Pasxa atəşkəsi bitsə də, Tramp bu həftə Ukrayna-Rusiya razılaşmasına ümid edir

Ukrayna hərbçiləri Pasxa bayramını Dnepropetrovsk vilayətində cəbhə xəttində qeyd edirlər

Pasxa atəşkəsi Rusiyanın Ukrayna şəhərlərinə hava hücumlarını bir qədər azaltsa da, Kiyev Rusiya qüvvələrinin təxminən 3 min dəfə atəşkəsi pozduğunu bildirib. Atəşkəsin uzadılması ilə bağlı çağırışlar Kreml tərəfindən cavabsız qalıb.

ABŞ prezidenti Donald Tramp aprelin 20-də "Truth Social" platformasındakı paylaşımında "ümid edirəm ki, bu həftə Ukrayna və Rusiya bir razılaşmaya gələcək. Daha sonra hər iki ölkə çiçəklənən ABŞ ilə böyük biznesə başlayacaqlar və onlar da böyük sərvət qazanacaqlar!", – deyə yazıb.

Rusiya prezidenti Vladimir Putin aprelin 19-da birtərəfli atəşkəs elan edib. Atəşkəs həmin gün saat 18:00-dan başlayaraq 20 aprel gecəyarıya qədər qüvvədə olmalı idi.

Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib ki, Putin atəşkəsin gecəyarıdan sonra uzadılması üçün heç bir göstəriş verməyib. Ukraynalı rəsmilər isə atəşkəsin onsuz da yerinə yetirilmədiyini bildiriblər.

Aprelin 21-i səhər saatlarından etibarən Rusiya tərəfindən hava hücumlarının yenidən bərpa olunduğu görünür. Pasxa atəşkəsinin nəzərdə tutulmuş bitmə vaxtından bir neçə saat sonra Kiyev şəhərində hava hücumu siqnalları səslənib, Nikolayev şəhərinin meri isə şəhər boyunca partlayış səslərinin eşidildiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın uzunmüddətli, tammiqyaslı atəşkəsdən imtina etdiyini nəzərə alaraq, hər iki tərəfə mülki infrastruktur obyektlərinə hava hücumlarını azı 30 gün müddətinə dayandırmağı təklif edib.

ABŞ Dövlət Departamenti "Pasxa atəşkəsi"nin bitməsindən bir neçə saat əvvəl bəyan edib ki, ABŞ bu atəşkəsin uzadılmasını alqışlayardı.

"Prezident Putinin Pasxa münasibətilə müvəqqəti atəşkəs elan etdiyini gördük. Biz tam və hərtərəfli atəşkəsə nail olmaq öhdəliyimizə sadiq qalırıq. Bu məsələdə onların ciddiliyini qiymətləndirərkən atəşkəsin bazar günündən sonra da davam etməsini alqışlayardıq", - bəyanatda deyilib.

Trampın geri çəkilmək təhdidi

Putinin atəşkəs elan etməsi Tramp və digər ABŞ rəsmilərinin Ukrayna müharibəsi ilə bağlı danışıqların ləng irəliləməsindən narazılıq ifadə edən siqnallarının ardınca gəlib. Münaqişə artıq dördüncü ilinə qədəm qoyub.

Aprelin 18-də Tramp bildirib ki, Ukrayna və Rusiya arasındakı danışıqlar "həlledici mərhələyə yaxınlaşır" və o vurğulayıb ki, heç bir tərəf münaqişəni bitirməklə bağlı "onunla oyun oynamır".

Dövlət katibi Marko Rubio isə xəbərdarlıq edib ki, əgər yaxın günlərdə irəliləyiş əldə olunmasa, ABŞ sülh sazişi əldə etmək cəhdlərindən imtina edə bilər.