Rusiya Ukrayna şəhərlərində güzəştli ipoteka mənzilləri təklif edir

Xerson

Rusiya hökumətinin "Ailə ipotekası" proqramı Rusiya daxilindəki şəhərlərlə yanaşı, həm də Ukrayna şəhərlərində və hətta Kiyevin nəzarətində olan bəzi şəhərlərdə əmlak almaq istəyən Rusiya vətəndaşlarına güzəştli kreditlər təklif etməyə başlayıb.

Siyahıya daxil edilən Ukrayna şəhərlərinin bəziləri, məsələn, Melitopol və Primorsk hələ də Rusiya işğalı altındadır. Digər şəhərlər, o cümlədən Xerson, Berislav və Sniqiryovka Ukrayna silahlı qüvvələri tərəfindən geri alınmasına baxmayaraq, proqramda yer alıb.

Aprelin 1-dən Dom.rf maliyyə qurumu yeddi yaşına qədər uşağı olan ailələrə bu ipoteka kreditlərini təqdim edir.

"Siyasi manevr"

Moskva Ukraynanın Xerson, Zaporojye, Donetsk, Luqansk və Krım vilayətlərinin Rusiya Federasiyasının bir hissəsi olduğunu iddia edir, ancaq bu iddia beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə rədd edilib.

Rusiyalı iqtisadi şərhçi Nikolay Kulbaka AzadlıqRadiosuna deyib ki, ipoteka təşəbbüsünün məqsədi iqtisadi deyil, siyasi xarakter daşıyır: "Mən bu proqram çərçivəsində yüksək həcmdə alış gözləmirəm. Bu, ilk növbədə, bu əraziləri normal Rusiya həyatının bir hissəsi kimi nümayiş etdirməyə yönəlmiş bir siyasi manevrdir".

Beş dəfə ucuz

Rusiyanın "Novaya qazeta" qəzetinin yazdığına görə, hökumətin bu ipoteka proqramı 6 faizlə kreditlər təklif edir ki, bu da Rusiyada hazırkı orta bazar göstəricisindən təxminən beş dəfə ucuzdur.

Proqram çərçivəsində nə qədər Rusiya vətəndaşının ipoteka üçün müraciət etdiyi və ya Ukraynada əmlak alması barədə rəsmi məlumat yoxdur. Martın 20-də Rusiyanın RBK nəşri şərh üçün Dom.rf ilə əlaqə saxlasa da, heç bir cavab almayıb.

Dom.rf Kiyevin nəzarətində olan şəhərlərdə alınan mənzillərin Rusiya vətəndaşlarına necə paylanacağı barədə məlumat vermir.

2014-cü ildən bəri işğal altında olan Ukrayna şəhərlərinə köçən Rusiya vətəndaşlarının ümumi sayı da dəqiq məlum deyil. Lakin Ukrayna prezidentinin Krım Muxtar Respublikası üzrə nümayəndəliyinin məlumatına görə, 11 ildən artıqdır Moskva tərəfindən qeyri-qanuni ilhaq edilən Krımda təxminən 1 milyon rusiyalı məskunlaşıb.

Yazı ukraynalı jurnalist Qriqoriy Pırlik tərəfindən hazırlanıb.