Macarıstan iki ukraynalı diplomatı casusluqda ittiham edərək ölkədən çıxardığını açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook" sosial şəbəkəsində paylaşdığı videoda bildirib: "Bu gün Ukraynanın Budapeştdəki səfirliyində diplomatik pərdə altında işləyən iki casusu Macarıstandan çıxardıq".
Bu açıqlama Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin ölkə ərazisində Macarıstana bağlı casus şəbəkəsini ifşa etməsi ilə bağlı məlumat yaydıqdan sonra verilib.
Ukrayna da macar diplomatları ölkədən çıxarır
Ukrayna Macarıstanın iki diplomatını ölkədən çıxarır. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, bu addım Macarıstanın müvafiq qərarına cavab olaraq atılıb.
Ukrayna Macarıstanla bağlı casus şəbəkəsini ifşa etdiyini bildirir
Ukrayna Macarıstanla həmsərhəd olan və xeyli etnik-macar əhalinin yaşadığı qərbi Zakarpatya bölgəsində hərbi müdafiə və ictimai rəyə dair həssas məlumatları toplamağa çalışan Macarıstana bağlı casus şəbəkəsini aşkarladığını bildirib.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mayın 9-da bəyan edib ki, Zakarpatyada iki şübhəli agent saxlanılıb. SBU bu agentlərin kuratorunun Macarıstan hərbi kəşfiyyatının əməkdaşı olduğunu iddia edib. SBU bildirib ki, Ukrayna ilk dəfədir ki, ölkənin təhlükəsizliyini pozmağa çalışan Macarıstan casus şəbəkəsi tapıb.
Bu açıqlama Ukrayna ilə Macarıstan arasında gərginlik fonunda verilib. Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə isti münasibətlərini saxlayır və Moskvanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, Kremlə qarşı sanksiyaların əleyhinə çıxır. Macarıstan Avropa İttifaqı (Aİ) və NATO-nun əksər ölkələri ilə müqayisədə Ukraynanın müdafiə səylərinə xeyli az dəstək verib.
Bu hadisə həmçinin Zakarpatyada yaranmış mürəkkəb vəziyyətə təsir edir. Kreml tənqidçilərinin sözlərinə görə, Rusiya burada etnik macarlarla Ukrayna hakimiyyəti arasında gərginlik yaratmağa çalışıb.
SBU-nun yaydığı açıqlamada deyilir ki, iddia edilən agent şəbəkəsinin məqsədləri "Zakarpatya vilayətinin hərbi müdafiəsi haqqında məlumatların toplanması, bölgənin quruda və hava hücumundan müdafiə sistemlərində zəif nöqtələrinin müəyyən olunması, həmçinin yerli sakinlərin sosial-siyasi baxışlarının öyrənilməsi", o cümlədən Macarıstan qüvvələrinin bölgəyə daxil olacağı təqdirdə onların necə reaksiya göstərə biləcəyidir".
Ukraynanın qərbində Bene kəndinin iki dildə, ukraynaca və macarca yazılan yol nişanı
Bildirilib ki, şübhəlilərdən biri Zakarpatya bölgəsinin Berehove rayonundan olan 40 yaşlı keçmiş hərbçidir. Bu region Ukraynadakı təxminən 100 min nəfərlik etnik macar azlığının əsas yaşayış mərkəzidir. Həmin şəxsin 2021-ci ildə casusluğa cəlb edildiyi və "passiv" modda saxlanıldığı, daha sonra, 2024-cü ilin sentyabrında iddia edilən kurator tərəfindən "aktivləşdirildiyi" deyilir.
SBU şübhəlinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerlər və digər hərbi imkanlar haqqında məlumat topladığına dair sənədli sübutlara malik olduğunu iddia edib.
Saxlanılan digər şübhəlinin qadın olduğu və Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin keçmiş üzvü olduğu deyilib. Qeyd olunub ki, şübhəli şəxs bu ilin əvvəlində öz bölməsindən istefa verib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt hələ Kiyevdən macar casuslarının ifşa olunmuş şəbəkəsi ilə bağlı rəsmi məlumat almayıb. O, eyni zamanda, Ukraynadakı "antimacar" təbliğatını xatırladıb.
"Yalnız bəzi təfərrüatlar və ya rəsmi məlumat əldə etdiyimiz halda nəsə deyə biləcəyik. O vaxta qədər bu propaqanda hesab edilməlidir, buna ehtiyatla yanaşmaq lazımdır. Ukraynada tez-tez anti-Macarıstan təbliğatı eşidilir və bir çox hallarda bunun tamamilə əsassız olduğu üzə çıxıb", - nazir qeyd edib.
Xatırlatma
Əsrlər boyu Macarıstan və Avstriya-Macarıstan İmperiyasının nəzarəti altında olan Zakarpatya Birinci Dünya müharibəsindən sonra Çexoslovakiyanın bir hissəsi olub. 1939-cu ildə isə Nasist Almaniyası ilə müttəfiq olan Macarıstan bu ərazini yenidən ələ keçirməyə cəhd göstərib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Çexoslovakiya bu ərazini Sovet İttifaqına verib və o, Ukrayna Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib.
AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma qrupu "Sxema" və Mərkəzi Avropadan olan bir qrup jurnalistin 2021-ci ildə apardığı araşdırmaya görə, 2011–2020-ci illər arasında Macarıstan hökuməti Zakarpatyaya azı 115 milyon avro vəsait ayırıb. Bu məbləğ, Zakarpatya vilayətinin illik büdcəsindən təxminən 1.5 dəfə artıq olub.