Cənubi Koreya: Ukrayna ilə müharibədə 600 şimali koreyalı həlak olub

Kim Çen In hərbçilərlə birlikdə

Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgəri ölüb. Bu barədə Cənubi Koreya parlamentinin üzvləri ölkənin milli kəşfiyyat xidmətinin onlar üçün keçirdiyi brifinqdən sonra bildiriblər.

"Reuters"in xəbərinə görə, parlamentarilər məlumat verib ki, Şimali Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib – bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.

Deputat Li Son Kvonun sözlərinə görə, bu ilin əvvəlindən Rusiyada olan qüvvələrdən təxminən 2 minə yaxın hərbi qulluqçu Şimali Koreyaya qaytarılıb. Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir.

Cənubi Koreya kəşfiyyatı, hələlik, Şimali Koreya qoşunlarının yeni qrupunun Rusiyaya göndərilməsinə dair hər hansı əlamət aşkar etməyib, lakin bunun baş verə biləcəyini istisna etmir.

Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna savaşına qatıldığını təsdiqləyir

Şimali Koreya ilk dəfə olaraq öz əsgərlərini Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya göndərdiyini rəsmən təsdiqləyib. "Yonhap" agentliyi Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yazıb ki, Pxenyanın əsgər göndərməsi Şimali Koreya lideri Kim Çen Inın əmri ilə və bu ölkənin Moskva ilə imzaladığı qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq həyata keçirilib.

Şimali Koreyanın Mərkəzi Hərbi Komissiyasına istinad edən KCNA agentliyi yazıb: "Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına qarşı avantürist hücumunu dəf etmək və Kursk bölgəsini azad etmək əməliyyatları uğurla başa çatıb".

Media Kim Çen Inın bu qərarı Rusiya ilə "dostluğu və həmrəyliyi daha da gücləndirmək üçün müqəddəs bir missiya" kimi təsvir etdiyini sitat gətirib.

Şimali Koreyanın dövlət mediası yazıb ki, Kim Çen In tezliklə Pxenyanda "onların qəhrəmanlıq və şücaətini anan" bir abidənin ucaldılacağını bildirib.

Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakını ilk dəfə aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov prezident Vladimir Putinə Kurskdakı vəziyyətlə bağlı məruzə edib və qeyd edib ki, "Şimali Koreya əsgərləri regionun azad edilməsində mühüm yardım göstəriblər".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, "Rusiya KXDR-dən olan dostlarını heç vaxt unutmayacaq".

"Reuters" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər verib ki, Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı dayandırmağa çağırır.