Son bir ayda Bakı ilə Moskva arasında nə baş verir? Ötən ilin dekabrında Qroznı yaxınlığında sərnişin təyyarəsinin vurulmasından sonrakı sərt ritorika son vaxtlar sanki səngimiş görünür, qarşılıqlı ittihamlar səslənmir.
Əksinə, yazın gəlişi ilə buzlar əriyirmiş kimi martın əvvəli Moskvada keçmiş prezident Heydər Əliyevin abidəsinin təməli qoyuldu. Parlamentin sədri Sahibə Qafarova Rusiyanın "Dostluq" ordeni ilə təltif edildi. Ardınca Rusiya prezidenti Vladimir Putin həmkarına bayram mesajlarını çatdırdı, 9 May paradına da dost ölkə kimi dəvət etdi. Aprelin əvvəlində Rusiya ilə diplomatik münasibətlərin 33 illiyi ilə bağlı məktubda da rəsmi Bakı münasibətlərin maraqlar üzərində qurulduğunu xatırladıb.
Aprelin 9-da isə prezident İlham Əliyev Bakıda təxminən 3 saatlıq forumda Rusiyanın adını yalnız Ukraynadakı təcavüzkar müharibə fonunda çəkdi.
Pişiyin sevdiyindən yediyi balaya çevrilməmək istəyi...
Jurnalist və siyasi şərhçi Rauf Mirqədirov Azərbaycan-Rusiya münasibətlərinin situativ maraqlara əsaslandığını deyir: "Düşünmürəm ki, yumşalma gedir, yaxud növbəti məhəbbət erası başlayıb. Azərbaycan hakimiyyəti üçün Rusiya rahat məkandır, psixoloji baxımdan özünü rahat hiss edir, öz ruhunda olan adamlardır. Ümumiyyətlə, Ukrayna, Moldovanı çıxmaqla, postsovet dövlətləri mənəvi baxımdan özünə uyğundur, bir-birilərini başa düşürlər. Eyni zamanda da, narahat məkandır. Hər şeyin birmənalı olduğunu düşünmək lazım deyil. İndi İlham Əliyev üçün kifayət qədər normaldır, özünün dediyi kimi, balanslı siyasət yeridir. Rusiyaya, Avropaya qarşı da ton dəyişib. Ona görə də Rusiya ilə münasibətlər xoşdur. Amma atalar sözü var, "pişik öz balasını sevdiyindən yeyir", bax, (İlham Əliyev) o balaya çevrilmək istəmir".
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov düşünür ki, qarşılıqlı ritorikada hərarət dəyişkən olsa da, bu, Azərbaycanın Kreml ilə siyasətini uzlaşdırması reallığını dəyişməyəcək: "İlham Əliyevin yürütdüyü xarici siyasət birbaşa Kreml ilə hesablaşdırılıb. Bu, hər zaman belə olub. Hələ ki bunun alternativi yoxdur, görünmür. Amma zaman-zaman İlham Əliyev daxili auditoriya üçün Rusiyaya qarşı müəyyən jestlər edir, müəyyən radikal fikirlər səsləndirir. Məncə, Rusiya da, Putin də bunu çox gözəl anlayır, iki dövlət arasındakı münasibətlərə bu ritorikaların ciddi təsiri olmur".
"Rusiya ilə də normal münasibətlərimiz var"
Hakimiyyətin ritorikasını bölüşənlər Azərbaycanın müstəqil siyasət yürütdüyünü bildirirlər. Elə Milli Məclisin deputatı Fazil Mustafa da oxşar fikirdədir. O bildirir ki, Azərbaycan müstəqil siyasət yeridir, opponentlər Azərbaycanı dost kimi görmək, yoxsa itirməklə bağlı qərar verməlidirlər: "Rusiya ilə münasibətlərdə biz yenə də imzaladığımız sənədlərə sadiqik, strateji müttəfiqlik münasibətimiz var. O sənədin ruhuna uyğun olaraq hansısa təzadlı vəziyyət ortaya çıxırsa, onda Azərbaycan yenə də müstəqil dövlət kimi öz xarakterini ortaya qoyur. Rusiya bizim qonşu dövlətimizdir, Rusiya ilə də normal münasibətlərimiz var. Tarixi münasibətlərin keçmişi var və indi də əlaqələrimiz bərabərhüquqlu əsaslarda davam edir".
Vaşinqtondakı Kennan İnstitutunun eksperti Maksim Trudolyubov hələ fevralın əvvəlində yazırdı ki, Moskva və Bakı razılığa gələcək, çünki əlaqələrin korlanacağı halda, riskə atacaqları çox şey var. O, Kremlin Qərbin sanksiyalarından azad ticarət üçün "Şimal-Cənub" dəhlizindən və Azərbaycandan asılı olduğunu vurğulayırdı.
Ukraynadakı müharibənin mümkün sonucları və... Cənubi Qafqaz
ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətə gələndən sonra Rusiya ilə danışıqlar aparır. Bəzi təhlilçilər Ukrayna müharibəsinin sonuclarından asılı olaraq postsovet ölkələrinin Moskva ilə münasibətlərinə korrektə edə biləcəyini deyirlər.
Keçmiş diplomat N.Cəfərov burada iki ssenarinin mümkün olduğunu bildirir: "Rusiya Ukrayna müharibəsindən tam qalib çıxsa, istədiklərini əldə etsə, bir-iki il ərzində iqtisadiyyatını yenidən bərpa edib hərbi gücünü formalaşdıra bilsə, onun əsas məqsədi məhz Cənubi Qafqaza yönələcək. Çünki Rusiya Cənubi Qafqazda, əsasən, Ermənistanda müəyyən dayaqlarını itirmək üzrədir. Bu halda mən düşünürəm ki, Ermənistanı sərt bir şəkildə cəzalandıra bilər, Azərbaycan bu halda hansı rol oynayacaq, onu demək çətindir. Sabah Trampla Rusiya arasında münasibətlər gərginləşəcəksə, Rusiyaya qarşı ciddi sanksiyalar qoymaqla Ukraynaya da ciddi dəstək olacaq ki, Rusiyanı cəzalandırsın. O zaman hər şey tam fərqli olacaq, bir tərəfdən Avropa güclənəcək, digər tərəfdən Rusiya zəifləyəcək, Azərbaycan özünə yeni dayaq axtarmaq məcburiyyətində qalacaq".
Bu arada ilin əvvəlində hökumət mediasının casusluqda ittiham etdiyi "Rus evi"nin fəaliyyətinin bərpa oluna biləcəyi haqda informasiya yayılır. Fevralda "Rus evi"nin yerləşdiyi binanın üzərindən adı çıxarılanda media onun bağlandığını yazdı. Amma "Rossotrudniçestvo" federal agentliyinin rəhbəri Yevgeni Primakov bugünlərdə bildirib ki, Moskva ilə Bakı "Rus evi" ilə bağlı kompromis axtarırlar, onun qeydiyyat formatı müzakirə olunur.