Aprelin 29-da 7 müxalif fəal həbsdə aclıq aksiyası keçirən Milli Şura üzvü Tofiq Yaqublu ilə həmrəylik aksiyasına başladıqlarını açıqlayıblar.
Müsavat Partiyasının Bakıdakı qərargahında aclığa başladıqlarını vurğulayan həmin müxaliflər T.Yaqublu və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edirlər. Onlar Müsavat Partiyasından Natiq İsrafil, Azərbaycan Demokratik Rifah Partiyasından Hüseyn Məlik, Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) isə Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov və Rövşən Səfərovdur.
Hələlik, məsələyə rəsmi qurumların münasibəti bəlli deyil. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.
Vəkil: 'Tofiq Yaqublu deyir ki, yaddaşını tez-tez itirir'
Bu gün, aprelin 29-da vəkil Nemət Kərimli həbsdə aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu ilə görüşüb.
Vəkilin sözlərinə görə, T.Yaqublu halsız olub. Onun vurğulamasına görə, müxalifətçi müayinə nəticələrini də ona tam çatdıra bilməyib: "Çəkisi 80.3 kiloqramdır (aclıq aksiyasına başlayanda 94.8 kq açıqlanmışdı), digər həyat üçün lazım olan hallar yadından çıxmışdı. Son gün özünü çox pis hiss edir, deyir ki, başım gicəllənir, yaddaşın tez-tez itirir".
Hələlik, bu açıqlamaya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Tofiq Yaqublu
26 aprel
Tofiq Yaqublu müalicə müəssəsinə köçürülüb
Həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu aprelin 26-da müalicə müəssisəsinə köçürülüb. Bu barədə onun qızı Nigar Həzi Məlumat verib.
Həkim Adil Qeybulla da vurğulayıb ki, aprelin 26-da, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təcridxanasında T.Yaqublunu növbəti dəfə müayinə ediblər. (bundan əvvəl də o, təcridxanada T.Yaqublunu müayinə etmişdi) Onun sözlərinə görə, müayinə prosesində Penitensiar Xidmətin rəhbərliyi və Ədliyyə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər: "Aclığa bağlı çəki itkisi davam edir. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunu Penitensiar Xidmətinin müalicə müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib".
25 aprel
Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azad etməyə çağırır
Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunu dərhal buraxmağa və tez bir zamanda ona adekvat, müstəqil tibbi yardımı təmin etməyə çağırır.
Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib.
Bəyanatda vurğulanır ki, Yaqublunun səhhəti, yaşı və onilliklər boyu fəaliyyətinin qeyri-zorakı xarakterini nəzərə alaraq, onun azad olunması həm əhəmiyyətli humanitar jest olar, həm də mümkün faciəni önləyə bilər: "Aclıq aksiyasındakı hər gün onu geri dönüşü olmayan sağlamlıq problemlərinə bir addım da yaxınlaşdırır – onun sağlamlığı təhlükə altındadır".
19 aprel
Adil Qeybulla Tofiq Yaqublunu müayinə edib
Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub. Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından bildiriblər.
Aprelin 7-də onun vəkili T.Yaqublunu Tibb Universitetinin professoru Adil Qeybullanın müayinə etməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdi.
Ombudsman Aparatı da bildirir ki, məsələ ilə bağlı onlar da bu qurum və Tibb baş idarəsinə müvafiq sorğular ünvanlayıb: "Müraciətin icrası - Yaqublunun öz seçdiyi həkim tərəfindən də müayinəsi təmin olunub".
Həkim A.Qeybullanın deməsinə görə, həmin gün T.Yaqublunun huşu aydın, təmas və kommunikasiya adekvat olub: "Beynəlxalq təcrübədə aclıq aksiyalarının mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi".
7 aprel
Ailəsi Tofiq Yaqublunu yenə Adil Qeybullanın müayinə etməsini istəyir
Həbsdə olan üzvü Tofiq Yaqublunu həkim Adil Qeybullanın da müayinə etməsi üçün Penitensiar Xidmətə müraciət olunub. Bu barədə vəkil Nemət Kərimli bildirib.
Ailəsinin vurğulamasına görə, T.Yaqublu sürətlə çəki itirir. Onların deməsinə görə, müxalifətçi aclıq etdiyi son bir həftədə təqribən 6 kiloqram çəki itirib. "Hər gün tibbi müayinə olunur. Lakin ailəsi özlərinin daha çox etibar etdikləri həkimin-Adil Qeybullanın da tibbi müayinədə iştirak etməsini arzulayır", - vəkil vurğulayıb.
Bundan əvvəlki həbslərində aclıq aksiyası keçirirkən Yaqublunun ailəsinin eyni xahişini Penitensiar Xidmət təmin edib.
1 aprel
Tofiq Yaqublu aclıq aksiyasına başlayıb
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.
Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb: "Bir az əvvəl isə mən atamla danışdım. Bildirdi ki, aclıq etdiyi üçün bu gün onu təcridxananın tibb məntəqəsinə köçürəcəklər".
T.Yaqublunun vəkili Aqil Layıc isə aprelin 1-də onunla təcridxanada görüşdüyün deyib: "Bildirdi ki, məhkəmə sistemində ədalət olmadığı bir durumda ona başqa yol buraxmadılar. Ona görə də aclıq etmək qərarı verdi".
Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. T.Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.
Xatırlatma
Bu, T.Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.
T.Yaqublu daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.