Keçid linkləri

2025, 01 May, Cümə axşamı, Bakı vaxtı 03:17

ABŞ Konqresində 'Azərbaycanda Demokratiya Aktı' hazırlanır


ABŞ Konqresi
ABŞ Konqresi

ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi hazırlanır. Bunu aprelin 29-da komissiyada keçirilən xüsusi dinləmələrdə onun sədri Kris Smit bildirib. Dinləmələr "COP29 BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Azərbaycanda insan haqları" adlanıb.

K.Smit Azərbaycanın bir diktatura olduğunu, prezident İlham Əliyevin ölkəni geniş ailəsi üçün feodal malikanə kimi nəzarətdə saxlayaraq istismar etdiyini söyləyib.

"Diktatura COP29-un özünün prestiji və beynəlxalq dairələrdə qəbul edilməsi üçün bir tədbirə çevriləcəyini gözləyirdi. Bu alındımı? Deməzdim. Bu gün burada soruşduğumuz əsas suallardan biri budur. Digəri isə Konqresin Tramp administrasiyası ilə işində Azərbaycanla bağlı hansı siyasəti təbliğ edəcəyədir", – konqresmen vurğulayıb.

O, Azərbaycanla bağlı "Demokratiya Aktı" qanun layihəsi üzərində işlədiyini sözlərinə əlavə edib: "Bu qanun layihəsi Azərbaycanda pisləşməkdə olan insan haqlarını əhatələyəcək".

K.Smit
K.Smit

Konqresmen bir çox ölkələrin ötən ilin noyabrında COP29-a qatılmadığını, yaxud aşağı səviyyəli təmsilçilər göndərdiyini bildirib. Tədbir öncəsi və sonra Azərbaycanda repressiyaların gücləndiyini vurğulayan konqresmen bu ilin fevralında ölkədə siyasi məhbus sayının 357-yə çatdığını və bunun böyük artım olduğunu qeyd edib.

K.Smit daha sonra Azərbaycandakı siyasi məhbusların bəzilərinin adlarını sadalayıb, onların hər birinin dəyərli olduğunu, qorunmalı və azadlığa buraxılmalı olduğunu qeyd edib. O, tanınmış iqtisadçı Qubad İbadoğlunun korrupsiyanın ifşasında təcrübəsini vurğulayıb. Hazırda onun ev dustaqlığında səhhətinin pisləşdiyini, daimi nəzarət altında olduğunu deyib. Üstəlik, onun ailəsinə də təzyiqlər baş verir, bu yaxınlarda hökumət onun qardaşı Qalib Bayramova qarşı cinayət işi açıb, bu ittihamlarda 12 ilədək həbs nəzərdə tutulub.

"Biz Azad Avropa/Azadlıq Radiolarının jurnalisti Fərid Mehralızadənin taleyindən də çox narahatıq. Ümidvaram ki, eyni vəziyyətdə olan vətəndaşlarına münasibətdə olduğu kimi, ABŞ hökuməti onun da azadlığına nail olmaq üçün eyni səy və ciddilik göstərməyə borclu olduğunu qəbul edir", - K.Smit vurğulayıb.

"Vətəndaşlarının qəzəbini Əliyev klanından yayındırmaq..."

K.Smit həmçinin erməni məhbuslardan da danışıb, onları "siyasi məhbus" adlandırıb. "Əliyevin etnik nifrəti qızışdırması onların orada yaşamasını çox təhlükəli edib. Əliyevin Artsaxın (ermənilər Qarabağa belə deyirlər) zəbti zamanı əsirlər götürərək onlardan Azərbaycanın istismar olunan vətəndaşlarının qəzəbini Əliyev klanından yayındırmaq, ehtimal olunan xarici düşmənə yönəltmək üçün sui-istifadə edib", – o bildirib.

Daha sonra dinləmələrdə Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" və "ombudsman"ı olmuş Artak Beqlaryan, "Pegasus Strategies" şirkətinin icraçı direktoru, keçmiş separatçı rejimin "dövlət naziri" olmuş, hazırda Bakıda mühakimə olunan Ruben Vardanyanın vəkili Cared Qenser, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə aparıcı direktoru Miriam Lanskoy və "Freedom Now" təşkilatının icraçı direktoru Andrea Prasou şahid kimi ifadə veriblər.

