, necə deyərlər, görünən dağa uzun müddət göz yumacağını güman etmirəm, hətta istəsələr belə, baş verənlərə etinasız qala bilməzlər".

ABŞ Konqresi
ABŞ Konqresi

Konqresdə dinləmələr olacaq

Artıq ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında aprelin 29-da Azərbaycanda insan haqları üzrə xüsusi dinləmə keçiriləcəyi təsdiqlənib. "COP29 BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları" – tədbirin tam adı belədir.

Ötən ilin noyabrında keçirilən bu beynəlxalq tədbirdən sonra ölkədə yeni həbslər dalğası başladı, MeydanTV jurnalistləri, hüquq müdafiəçisi Rüfət Səfəroğlu, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı və digərləri həbs olundular.

Elə Konqres komissiyası da bildirir ki, konfransdan öncə Azərbaycanın ev sahibi ölkə kimi rolu hökumət üçün özünü göstərmək, beynəlxalq imicini yaxşılaşdırmaq fürsəti kimi görünürdü. Hökumət bu yöndə koordinasiyalı səylər göstərdi, eyni zamanda, konfransdan öncə və sonra repressiyaların kəskin şəkildə güclənməsinə dair xeyli məlumatlar var.

Komissiya Azərbaycanda insan haqlarının durumunun pis olduğunu qeyd edir, "Freedom House" insan haqları təşkilatına istinadla "avtoritar" rejimdəki hakimiyyətin 2003-cü ildən prezident olan İlham Əliyevin və ailəsinin əlində cəmləşdiyi vurğulanır: "Korrupsiya geniş yayılıb, siyasi müxalifət illərdir təqiblər nəticəsində zəiflədilib. Hakimiyyət son illər mülki azadlıqlara genişmiqyaslı təzyiq göstərib".

Bəs, Tramp administrasiyasının Əliyevin isti mesajlarına cavabı varmı? Dövlət Departamenti AzadlıqRadiosunun bu barədə sualını, hələlik, cavablandırmayıb. Bir müddət öncə isə qurum Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçilərinin davamlı həbslərindən narahatlıq bildirmişdi. Departament Azərbaycan hökumətini ifadə azadlığını dəstəkləmək, senzuranı dayandırmaq, müxalifəti sıxışdırmamaq mesajını ciddi qəbul etməyə çağırmışdı.

XS
SM
MD
LG