A.Beqlaryan
A.Beqlaryan

A.Beqlaryan 2023-cü ilin sentyabrında özü və ailəsi daxil olmaqla 150 mindən çox erməninin zorla məcburi köçkünə çevrildiyini deyib. O, Azərbaycanda azı 23 erməni əsirin həbsdə olduğunu, işgəncəyə məruz qaldığını söyləyib. "2020, 2023-cü illərdən bəri azı 200 nəfər itkin düşün, 80 nəfər yoxa çıxıb, Azərbaycan onların taleyi barəsində heç bir bilgi vermir", – o vurğulayıb.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib, rəsmi Yerevan baş verənləri "etnik təmizləmə" kimi dəyərləndirir. Ancaq rəsmi Bakı Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onların məcburi deyil, öz istəklərinə əsasən Ermənistana köçdüklərini bildirir.

Keçmiş separatçı rejim təmsilçiləri isə hazırda Bakıda bir sıra ittihamlarla mühakimə olunurlar.

M.Lanskoy
M.Lanskoy

"10 il öncə gördüklərimiz təkrarlanır"

Milli Demokratiya Fondundan M.Lanskoy ifadəsində vətəndaş cəmiyyətinə qarşı repressiyadan danışıb. "Azərbaycan kleptokratik və repressiv sisteminə qarşı beynəlxalq tənqidi susdurmaq üçün diplomatik taktikadan istifadə edir", – o deyib və "kürü diplomatiyası" - xarici rəsmi və parlamentarilərin rüşvətlə, hədiyyələrlə ələ alınmasını yada salıb. O həmçinin ölkədən 3 milyard dollarlıq vəsaitin Avropada siyasi qərarların əldə olunmasına xərclənməsinə dair "Azərbaycan Londramatı" adlı OCCRP araşdırmasını xatırladıb.

"Rusiyadan İrana Azərbaycan ərazisindən yeni kəmər layihəsi var və Azərbaycan bu yaxınlarda İranla birgə hərbi təlimlər keçirib. Azərbaycan həmçinin Ermənistanla sülh prosesindən istifadə edərək insan haqları pozuntularına görə hesabat verməkdən yayınır", – o deyib.

M.Lanskoy mediaya qarşı təzyiqlərə də toxunub. "AbzasMedia" işi çərçivəsində saxlananların adlarını çəkib. O, bu iş üzrə hakimlər Rasim Sadıxov və Novruz Kərimovun 2013-2014-cü illərdə də siyasi qərarlar çıxardığını, həmin işlərə sonradan Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığını deyib: "Yəni bəzi hallarda 10 il əvvəl gördüyümüz hallar bəzən daha pis formada təkrarlanır, biz onları necə yoluna qoymağı hələ müəyyənləşdirməmişik".

A.Prasou
A.Prasou

"Freedom Now" təşkilatının icraçı direktoru A.Prasou ifadəsində Azərbaycanda siyasi məhbus sayının son aylar xeyli artmasından danışıb. O, MeydanTV, ToplumTV jurnalistlərinin, hüquq müdafiələrinin həbsindən söz açıb, artıq bəzi siyasi məhbuslara – Bəxtiyar Hacıyevə, Rail Abbasova, Afiyəddin Məmmədova uzunmüddətli həbs cəzaları kəsildiyini deyib. A.Prasou Azərbaycanda azad mediaya hücumlarla eyni vaxtda AzadlıqRadiosunun maliyyəsinin kəsilməsi qərarını müstəqil səslər üçün çox az imkan qoyduğunu deyib: "Fevralda "Turan" xəbər agentliyinin bağlanması isə yerli müstəqil medianın sonu oldu".

A.Prasou Akif Qurbanov, Tofiq Yaqublu, digər siyasi məhbusların işindən də danışıb.

Son ilyarım boyunca Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG